Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2741/2022 17.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi ilə, iddiaçı Məmmədov Cavid Məmmədhəsən oğlunun iştirakı ilə, İddiaçı Məmmədov Cavid Məmmədhəsən oğlunun cavabdeh Mehtiyev Adəm Bakir oğluna qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədov Cavid Məmmədhəsən oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Mehtiyev Adəm Bakir oğlundan 2100 (iki min yüz) manat məbləğində pulun və 52 (əlli iki) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məmmədov Cavid Məmmədhəsən oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh “Barato mebel” şirkətinin işçisi Mehtiyev Adəm Bakir oğlu ilə razılığa gələrək ondan mətbəxt, divan, qarderob və dəhliz mebeli sifariş vermişdir. Qarderob və dəhliz mebeli düzəlib tamamlanmışdır. Lakin cavabdeh Mehtiyev Adəm Bakir oğlu dəfələrlə onu aldatdığına görə divan və mətbəxt mebelindən imtina etmişdir. Mətbəxt mebeli yarımçıq qaldığı üçün mebelin qapılarını “Doortek” şirkətindən almış və “Həsənoğlu” şirkətinin ustaları ilə tamamlamışdır. “Barato mebel” şirkətinin işçisi məsuliyyətsizliyi nəticəsində o, səkkiz aydır ki, şəxsi evinə köçə bilmir. Cavabdeh Mehtiyev Adəm Bakir oğlu ona imtina olunan divana görə 1600 manat və mətbəxt mebelinin qapılarına görə 500 manat geri qaytarmalıdır. O, dəfələrlə müraciət etdikdən sonra cavabdeh Mehtiyev Adəm Bakir oğlu 2100 manat pulu 07.03.2022-ci il tarixində geri qaytaracağını yazaraq öz imzası ilə təsdiq etmişdir. Lakin hazırkı tarixədək cavabdeh ona heç bir ödəniş etməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Mehtiyev Adəm Bakir oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdeh Mehtiyev Adəm Bakir oğlu 2100 manat məbləğində pulu 07.03.2022-ci il tarixdə iddiaçı Məmmədov Cavid Məmmədhəsən oğluna qaytaracağına dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Mehtiyev Adəm Bakir oğlundan 2100 (iki min yüz) manat məbləğində pul və 52 (əlli iki) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Məmmədov Cavid Məmmədhəsən oğluna verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mehtiyev Adəm Bakir oğlundan 2100 (iki min yüz) manat məbləğində pul və 52 (əlli iki) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı Məmmədov Cavid Məmmədhəsən oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2741/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2741/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver