Məhkəmə qərarları › İş №2(036)-3521/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3521/2022

20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3521/2022 20.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 21 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay onun xeyrinə tutulması müəyyən edilmiş 120 manat aliment məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən birgə nikahlarından olan 21 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş və Apelyasiya məhkəməsinin qətnaməsi ilə İmişli rayon məhkəməsinin qətnaməsi dəyişdirilərək hər ay 120 manat aliment tutulması qət edilmişdir. Hal-hazırda uşaq böyüyüb və qətnamədə qeyd olunan aliment məbləği uşağın heç bir təlabatının ödənilməsinə çatmır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumuda dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Onuda qeyd etmişdir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hazırda o uşağın geyim, qida və digər zəruri xərclərini qarşılamaqda çətinlik çəkir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdən görünür ki, İmişli Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(036)- 1981/2019 saylı qətnaməsi ilə 21 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra həmin qətnamədən apelyasiya şikayəti verilmiş və Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsi ilə İmişli rayon məhkəməsinin qətnaməsi dəyişdirilərək hər ay 120 (bir yüz iyirmi) manat aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Republikası Kontitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının 1-ci bəndinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Republikası Ailə Məcəlləsinin 76.2 və 78.8-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, o cümlədən yuxarıda qeyd olunan qanunvericilik aktı normalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay bir uşağa görə tutulmalı olan alimentin miqdarı 140 manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş aliment üzrə bir illik ödəmənin məcmusu 1000 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 81.2-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumunun miqdarı 36,8 manat məbləğində müəyyən edilməli və iddiaçı aliment tələbinə dair iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün həmin məbləğ cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Beləliklə, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallarla yanaşı uşağın əvvəlki təminatının səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Şirvan Apelyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(106)-3337/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, 21 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 140 (bir yüz qırx) manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233-234, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(106)-3337/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 21 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 140 (bir yüz qırx) manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar