Məhkəmə qərarları › İş №2(036)-2734/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2734/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2734/2025 06.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki mübahisə (açar sözlər: pul tələbi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. İddiaçı ona məxsus olan ekskovatoru cavabdehlə olan şifahi razılaşmaya əsasən 2 ay müddətinə hər ay 4500 manat iddiaçıya ödənilmək şərtilə cavabdehə vermişdir. İddiaçıya cəmi 4500 manat pul ödənilmişdir.

İddiaçının tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) İddiaçının tələbi.

4. İddiaçı cavabdehə qarşı 4180 manat pulun və 62 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-ci ilin oktyabr ayında özünə məxsus olan kənd təsərrüfatı üçün yararlı ekskovatoru şifahi razılaşmaya əsasən 2 ay müddətinə, aylıq 4500 (dörd min beş yüz) manata Cavabdeh icarəyə vermişdir. Ekskovator Yevlax rayonunda saxlanılmışdı, cavabdeh tərəfindən işlədilməsi üçün Zərdab rayonuna aparıldı. Dekabrın 28-i texnika qaytarıldı. Texnikanın iki aylıq icarə haqqı 9000 (doqquz min) manat olduğu halda, cavabdeh tərəfindən iki dəfəyə olmaqla ona cəmi 4500 (dörd min beş yüz) manat pul ödənildi. Qalan pul cavabdeh tərəfindən bu günə qədər ödənilməyib və cavabdeh ödəməkdən qərəzli şəkildə yayınır. Hal-hazırda cavabdehin 4180 (dörd min yüz səkksən) manat borcu qalıb. Bütün bu yazdıqlarını cavabdehə məxsus ***-***-**-** nömrəli telefon nömrəsi ilə yazdığı və iddia ərizəsinə əlavə etdiyim mesajlar təsdiq edir. b) iddiaya etiraz Cavabdeh iddia tələbinə şifahi etiraz edərək təmin olunmamasını xahiş etmişdir. c) məhkəmə icraat iştiakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, o ağır texnikanın verilməsi ilə bağlı yalnız cavabdehlə danışıqlar aparmışdır. Cavabdeh onu əmin etmişdir ki, öz işini aparmaq, idarə etmək üçün ona texnika lazımdır. Cavabdehin vasitəçilik etdiyini, texnikanı sonradan kiməsə verəcəyini bilsəydi, ona verməzdi. Bəhruzdan başqa o heç kimi tanımamışdır. Aparılan yazışmalar da yalnız cavabdehlə olmuşdur. Cavabdehə bu barədə dəfələrlə müraciət edəndə, cavabdeh bildirmişdir ki, yaxın zamanda qaytaracaq, Şirkət, Anar müəllim pulu gecikdirir, ona görə o da ödəyə bilmir. Bütün bu halları dəqiqləşdirmək üçün iddiaçı cavabdehin istinad etdiyi şəxslə danışmış, həmin Anar adlı şəxs isə bildirmişdir ki, Cavabdeh ilə aralarında pul söhbəti vardır və hər iki tərəfin bir-birinə borcu vardır.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçıya borcu yoxdur. Belə ki, iddiaçı ilə razılaşmaları o aparmış, texnikanın alınmasını o razılaşdırmışdır. Lakin ödəməni onun ekskovatoru təhvil verdiyi şirkət ödəməli idi. O, iddiaçıya verdiyi pulları da öz vəsaitindən vermişdir. Yəni iddiaçıya 4180 manat məbləğində pul ödənilməlidir, lakin pulu o deyil, onun ekskovatoru işlətmək üçün təhvil verdiyi şirkət ödəməlidir. Həmin şirkətin cavabdehin özünə də borcu vardır. Lakin hələ ödəməmişdir. Bu səbəbdən cavabdeh də pulu ödəyə bilmir.

Tətbiq edilən hüquq:

8. Mülki Məcəllə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

9. Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli qərardadı Həmin Məcəllənin 700.1-ci maddəsinə uyğun olaraq, icarə müqaviləsi də əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd edilməlidir ki, Mülki Məcəllənin müqavilələrin forması ilə bağlı tənzimetmə qaydalarını müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir.

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh aylıq 4500 manat olmaqla 2 aylıq ekskovatorun cavabdehə verilməsi barədə razılığa gəlmişlər. Texnika oktyabr ayında cavabdehə verilmiş və 28 dekabrda iddiaçıya qaytarılmışdır. İddiaçıya 4500 manat pul ödənilmişdir. Bu iddiaçı və cavabdehin izahatları ilə, iş materialında olan yazışmalarla və Whatsapp vasitəsilə olan səs yazışmaları ilə təsdiqini tapır.

13. Cavabdehin müvafiq razılaşmanın olması, pulun tam ödənilməməsi, borcun 4180 manat təşkil etməsi ilə bağlı etirazı olmamış, yalnız ona istinad etmişdir ki, həmin pulu o deyil, ekskovatoru verdiyi şirkət ödəməlidir, Şirkət ona indiyədək texnika üçün heç bir məbləğ ödəməmişdir. O iddiaçıya verdiyi pulları belə özü şəxsən ödəmişdir. Cavabdehə ödəmələr edildikdən sonra o da iddiaçının pulunu qaytara bilər.

14. Məhkəmə cavabdehin hazırki dəlillərini əsassız hesab edir. İşdə olan Whatsapp yazışmaları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək çoxsaylı yazışmalar, zənglər, səsli mesajlar olmuşdur. Cavabdeh həmin yazışmaların məhz onunla iddiaçı arasında olmasını qəbul etmişdir. Cavabdeh yazışmalarda “pul gözləyirəm, alıb verəcəm, iş açılsın verəcəm, hələ pul yoxdur” kimi ifadələrlə pulun ödənişini ləngitdikdən sonra, xx.xx.2025-ci il tarixdə tərəflər arasında aşağıdakı məzmunda yazışma olmuşdur. Cavabdeh: “Salam. Necəsiz? Siz Anar müəllimə zəng vurmusuz?” İddiaçı: “Bəli. Nəsə problem var?” Cavabdeh: ”Siz Anar müəllimlə iş görmüsünüz ki, ona zəng vurmusuz?”. İddiaçı: “Xeyr, sadəcə vəsaitin ödənilməsi barədə soruşmuşam. Burda nə var ki?” Cavabdeh: Əlbəttə ki, problem var. Siz işi mənlə danışmısınız.” İddiaçı: ”Bəli, sizlə danışmışam. Siz vəsaitin vaxtlı-vaxtında ödənilməsini söz vermişdiniz. Lakin ödəməni gecikdirirsiz. Məndə də lazımsız şübhələr yaranırdı, ona görə öyrəndim. Zəng edib soruşmuşam. Bunu böyütmək nəyə lazımdır ki?” Cavabdeh: “Siz məni ayaqlayıb, üstümdən keçib kiməsə zəng edirsiniz, sonra deyirsiniz ki, burda nə var ki.”

15. Beləliklə, yazışmalardan cavabdehin özünün dediyi kimi, razılaşmanın məhz onunla aparıldığı, ödəmənin də nəticə etibarilə onun tərəfindən edilməli olduğu müəyyən olunur.

16. İddiaçı tərəfindən təqdim olunmuş səs yazıları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə pulun ödənilməməsi səbəbindən narazılığını bildirir, kreditin götürülübgötürülməməsinin ona heç bir aidiyyətinin olmamasını, onun borcunun qaytarılmalı olduğunu, cavabdeh isə cavabında ona pulun ödənilmədiyini, kredit götürüb pulu ödəyəcəyini bildirir.

17. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının cavabdehə texnika verməsi və pulun ona qaytarılmaması faktı araşdırılmış sübutlarla-tərəflərin izahatları, yazışmalar və səs yazıları ilə təsdiqini tapmışdır.

18. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

19. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan 62 manat dövlət rüsumundan ibarət məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmələri ilə bağlı xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli sifarişli poçt göndərişləri göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 5.4 manat təşkil edir. 5.4 manatdan ibarət həmin məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 4180 (dörd min yüz səksən) manat, ödənilmiş 62 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. 5.4 (5 manat 40 qəpik) manatdan ibarət məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar