Məhkəmə qərarları › İş №2(036)-2763/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2763/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2763/2025 17.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məməmmədəli oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 Məməmmədəli oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Məməmmədəli oğlundan və Cavabdeh2 müştərək qaydada 11000 (on bir min) manat pulun və ödənilmiş 126 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ona özünün vəzifəli şəxslərlə yaxın əlaqəsi olması barədə yalan məlumat verib inandıraraq övladı X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla ondan 25 dekabr 2021-ci il tarixdə Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yerləşən “Fədək" ailəvi istirahət mərkəzində 11000 manat pulu almışdır. Bundan əlavə olaraq 2022- ci ilin yanvar ayının əvvəllərində ünvan 1 ünvanda yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında bacısı X3 vasitəsilə Cavabdeh1 600 manat pul göndərib. Bir neçə gün sonra yenə ünvan 2 ünvanda yerləşən “Araz" Supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə Sahibə məxsus “Kapital Bank" ASC-yə aid **********550325 nömrəli kart hesabına 400 manat pul göndərmişdir. 12000 manat pul vəsaitini Cavabdeh1 ondan qanunsuz olaraq mənimsəmişdir. Cavabdeh1 bu qanunsuz hərəkəti ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və onun barəsində cinayət işi başlanmış, daha sonra barəsində məhkəmənin müvafiq ittihamedici hökmü verilmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-69/2024 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmündən bir neçə gün sonra digər Cavabdeh2 onun evinə gələrək 1000 manat pul verərək, qalan pulu da yaxın zamanlarda qaytaracağına söz verməsinə dair ona qəbz vermişdir. Seymur həmin qəbzi ona verməklə Cavabdeh1 barəsində ona qarşı heç bir tələb və şikayətinin olmaması və guya onun tərəfindən ona dəymiş maddi ziyanın tam ödənilməsinə dair məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizənin verilməsinə inandıraraq nail olmuşdur. Seymur həmin qəbzi verməklə Sahib tərəfindən ona vurulmuş maddi ziyanın özü tərəfindən ödənilməsinə dair üzərinə öhdəlik götürmüşdür. O da Seymurun həmin sözlərinə və qəbzlə üzərinə öhdəlik götürdüyünə inanaraq məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək ona vurulmuş maddi ziyanın tam ödənildiyini, məhkum olunmuş şəxslə barışdığını bildirmişdir. Bunun da nəticəsində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-518/2024 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslər X8 və X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinin baxılmasına xitam verilməsi, məhkum edilmiş şəxs Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsi, Cavabdeh1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsi, Cavabdeh1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi qərara alınmışdır. Əslində ona dəymiş maddi ziyan bu günədək ödənilməmişdir. Son günlərədək Sahib və Seymur onu hər gün aldadaraq pulu yaxın günlərdə qaytaracaqlarına inandırmışlar. Cavabdehlər son günlər artıq telefon zənglərinə də cavab vermirlər. Ona görə də, o, məcbur olub Bakı Apellyasiya Məhkəməsinin 1(103)-518/2024 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Şikayətin verilməsi müddətini ötürdüyündən Bakı Apellyasiya Məhkəməsi onun şikayətini geri qaytarmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı, həmdə 2-ci qrup əlil olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, Sahibə ümumilikdə 12000 manat pul vermişdirlər, həmin pulun 7000 manatı qaytarılmış, hazırda 5000 manat borc ödənilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, Sahib onlara pulu qaytaracağını söz verərək, onları aldatmışdır. İddiaçı Seymura etibar etdiyi üçün cinayət işində pulun ödənilməsi barədə ərizə vermişdir. Faktiki olaraq hazırda Sahibin 5000 borcu qalıb. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 1(007)-69/2024 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 12 sentyabr 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək 1 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cavabdeh1 təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcın 14 sentyabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqlarının izah edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-518/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 AR CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü ləğv edilmiş və Cavabdeh1 təqsirləndirildiyi AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş və Cavabdeh1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 1(007)- 69/2024 nömrəli hökmü ilə müəyyən edilir ki, Cavabdeh1 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda İddiaçı özünün vəzifəli şəxslərlə yaxın əlaqəsi olması barədə yalan məlumat verib inandıraraq İddiaçı övladı X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla İddiaçı 25 dekabr 2021-ci il tarixdə Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yerləşən “Fədək” ailəvi istirahət mərkəzində 11000 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında İddiaçı bacısı X1 vasitəsilə göndərdiyi 600 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində İddiaçı ünvan 4 ünvanda yerləşən “Araz” Supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus "xxxx" ASC-yə aid 4169 7413 3155 0325 nömrəli kart hesabına göndərdiyi və ünvan 5 ünvanda yerləşən metronun “Qara Qarayev” stansiyasının yaxınlığında quraşdırılmış bankomatlardan birindən çıxartdığı 400 manat, ümumilikdə isə İddiaçı məxsus 12000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 3 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 1(007)-69/2024 nömrəli hökmündən apellyasiya şikayətləri verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-518/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh1 AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü ləğv edilmiş və Cavabdeh1 təqsirləndirildiyi AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş və Cavabdeh1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. Qərarda qeyd olunur ki, zərərçəkmiş şəxs İddiaçı notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək ona vurulmuş maddi ziyanın tam ödənildiyini, məhkum olunmuş şəxslə barışdığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh1 12000 manat pulun verilməsi işin mübahisəsiz halıdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 1(103)- 518/2024 saylı iş üzrə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək ona vurulmuş maddi ziyanın tam ödənildiyini bildirmişdir. Hazırkı ərizədə isə bildirir ki, pul əslində ona ödənilməmiş, Cavabdeh2 onu inandıraraq pulu ödəyəcəyi vədinə aldanmış, bu səbəbdən ziyanın ödənilməsi ilə bağlı məhkəməyə ərizə vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin ərizəni verərkən iradə ifadəsini bildirmişdir. Yəni ərizəni verib-verməmək məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Şəxsin verdiyi yazılı ərizə onun daxili iradəsinin hüquqi nəticə doğuran xarici ifadəsi hesab olunur. İddiaçının iradəsinin formalaşmasına təsir edən hər hansı məcburiyyət, təzyiq və ya aldadılma halı müəyyən edilmədiyindən, bu iradənin sonradan dəyişdirilməsi hüquqi əhəmiyyət daşımır. Qeyd edilən notarial qaydada təsdiq olunmuş ərizə hüquqi qüvvəyə malik olmaqla, iddiaçının ona dəymiş maddi ziyanın tam ödənildiyini açıq və birmənalı şəkildə təsdiq edən sübut kimi qiymətləndirilir və bu hüquqi fakt sonradan iddiaçının subyektiv izahları ilə şübhə altına alına bilməz. İddia tələbinin pulun müştərək qaydada Cavabdeh2 tutulması hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, sonuncu ilə iddiaçı arasında pulla bağlı öhdəlik olmamış, iddiaçı pulu Cavabdeh2 deyil, Cavabdeh1 vermişdir. Bundan başqa, S.Cavabdeh2Rüstəmovun aldığı pulu qaytaracağına vəd verərək, iddiaçıya xx.xx.2024-cü il tarixli ərizəni versə də, nəzərə almaq lazımdır ki, həmin ərizə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı çıxarılmazdan əvvəl verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edərək, ərizəsini müdafiə etmiş, borcun ödənildiyini bildirmişdir. Cavabdeh2 ilə iddiaçı arasında müstəqil borc və ya öhdəlik münasibəti yaranmamış, iddiaçı tərəfindən pul Cavabdeh1 verilmişdir. Bundan başqa iddiaçı CD diskdə təqdim olunan səs yazıları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz». Qeyd olunan Konstitusiya Məhkəməsinin qərarında əsasən danışıqlar mübahisəli əqdin hər iki tərəfinin danışıqlarından söhbət gedir. Səs yazılarının bir qismində iddiaçı əqdin bir tərəfi olsa da, digər tərəf Dilarə olmuşdur. Bu halda isə əldə edilmiş səs yazısı (qanuna zidd əldə edilmiş olmaqla Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinin təsir dairəsinə düşür. Sahiblə bağlı səs yazılarının məzmunu isə pul vəsaitinin faktiki olaraq qaytarılmamasını təsdiq edən dəqiq və yoxlanıla bilən məlumatları ehtiva etmir. Şahid ifadələri ilə bağlı isə məhkəmə bildirir ki, iş üzrə dindirilmiş şəxslər iddiaçı ilə yaxın qohumdurlar. Şahidlərin iddiaçı ilə ailə və qohumluq əlaqələrinin mövcudluğu onların işin nəticəsində maraqlı olmalarını istisna etmir. Bu baxımdan, şahidlərin ifadələri iddia tələbinin əsaslılığını təsdiq edən yetərli və mötəbər sübut kimi çıxış edə bilməz və digər müstəqil, etibarlı sübutlarla təsdiq olunmadıqda hüquqi əhəmiyyət kəsb etmir. Məhkəmə qeyd edir ki, hazırda irəli sürülən iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. İddia cavabdehlər tərəfindən etiraf edilmədiyindən, iddiaçı pulun ona qaytarılmadığını iddia etdiyindən bu faktı sübuta yetirmək yükü iddiaçının üzərindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar