Məhkəmə qərarları › İş №2(036)-2703/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2703/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2703/2020 04.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, cavabdehlər Cavabdeh və Zamin2 iştirakları ilə, İddiaçı «xxxxxxxxxx» Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - «xxxxxxxxxx» QSC) cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxx» QSC iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada xx.xx.2015-ci il tarixli 028R********** saylı kredit razılaşması üzrə 1144.72 ABŞ dolları məbləğində kredit borcu, 1062.9 ABŞ dolları məbləğində faiz borcu və 540.4 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2748.02 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı «xxxxxxxxxx» QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı “xxxxxxxxxx” QSC ilə xx.xx.2013-cü il tarixdə bağladığı 28L000001324 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh xx.xx.2015-ci il tarixli 028R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 028R**********SB saylı, xx.xx.2016-cı il tarixli 028R**********SA saylı, xx.xx.2017-ci il tarixli 028R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamış, kredit razılaşması üzrə borcundan cəmi 6855.28 ABŞ dolları ödəmiş, onun bank qarşısında 1144.72 ABŞ dolları məbləğində əsas kredit borcu, xx.xx.2020-ci il tarixə 1062.9 ABŞ dolları faiz borcu və 540.4 ABŞ dolları cərimə borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Zamin1 və Zamin2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdehlərə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi X1 teleqramma ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qismən qəbul edərək, kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləğinin silinməsini məhkəmədən xahiş etdi. Cavabdeh Zamin2 məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək izahatında göstərdiki bankdan krediti Cavabdeh götürmüş, o da ona zamin durmuşdur. Ona görə də kredit borcunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Zamin1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alıb, cavabdehləri dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan: xx.xx.2013-cü il tarixli,28L000001324 saylı kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli,028R********** saylı kredit razılaşmasından görünür ki, həmin razılaşmaəsasında iddiaçı “xxxxxxxxxx” QSC tərəfindən Cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı “xxxxxxxxxx” QSC-yə olan əsas borcu 1144.72 ABŞ dolları, faiz borcu 1062.9 ABŞ dolları, cərimə borcu 540.4 ABŞ dolları, cəmi borcu 2748.02 ABŞ dolları təşkil edir. xx.xx.2013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələrə əsasən cavabdehlər Zamin1 və Zamin2 xx.xx.2013-cu il tarixli,28L000001324 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərilərinə götürmüşlər. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər üzərilərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmişlər, onların iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 540.4 ABŞ dolları məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 1144.72 ABŞ dolları məbləğində əsas borc, 1062.9 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 2257.62 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumu tutularaq “xxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2müştərək qaydada 1144.72 ABŞ dolları məbləğində əsas borc, 1062.9 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 2257.62 (iki min iki yüz əlli yeddi dollar, altmış iki sent) ABŞ dollarıməbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manat ilə hesablanaraq tutulub “xxxxxxxxxx” QSC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada alınıb iddiaçı “xxxxxxxxxx” QSC-nin xeyrinə ödənilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar