Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-29/2022 02.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə 3738,78 manat əsas borc, 7,45 manat faiz borcu, 530,40 manat Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan borc və 909,79 manat cərimə borcu olmaqla, cəmi 5186,42 məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə 3738,78 manat əsas borc, 7,45 manat faiz borcu, 530,40 manat Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan borc və 909,79 manat cərimə borcu olmaqla, cəmi 5186,42 məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus İmişli şəhəri, M.Əzizbəyov küçəsində 0.015 ha torpaq sahəsində yerləşən qeyri yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi halda qalan vəsaitin Cavabdeh ümumi qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli, 174SF saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə İddiaçı ASC arasında 13 noyabr 2013-cü il tarixli, 431 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan İmişli şəhəri, M.Əzizbəyov küçəsində 0.015 ha torpaq sahəsində yerləşən qeyri yaşayış sahəsi ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 40000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, borcu tam olaraq ödəməmişdir. Cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıq edilib, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət edilmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin materiallarında olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli, 174SF saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik faiz dərəcəsi 6 % olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan 01 oktyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30 oktyabr 2013-cü il tarixli, 174SF saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan əsas borcu 3738,78 manat, faiz borcu 7,45 manat, cərimə borcu 909,79 manat, 530,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra cəmi 5186,42 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh 30 oktyabr 2013-cü il tarixli, 174SF saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. İşdə olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli, 431 saylı ipoteka müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan İmişli şəhəri, M.Əzizbəyov küçəsində 0.015 ha torpaq sahəsində yerləşən qeyri yaşayış sahəsi 30 oktyabr 2013-cü il tarixli, 174SF saylı kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 909,79 manat məbləğində dəbbə pulu tənasübsüz şəkildə yüksəkdir. Ona görə də məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə görə əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə təmin edilir. 39.1-ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 13 noyabr 2013-cü il tarixli, 431 saylı ipoteka müqaviləsinin 2.4-cü bəndindən görünür ki, ipoteka predmeti olan İmişli şəhəri, M.Əzizbəyov küçəsində 0.015 ha torpaq sahəsində yerləşən qeyri yaşayış sahəsinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 40000 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 oktyabr 2013-cü il tarixli, 174SF saylı kredit müqaviləsi üzrə 3738,78 manat əsas borc, 7,45 manat faiz borcu, 530,40 manat Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan borc, 30 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4336,63 manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh məxsus İmişli şəhəri, M.Əzizbəyov küçəsində 0.015 ha torpaq sahəsində yerləşən qeyri yaşayış sahəsinə yönəldilməli, ipoteka predmetinin açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməli, hərrac xərcləri çıxıldıqdan sonra qalan vəsait cavabdehin özünə qaytarılmalı və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi halda qalan vəsait Cavabdeh ümumi qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30 oktyabr 2013-cü il tarixli, 174SF saylı kredit müqaviləsi üzrə 3738,78 manat əsas borc, 7,45 manat faiz borcu, 530,40 manat Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan borc, 30 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4336,63 (dörd min üç yüz otuz altı manat, altmış üç qəpik) manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh məxsus İmişli şəhəri, M.Əzizbəyov küçəsində 0.015 ha torpaq sahəsində yerləşən qeyri yaşayış sahəsinə yönəldilsin və ipoteka predmeti ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən edilməklə açıq hərrac yolu ilə satılsın. Satışdan əldə olunan vəsait hesabına yuxarıda qeyd olunan borc məbləğləri ödənilsin, hərrac xərcləri çıxıldıqdan sonra qalan vəsait cavabdehin özünə qaytarılsın, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi halda isə qalan vəsait Cavabdeh ümumi qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-29/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-29/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver