Məhkəmə qərarları › İş №2(036)-2827/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2827/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2827/2025 24.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 920 (doqquz yüz iyirmi) manat pulun və dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumunun, cəmi 950 (doqquz yüz əlli) manat pulun cavabdeh X1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə X2 məxsus qeyri-yaşayış binasını icarəyə götürərək maşın təmiri sexi kimi istifadə edir. Həm maşın ustası, həm də vergi ödəyicisidir. O, icarəyə götürdüyü obyektdə maşın təmiri ilə məşğul olur. İmişli rayonu, Nurulu kənd sakini Cavabdeh cari ilin iyun ayında onun yanına gələrək maşının təmirə ehtiyacı olduğunu bildirdi. O, xx.xx.2025-ci il tarixdə maşının təmiri üçün ehtiyat hissələrini sifariş vermişdir. Həmin ehtiyat hissələrinin qiyməti 95 manat olmaqla 6 ədəd nozle, qiyməti 95 manat olmaqla 6 ədəd valve, qiyməti 5 manat olmaqla 6 ədəd fiber və qiyməti 5 manat olmaqla 6 ədəd misketdən ibarət olub. Ehtiyat hissələri cəmi 1200 manat məbləğində olmuşdur. Cavabdehlə maşının təmiri üçün təmir haqqını 120 manata razılaşmışlar. Maşını təmir etdikdən sonra cavabdeh bildirib ki, yaxın müddətdə pulu verəcəkdir, lakin deyilən vaxtdan xeyli müddət keçsə də cavabdeh nə ehtiyat hissələrinin, nə də təmir haqqını verib. O, bununla bağlı İmişli RPŞ-ya müraciət etmişdir. Orada işləyən qohumu vasitəsilə cavabdeh borclu olduğu 400 manat pulu ona qaytarmışdır. Dəfələrlə pulunu istəməsinə baxmayaraq hazırki vaxtadək cavabdeh qalan 920 manat pulu qaytarmamışdır. Hətta ona bildirib ki, pulu verməyəcək. Hara istəsə şikayət edə bilər. O, məcbur qalıb aldığı ehtiyat hissələrinin pulunu övladının təhsil haqqından ödəmişdir. Hazırda məktəbin açılmasına az vaxt qalıb. O, maddi cəhətdən çətinlik çəkir. Övladının təhsil haqqını ödəyə bilmir. Cavabdeh də pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, 920 manat məbləğində borcunun ödənilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında, iddia tələbi qəbul etdiyini və iddianın təmin olunmasına etirazının olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2025-ci il tarixli hesab-fakturadan görünür ki, 1 ədədi 95 manat olmaqla 6 ədəd nozle, 1 ədədi 95 manat olmaqla 6 ədəd valve, 1 ədədi 5 manat olmaqla 6 ədəd fiber, 1 ədədi 5 manat olmaqla 6 ədəd misket, ümumi dəyəri 1200 manat olan ehtiyat hissələri İddiaçı tərəfindən “Signature Company MMC-dən alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh 920 (doqquz yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı ödənilməldir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 920 (doqquz yüz iyirmi) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar