Məhkəmə qərarları › İş №2(036)-385/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-385/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-385/2024 04.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 990 manat maddi və mənəvi ziyan, eyni zamanda dövlət rüsumu olaraq ödənilmiş 30 manatın və digər xərclərin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə instaqram sosial şəbəkəsində “Caliente-mebel” səhifəsində əlaqə üçün qeyd olunmuş ***-***-**-** nömrəsi ilə əlaqə saxlayaraq Cavabdeh ümumi dəyəri 1440 manat olan mebel sifariş etmişdir. İlkin olaraq “Kapital Bank” kartı vasitəsilə 200 manat pulu göstərilən hesaba atdıqdan sonra, Cavabdeh özü ölçüləri götürmək üçün gələcəyini bildirmiş və ölçüləri götürmək üçün gələndə isə əlavə 400 manat da istəmiş və iddiaçı da həmin pulu ödəmişdir. Cavabdeh onunla razılaşdırılmanı rəsmiləşdirmək üçün yazıb gətirdiyi müqavilədə pulun bir hissəsinin ödənilməsini, mebelin tam çatdırılacağı müddəti qeyd etmiş və onların hər ikisi müqaviləni imzalamışlar. Daha sonra cavabdeh mebelin 3d variantını sabah atacağını və xx.xx.2023-ci il tarixdə də mebeli tam gətirib quraşdıracağını bildirmişdir. Cavabdeh əvvəlcə mebeli gətirməsini müxtəlif bəhanələrlə yubatmış, daha sonra mebeli hazırlaya bilmədiyini bildirərək pulu geri ödəyəcəyini bildirmişdir. İddiaçı ödədiyi 600 manat puldan əlavə bu müddət ərzində mətbəx mebelinin olmamasının ona mənəvi ziyan vurduğunu, bu müddət ərzində nənəsinin vəfat etdiyi və qaldıqları evdə hüzür verdiyi üçün də mətbəx mebelinin olmaması ona mənəvi ziyan vurduğunu bildirmişdir.

3. 02.01.2023-cü il tarixli, 01 nömrəli müqaviləyə əsasən, tərəflər mətbəxt mebelin alqı satqısı üçün iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 600 manat behin ödənilməsi, 260 manat pulun mebel təhvil verilən zaman, qalan pulun isə ayda 193 manat olmaqla 3 aya ödənilməsi şərtləndirilmiş və əmlakın ümumi dəyəri 1440 manat olduğu müəyyən edilmişdir.

4. Sumqayıt ŞPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla müəyyən olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2989-cu il təvəlldlü Cavabdeh yaşadığı mənzilə mətbəx mebeli düzəldəcəyini deyərək ondan ayrı-ayrı vatlarda və məbləğlərdə olmaqla, ümumilikdə 600 manat pul aldığını, lakin verdiyi vədə əməl etməyərək aldığı pulu geri qaytarmadığını bildirmişdir. Həmin qərarla toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İddiaçı məkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir.

6. Məhkəmənin əvvəki iclasında cavabdeh iddianı qismən – 600 manat məbləğində təmin olunmasına etirazı olmadığını, qalan hissədə iddianın rədd olunmasını xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmənin yekun iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

13. Maddə. 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə. 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

15. Maddə. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

21. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

22. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh İddiaçı 1440 manat dəyərində mebeli hazırlayacağını vəd verərək iddiaçıdan 600 manat miqdarında pul vəsaiti almış, lakin öz vədini yerinə yetirməmişdir.

23. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

24. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (MM-nin 442, 443.1 və 445.2.1ci maddələri).

27. Cavabdeh götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı hazırkı pul tələbi ilə çıxış etməkdə qismən haqlı olmuşdur.

28. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

31. Yuxarıdakı normaların tələblərindən də görünür ki, hər bir şəxs əmlakının kənar təsirlərdən qorunması hüququna malikdir və onun əmlakına dəyən zərərin əvəzini zərərvurandan tələb edə bilər, bu şərtlə ki, iddiaçı ona vurulmuş ziyanın əvəzinin cavabdehin təqsiri üzündən pozulması hallarını sübuta yetirə bilsin. Lakin İddiaçı Cavabdeh tərəfindən zərər vurulduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

35. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

36. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

37. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 600 manat məbləğində pul alınıb İddiaçı ödənilməli və mənəvi zərər hissəsində iddia tələbi sübuta yetirilmədiyi üçün rədd edilməlidir.

38. Qanunvericiliyin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. İddia tələbi qismən təmin olunduğuna görə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı xeyrinə verilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 600 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X1

.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar