Məhkəmə qərarları › İş №2(036)-2610/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2610/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2610/2020 30.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əlizadə Qənimət Tərlan oğlunun katibliyi, İddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor BOKT “xxxx” MMC borclu Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-5859/2017 saylı, 07 dekabr 2017-ci il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh 700 (yeddi yüz) AZN məbləğində əsas kredit borcunun, 182.38 (yüz səksən iki, otuz səkkiz) AZN məbləğində faiz borcunun, 100 (yüz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 982.38 (doqquz yüz səksən iki, otuz səkkiz) AZN məbləğində kredit borcunun və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunun tutularaq, kreditor BOKT “xxxx” MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Borclu Cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)-5897/2017 saylı, 07 dekabr 2017-ci il tarixli məhkəmə əmrinə etiraz edərək, məhkəmə əmrinin ləğv edilməsini və mülki işin iddia icraatına keçirilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-5897/2017 saylı, 13 avqust 2020-ci il tarixli qərardadı ilə 2(036)-5897/2017 saylı, 07 dekabr 2017-ci il tarixli məhkəmə əmri ləğv edilərək, mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, “xxxx” Kredit İttifaqı MMC ilə Cavabdeh arasında bağlanmış 398/345 saylı, 30 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 36 (otuz altı) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu cəmiyyətin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Eyni zamanda bildirir ki, iddiaçı BOKT “xxxx” MMC ilə “xxxx” Kredit İttifaqı MMC arasında 36 saylı, 04 oktyabr 2017-ci il tarixli “Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi barədə” müqavilə bağlanmış, “xxxx” Kredit İttifaqı MMC-nin bütün hüquq və tələbləri iddiaçı BOKT “xxxx” MMC-yə güzəşt edilmiş və bu barədə Cavabdeh bildiriş göndərilmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 700 (yeddi yüz) AZN məbləğində əsas kredit borcu, 182.38 (yüz səksən iki, otuz səkkiz) AZN məbləğində faiz borcu, 100 (yüz) AZN məbləğində cərimə borcu və ümumilikdə 982.38 (doqquz yüz səksən iki, otuz səkkiz) AZN məbləğində kredit borcu mövcuddur. Eyni zamanda hesab edir ki, iddiaçı BOKT “xxxx” MMC tərəfindən Cavabdeh qarşı irəli sürülmüş “kredit borcunun ödənilməsi” tələbinə dair iddia müddətinin başlanğıcı “xxxx” Kredit İttifaqı MMC ilə BOKT “xxxx” MMC arasında “Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi barədə” müqavilənin bağlanma tarixindən, yəni 04 oktyabr 2017-ci il tarixdən hesablanmalıdır. Bütün bunları nəzərə alaraq, Cavabdeh 700 (yeddi yüz) AZN məbləğində əsas kredit borcunun, 182.38 (yüz səksən iki, otuz səkkiz) AZN məbləğində faiz borcunun, 100 (yüz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 982.38 (doqquz yüz səksən iki, otuz səkkiz) AZN məbləğində kredit borcunun və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı BOKT “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, “xxxx” Kredit İttifaqı MMC ilə bağlanmış 398/345 saylı, 30 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən ona illik 36 (otuz altı) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin şərtlərinə əsasən hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu cəmiyyətin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. O, kredit müqaviləsi üzrə məhz “xxxx” Kredit İttifaqı MMC qarşısında olan öhdəliyini tam icra etmiş və cəmiyyətə olan kredit borcunu tam şəkildə ödəmişdir. Onun hal-hazırda iddiaçı BOKT “xxxx” MMC-yə ödənilməmiş kredit borcu yoxdur. Hesab edir ki, iddiaçı BOKT “xxxx” MMC-nin ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Belə ki, iddiaçı BOKT “xxxx” MMC ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Onu da qeyd edir ki, əgər, o, kredit borcunu vaxtında ödəməmişdirsə, niyə “xxxx” Kredit İttifaqı MMC vaxtında ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia irəli sürməmişdir...? Bundan başqa, iddiaçı BOKT “xxxx” MMC 13 iyul 2014-cü il tarixdən etibarən 3 (üç) il müddət ərzində deyil, bu müddət başa çatdıqdan sonra 22 noyabr 2017-ci il tarixdə ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia irəli sürmüşdür. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən iddiaçı BOKT “xxxx” MMCnin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiasının iddia müddəti ötürüldüyü üçün rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan “xxxx” Kredit İttifaqı MMC ilə Cavabdeh arasında bağlanmış 398/345 saylı, 30 iyul 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh illik 36 (otuz altı( % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 30 iyul 2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, “xxxx” Kredit İttifaqı MMC ilə Cavabdeh arasında bağlanmış 398/345 saylı, 30 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh nağd pul şəklində 2000 (iki min) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 398/345 saylı, 30 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2000 (iki min) AZN məbləğində kredit borcunu illik 36 (otuz otuz) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materillarında olan “xxxx” Kredit İttifaqı MMC ilə BOKT “xxxx” MMC arasında bağlanmış 36 saylı, 04 oktyabr 2017-ci il tarixli “Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi barədə” müqavilədən görünür ki, “xxxx” Kredit İttifaqı MMC ilə Cavabdeh arasında bağlanmış 398/345 saylı, 30 iyul 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn tələbetmə hüququ BOKT “xxxx” MMC-yə ötürülmüşdür. İş materiallarında olan 1269 saylı, 13 oktyabr 2017-ci il tarixli “Tələbetmə hüquqlarının ötürülməsi barədə” bildirişdən görünür ki, “xxxx” Kredit İttifaqı MMC ilə Cavabdeh arasında bağlanmış 398/345 saylı, 30 iyul 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn tələbetmə hüququnun BOKT “xxxx” MMC-yə ötürülməsi haqqında cəmiyyət tərəfindən Cavabdeh məlumat verilmişdir. İş materiallarında olan 1270 saylı, 13 oktyabr 2017-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh iddiaçı BOKT “xxxx” MMC-yə olan kredit borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı BOKT “xxxx” MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə 22 noyabr 2017-ci il tarixdə müraciət etmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, “xxxx” Kredit İttifaqı MMC ilə Cavabdeh arasında bağlanmış 398/345 saylı, 30 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 36 (otuz altı( % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit verilmiş, Cavabdeh hər ay vaxtıvaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu cəmiyyətin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, “xxxx” Kredit İttifaqı MMC ilə BOKT “xxxx” MMC arasında bağlanmış 36 saylı, 04 oktyabr 2017-ci il tarixli “Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi barədə” müqaviləyə əsasən “xxxx” Kredit İttifaqı MMC ilə Cavabdeh arasında bağlanmış 398/345 saylı, 30 iyul 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn tələbetmə hüququ BOKT “xxxx” MMC-yə ötürülmüş və bu barədə cəmiyyət tərəfindən Cavabdeh məlumat verilmişdir. Bundan başqa, Cavabdeh iddiaçı BOKT “xxxx” MMC-yə olan kredit borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Bundan başqa, iddiaçı BOKT “xxxx” MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müqavilə öhdəlikləri üzrə iddia müddəti bitdikdən sonra 22 noyabr 2017-ci il tarixdə müraciət etmiş və cavabdeh tərəf (mübahisə tərəfi) məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması kimi hall mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “borc” müqaviləsi təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçı BOKT “xxxx” MMC müqavilədən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər lazımınca icra edilmədiyi üçün iddiaçı BOKT “xxxx” MMC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair subyektiv hüququ pozulmuşdur. Lakin iddiaçı BOKT “xxxx” MMC müqavilə öhdəlikləri üzrə iddia müddəti bitdikdən sonra Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbini irəli sürmüşdür. Belə olduğu təqdirdə, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə iddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası iddia müddəti ötürüldüyü üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Həmin Qərarda qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları)... Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Qərarda qeyd edilmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009cu il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Deryus Litvaya qarşı” iş üzrə 31 iyul 2000-ci il tarixli və “Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı” işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında qeyd edilmişdir ki, bu məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Bundan başqa, işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklər üzrə iddia müddətinin axımının kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin bitdikdə başlanması Azərbaycan Respublikasının mülki qanunvericiliyində “imperativ norma” ilə tənzimləndiyi üçün iddiaçı tərəfin iddia müddətinin axımının icra müddətinin bitdiyi tarixdən, yəni 30 iyul 2014-cü il tarixdən deyil, məhz “xxxx” Kredit İttifaqı MMC ilə BOKT “xxxx” MMC arasında “Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi barədə” müqavilənin bağlanma tarixindən, yəni 04 oktyabr 2017-ci il tarixdən hesablanmasına istinad etməsinin heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən “zamanla məhdudlaşdırılmasından” ibarətdir. Belə ki, aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna “istənilən zaman daxilində” deyil, “məhdud zaman daxilində”, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud iddia tələbini irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı BOKT “xxxx” MMC müqavilədən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər lazımınca icra edilmədiyinə görə iddiaçı BOKT “xxxx” MMC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair subyektiv hüququ pozulduğu; 3. İddiaçı BOKT “xxxx” MMC müqavilə öhdəlikləri üzrə iddia müddəti bitdikdən sonra Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbini irəli sürdüyü; 4. Cavabdeh tərəf məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqi barədə məhkəməyə yazılı ərizə təqdim etdiyi üçün iddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası iddia müddəti ötürüldüyünə görə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı BOKT “xxxx” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar