Məhkəmə qərarları › İş №2(036)-36/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-36/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-36/2023 18.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı borc tələbi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh, Zamin1 və Zamin2 kredit müqaviləsinə əsasən 9187.92 manat əsas borc, 1332.03 manat faiz borcu, 439.64 manat penya borcunun, cəmi 10959.59 manat borc və 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14035-/306328 saylı kredit müqaviləsinə əsasən cavabdeh X8 illik 24% olmaqla, 36 ay müddətində 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədə göstərildiyi kimi ödəniş cədvəlinə uyğun olaraq mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixə İddiaçı ASC-yə 9187.92 manat əsas borc, 1332.03 manat faiz borcu, 439.64 manat penya borcunun, cəmi 10959.59 manat borcu yaranmışdır.

3. İş materiallarına əlavə edilmiş İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli, 14035-/306328 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 24% olmaqla, 36 ay müddətində 10.000 manat məbləğində kredit verilmişdir.

4. xx.xx.2014-cü il tarixli 14035-/306328 saylı kredit müqaviləsi Cavabdeh ərizəsi, eləcədə onun zaminləri Zamin1 və Zamin2 razılıqlarına əsasən, xx.xx.2015-ci il tarixdə restrukturizasiya olmuşdur.

5. xx.xx.2014-cü il tarixli 14035-/306328 saylı kredit müqaviləsinin təminatı qismində bankla Zamin1 arasında 14035-/142209Z saylı, xx.xx.2014-cü il tarixli və Zamin2 arasında 14035- /472139 Z saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

6. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh ödəniş cədvəlinə uyğun olaraq mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir.

7. Cavabdeh xx.xx.2015-ci il tarixə İddiaçı ASC-yə 9187.92 manat əsas borc, 1332.03 manat faiz borcu, 439.64 manat penya borcunun, cəmi 10959.59 manat borcu yaranmışdır. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

11. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

13. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

14. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

15. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

16. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

17. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

18. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

19. Maddə 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

31. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

32. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14035-/306328 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 24% olmaqla, 36 ay müddətində 10.000 manat məbləğində kredit verilmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1028/2023 saylı qərarı ilə müəyyən olur ki, İddiaçı ASC cavabdehlər X5, X14 və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12415,07 ABŞ dolları əsas, 1447,72 ABŞ dolları faiz, 1241,51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 15104,30 ABŞ dolları (Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmiş və iddia rədd edilmişdir.

34. İş materialları ilə müəyyən olur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü ilə Bankın İmişli filialının direktoru vəzifəsində işləmiş Şükürov Əlizamin Mirzə oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, müxtəlif cəzalara məhkum edilmişlər. Həmin hökmlə Bankın mülki iddiası təmin olunaraq təqsirləndirilən şəxslər Şükürov Əlizamin Mirzə oğlundan 165268 manat, X2 99824,3 manat, X4 13410 manat və X6 29434 manat alınaraq Banka ödənilməsi hökm edilmişdir.

35. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarı ilə məhkum edilmiş şəxslər Əlizamin Şükürov və Samir İsmayılov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya protesti və zərərçəkmiş şəxsin apellyasiya şikayətinə əsasən məhkum olunmuş şəxslər X7 və X9 münasibətdə dəyişdirilmiş, hökm apellyasiya protesti və apellyasiya şikayətlərinə əsasən qalan hissədə və məhkum olunmuş şəxslər Şükürov Əlizamin Mirzə oğlu, X15, X17, X18, X10 və X11 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

36. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin İmişli filialının direktoru vəzifəsində işləmiş Şükürov Əlizamin Mirzə oğlu öz qulluq mövqeyindən istifadə edərək tanışı X13 ilə əlbir olub cinayət əlaqəsinə girərək, Bankın ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talama məqsədilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin Samir İsmayılovla şəxsi məqsədləri üçün, yəni sonuncu ilə mobil telefonların alqı-satqısını həyata keçirərək gəliri aralarında bölüşdürəcəklərinə dair razılaşmaqla, Samir İsmayılovun köməkliyi ilə, yəni onun banka gətirdiyi ayrı-ayrı şəxslərin, o cümlədən hazırki iş üzrə Cavabdeh adına xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.000 manat kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 454365,85 manat vəsaiti adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb Samir İsmayılovla aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, Bankın ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışlar.

37. Beləliklə, qanuni qüvvəyə məhkəmə hökmü ilə müəyyən olunmuş hallara əsasən belə nəticəyə gəlmək olur ki, Cavabdeh ilə kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bankın vəzifəli şəxsi olmuş Şükürov Əlizamin Mirzə oğlunun və qeyrilərinin cinayət əməlini həyata keçirməyə kömək məqsədilə, görünüş üçün bağlanmışdır.

38. Bu səbəbdən, Mülki Məcəllənin 337.3 və 340.1-ci maddələrinə əsasən iddiaçının hazırki tələbinin əsaslandığı əqd uydurmadır və məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsızdır. Odur ki, həmin müqavilə üzrə kassatorun hər hansı öhdəliklərinin yaranması istisna olunduğundan iddia təmin oluna bilməz.

39. Eyni zamanda qeyd olunmalıdır ki, hazırki halda Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi qeyri-mümkündür. Belə ki, cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış İddiaçı ASC-nin mülki iddiası təmin olunmuş və cinayət nəticəsində onun məhrum olduğu əmlakın, o cümlədən hazırki iş üzrə cavabdehlə rəsmiləşdirilmiş və yuxarıda qeyd olunan mövqeyə görə etibarsız olan kredit müqaviləsi üzrə tələb olunan məbləğin həmin cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərdən tutularaq Banka ödənilməsi qərara alınmışdır.

40. Məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar