Məhkəmə qərarları › İş №2(036)-2632/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2632/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2632/2021 25.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin ondan aldığı borc pulun geri qaytarılması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 3100 (üç min yüz) manat məbləğində pulun və məhkəmə xərclərinin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tanışı, İmişli rayonunun Ölcələr kənd sakini Cavabdeh 14 may 2020-ci il tarixində ona 3500 manat məbləğində pul lazım olduğunu və ondan borc verməsini xahiş etmişdir. O, münasibətinin olduğu üçün cavabdehlə razılaşmış və 14 may 2020-ci il tarixli müqavilə əsasında ona 3500 manat borc vermişdir. Müqavilə 14 may 2020-ci il tarixdə X1 Xidmət mərkəzində notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh müqavilə üzrə borcunu 14 oktyabr 2021-ci il tarixə qədər ona qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh ötən müddət ərzində ona cəmi 400 manat pul qaytarmışdır. Hazırda onun 3100 manat borcu qalmışdır. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Hətta son vaxtlarda ona borcu ödəməyəcəyini bildirmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçıya 3100 manat borcu vardır. Odur ki, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 3100 manat məbləğində borc pulun və 52 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3100 manat məbləğində pul və 52 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3152 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3100 manat məbləğində pul və 52 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3152 (üç min yüz əlli iki) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar