Məhkəmə qərarları › İş №2(036)-37/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-37/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-37/2022 07.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər, X5 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər, X5 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə cavabdehlər, X2, X3 və X4 1918.81 manat əsas borc, 81.92 manat faiz borcu, 1414.62 manat cərimə, 282.69 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan kreditor LPO İddiaçı ASC ilə borcalan X8 arasında bağlanmış 26.11.2013-cü il tarixli 7014 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri borcalana illik 24 faizlə 36 ay müddətinə 5000 manat məbləğində kredit verməsi barədə razılığa gəlmişlər. İşdə olan 26.11.2013-cü il tarixli 5141 tarixli Zaminlik müqaviləsinə əsasən X10 və X1 Eldəsən Mühübbət oğlu ilə LPO İddiaçı ASC-nin arasında bağlanmış 26.11.2013-cü il tarixli 7014 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icra edilməsi üçün öz üzərilərinə borcalanla eyni ölçüdə öhdəlik götürmüşdür. İşdən görünür ki, cavabdeh X8 26.11.2013-cü il tarixli 7014 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə sözü gedən kredit müqaviləsi üzrə ödənilməmiş 1918.81 manat əsas borc, 81.92 manat faiz borcu, 1414.62 manat cərimə, 282.69 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra əlavə faiz hesablanmışdır. AR Mülki məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 461.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. AR Mərkəzi Bankı İH-nin 22 iyul 2000-ci il tarixli 12 nömrəli protokol Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, kredit təşkilatları əsas məbləğləri və faizləri “yaxşı təmin edilmiş” və “yığılma prosesində olan” kreditlər (hər iki şərt birgə yerinə yetirilirsə) istisna edilməklə, kreditlərin qaytarılma müddətindən aslı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi üzrə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilirsə “faizləri hesablanmayan kreditlər” statusu verərək faizlərin hesablanmasını dayandırır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Kreditor LPO İddiaçı ASC 26.11.2013-cü il tarixli 7014 saylı kredit müqaviləsi üzrə əsas kredit məbləğinin və hesablanmış faizlərin cədvələ əsasən ödənilməsi üçün vaxtından ağlabatan tədbirlər görməmiş və müqavilədə nəzərdə tutulduğundan artıq müddətə faiz hesablayaraq borclunun məsuliyyət ölçüsünü artırmışdır.Müqavilə üzrə öhdəliyin icra müddəti 26.11.2017-ci il tarixdə bitdiyindən X6 və X7 zaminliyinə xitam verilmişdir.Ona görə də iddia tələbi kredit müddəti bitdikdən sonra hesablanmış faizin tutulması hissəsində təmin edilməyərək cavabdeh X2 1918.81 manat əsas borc, 81.92 manat faiz borcu tutulmalı və cərimə məbləği əsas borcun məbləğinə mütənasib olaraq ikirəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh X2 1918.81 (min doqquz yüz on səkkiz manat səksən bir qəpik) manat əsas borc, 81.92 (səksən bir manat doxsan iki qəpik) manat faiz borcu, 10.00 (on) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar