Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3019/2023 27.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı inzibati xəta nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh inzibati xəta nəticəsində dəymiş 1643 manat maddi ziyan və ödənilmiş 40 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 məxsus VAZ-21074 markalı 30BG868 dövlət nömrə nişanlı avtomobil İddiaçı2 idarə etmək üçün etibarnamə ilə verilmişdir. İddiaçı2 xx.xx.2023-cü il tarixdə saat 20-10 radələrində İmisli rayonu, Qaradonlu avtomobil yolu ilə hərəkətdə olarkən yola inək çıxmış və avtomobil heyvana dəyərək əzilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, inək İmisli rayonu, Yuxarı Qaralar kənd sakini Cavabdeh məxsus olmuş, həmin şəxs heyvanı havanın qaranlıq vaxtı nəzarətsiz halda avtomobil yoluna buraxmış və nəticədə həmin qəza baş vermişdir. Cavabdehin diqqətsizliyi səbəbindən baş vermiş qəza nəticəsində avtomobilinə 1643 manat məbləğində maddi zərər vurulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası DİN-nin DAM-nın əməkdaşı hadisə yerinə gəlib protokol tərtib etmişdir. Tərtib olunmuş İXP ******* nömrəli protokolla müəyyən edilmişdir ki, iddiaçının hərəkətində yol hərəkatı qaydalarına uyğunsuzluq olmamışdır. Cavabdeh isə Yol hərəkəti haqqında qanunun tələblərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 338.5.5-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir.
3. İmişli RPŞ tərəfidən tərtib olunmuş İXP ******* nömrəli protokola əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
4. ƏN-VİN 729958 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surəti ilə müəyyən olunur ki, VAZ-21074 markalı 30BG868 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı1 olmaqla, etibarnamə üzrə İddiaçı2 10 il müddətinə idarə etmək üçün verilmişdir.
5. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən olunur ki, VAZ- 21074 markalı 30BG868 dövlət nömrə nişanlı avtomobil İddiaçı1 şəxsi mülkiyyətindədir.
6. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 318 nömrəli zərər aktı ilə müəyyən olunur ki, VAZ-21074 markalı 30BG868 dövlət nömrə nişanlı avtomobilə 1643 manat məbləğində ziyan dəymişdir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı1 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
9. Cavabdeh iddianı qəbul etdiyini bildirdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada digər İddiaçı2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
11. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
22. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
23. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı1 məxsus VAZ-21074 markalı 30BG868 dövlət nömrə nişanlı avtomobil İddiaçı2 idarə etmək üçün etibarnamə ilə verilmişdir. İddiaçı2 xx.xx.2023-cü il tarixdə saat 20-10 radələrində İmisli rayonu, Qaradonlu avtomobil yolu ilə hərəkətdə olarkən yola inək çıxmış və avtomobil heyvana dəyərək əzilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, inək İmisli rayonu, Yuxarı Qaralar kənd sakini Cavabdeh məxsus olmuş, həmin şəxs heyvanı havanın qaranlıq vaxtı nəzarətsiz halda avtomobil yoluna buraxmış və nəticədə həmin qəza baş vermişdir. Cavabdehin diqqətsizliyi səbəbindən baş vermiş qəza nəticəsində avtomobilə 1643 manat məbləğində maddi zərər vurulmasına səbəb olmuşdur. İmişli RPŞ tərəfidən tərtib olunmuş İXP ******* nömrəli protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 318 nömrəli zərər aktı ilə aydın olur ki, VAZ-21074 markalı 30BG868 dövlət nömrə nişanlı avtomobilə 1643 manat məblğində ziyan dəymişdir.
24. Məhkəmə qeyd edir ki, hər kəsin məhkəmədə iddia qaldırmaq, pozulmuş hüquq və azadlıqlıqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır.
25. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
27. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
28. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
29. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh dəymiş zərərə görə 1643 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 37 manat tutularaq İddiaçı1 xeyrinə ödənilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı inzibati xəta nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 1643 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 37 manat tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev