Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2676/2025 12.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki mübahisə (açar sözlər: pul tələbi) Hakim Ağayeva Gülsaba Xeyrulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. İmişli RPŞ-nin İB-nin müstəntiqinin 01 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, iddiaçı etibarnamə əsasında idarə etdiyi "Mersedes Benz E250” markalı **-MB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili şifahi razılaşma əsasında 5000 manata cavabdehə satmışdır. Cavabdeh ilkin olaraq 200 manat ödəniş etmiş, yerdə qalan məbləği isə 500 olmaqla hər ay iddiaçıya ödəməklə bağlı razılığa gəlmişlər. Rövşən cəmi 4 ay hər ay 500 manat ödəniş etmişdir. Rövşəndən pulu istədikdə Rövşən müxtəlif bəhanələrlə pulu verəcəyini bildirmişdir. Hazırda Rövşənin ona ümumilikdə 2803 manat borcu olduğunu bildirmişdir.
2. Həmin qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, o “Mersedes” markalı avtomobilin ona satılması ilə bağlı razılaşmışlar ki, Qədirə 200 manat ilkin ödəniş edəcək və yerdə qalan pulu hər ay 500 manat olmaqla ödəyəcək. Lakin avtomobilin əlavə xərcləri olduğu üçün qabaqcadan razılaşmalarına əsasən nə xərc olsa Qədir tərəfindən ödəniləcəyini bildirmişdir. Bundan sonra o avtomobili Qədridən alıb ustanın yanına aparmışdır. Bundan sonra razılaşmaya uyğun hər ay 500 manat Qədirə vermişdir. Lakin avtomobilin motorunda problem olduğu üçün o Qədirə zəng vurub həmin problemi aradan qaldırmaq üçün 1000 manata pul lazım olduğunu və buna görə də Qədirə həmin pulu özündən vermək şərti ilə həmin aylarda yəni iki ay 500 manat pul verməyəcəyini bildirmişdir.
3. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 01 mart 2025-ci il tarixli qərar qəbul olunduqdan sonra cavabdeh borc olaraq qalan 2800 manat pulun 1800 manat hissəsini ödəmiş, qalanını isə ödəməmişdir.
4. İddiaçı bildirir ki, cavabdehin hazırda 1000 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) İddiaçının tələbi.
4. İddiaçı cavabdehə qarşı 1000 manat pulun və 100 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, etibarnamə ilə idarə etdiyi, lakin özünə məxsus olan Mercedc BENZ E- 250 markalı minik avtomaşınını satmaq istəmiş, bununla bağlı taksi kimi fəaliyyət göstərən cavabdehlə Bakı şəhərinə gedərkən yolda maşınını satmaq istədiyini ona bildirmişdir. Rövşən də maşı almaq istədiyini bildirdi. Bakı şəhərindən qayıtdıqdan sonra cavabdeh gəlib maşına baxdı və o maşını 5000 manata satmaq istədiyini bildirdi. Rövşən onunla razılaşdı ki, Rövşən ona ilkin 200 manat ödəniş edir, yerdə qalan pulu hər ay 500 manat hissə-hissə ödəyəcəkdir. Maşını Rövşənə verdi. Rövşən avtomaşının pullarını ödəsə də, sonradan ona bildirdi ki, 1000 manat pulu verməyəcək. Dəfələrlə tələb etsə də, Rövşən ona borclu olduğu 1000 manat pulu ödəməkdən imtina etdi və o 1000 manatdan əlavə 400 manat da ziyana düşdüm. Məcbur qalıb İmişli rayon Polis Şöbəsinə müraciət etdi. İmişli Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi A.Xəlilzadənin 01 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında ona məhkəməyə vermək hüququ izah olundu. Göstərilənləri nəzərə alaraq 1000 manat məbləğində pulun və ödədiyi dövlət rüsumu 100 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) iddiaya etiraz Cavabdehdən iddia tələbinə hər hansı şifahi və yazılı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdehin bildirdikləri həqiqəti əks etdirmir, onun təmir üçün 1000 manat xərci çıxmamışdır. Əslində belə bir razılıq olmuşdu ki, maşının təmirə ehtiyacı olsa iddiaçı həmin xərcləri ödəyəcəkdir. Cavabdeh ona təmirə ehtiyac olduğunu bildirdikdə, o da bildirmişdir ki, həll edəcək. Lakin məlum olmuşdur ki, həmin zaman avtomobil artıq satılmışdır. O polisə müraciət edən zaman avtomobil artıq satılmışdı. Cavabdeh ümumiyyətlə maşın təmir etdirməmişdir, maşını ondan alan şəxs özü təmir etmişdir. O maşını ondan 5000 manata alıb, 7800 manata satmışdır. Onun da pulunu vermir. Bunları ona maşının yeni sahibi bildirmişdir.
7. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
9. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
Tətbiq edilən hüquq:
10. Mülki Məcəllə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmə baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, iddiaçı və cavabdeh 2024-cü ilin iyun ayında iddiaçının etibarnamə əsasında idarə etdiyi "Mersedes Benz E250” markalı **- MB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili cavabdehə satılması ilə bağlı razılığa gəlmişlər. Cavabdeh həmin pul məbləğindən müəyyən hissə ödənişlər etsə də, iddiaçıya ödənilməmiş borcu qalmışdır.
14. Cavabdeh X1 cinayət işi başlanmasının rədd edilməsi haqqında 01 mart 2025-ci il tarixli qərarda olan izahatından görünür ki, o avtomobildə nasazlıq olması səbəbindən 1000 manat pulu iddiaçıya ödəməyəcəyini bildirmişdir.
15. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı hər hansı dəlil bildirməmiş, bildirdiyi həmin dəlillə bağlı da məhkəməyə iddianı təkzib edəcək hər hansı sübut təqdim etməmişdir.
16. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir.
17. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
18. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
19. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
20. Baxılan iş üzrə iddiaçı cavabdehdən şifahi nisyə-satqı müqaviləsi üzrə yaranmış 1000 manat borcun qaytarılmasını tələb edir. İddiaçı sübut qismində işin mübahisəsiz halı kimi müəyyən olunmuş və İmişli RPŞ-nin İB-nin müstəntiqinin 01 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında əks olunmuş dəlillərə istinad edir. Cavabdeh həmin qərarda pulu ödəməyəcəyini avtomobildə olan nasazlıqla əlaqələndirsə də, məhkəmə iclaslarında bu dəlillə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
21. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi).
22. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. ...hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
23. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh istinad etdiyi dəlillərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddianı təkzib etmədiyindən məhkəmə təqdim olunmuş sübutlarla iddianı əsaslı hesab edir.
24. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, 30 manat dövlət rüsumu ödəsə də, 100 manat tələb edir, çünki yalnız 30 manat deyil, artıq xərcləri çıxmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının polisə müraciət edən zaman xərclərinin çıxması 100 manat məbləğində xərcin tutulması üçün əsas deyildir.
25. Belə ki, məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olubolmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
26. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan 30 manat dövlət rüsumundan ibarət məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmələri ilə bağlı xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli sifarişli poçt göndərişləri göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 9 manat təşkil edir. 9 manatdan ibarət həmin məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 1000 (min) manat, ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. 9 (doqquz) manatdan ibarət məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülsaba Ağayeva.