Məhkəmə qərarları › İş №2(036)-39/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-39/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-39/2024 05.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikmək üçün cavabdehlə danışıb razılığa gəlmişlər. Cavabdeh qonşu küçədə yerləşən yaşayış üçün tam hazır, sahəsi 195 kv.m olan ev göstərmişdir. Belə bir ev, həyətdə su hovuzu, nafes, manqal otağı (isti döşəmə və sökülüb yığılan şüşə ilə) tikmək, evi istifadə üçün tam hazır açar altında təhvil vermək və həyətdə abadlıq işləri görmək üçün 100000 manata razılaşmışlar. Evi 2022-ci ilin fevral ayına qədər yaşayış üçün tam hazır vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh 2021-ci ilin noyabr ayında tikintiyə başlamış, iddiaçı əvvəl iş gördükcə hissə-hissə pul vermişdir. Bir qədər sonra cavabdeh iddiaçının etibarını qazanmışdır. İddiaçı ümumilikdə cavabdehə 90000 manat pul vermişdir. Cavabdeh 2022-ci ilin mart ayında işi tamamlamış və iddiaçıya demişdir ki, “mən bu evi elə bu vəziyyətdə yaxşı qiymətə satacam. Narahat olma”. Bu vədini də yerinə yetirməmişdir. Sonra iddiaçı cavabdehə nə qədər zəng vursa da nə telefonuna, nə də məsajlarına cavab verməmişdir. Evi ucuz materiallardan istifadə etməklə tikmiş, artıq qısa müddət ərzində hasar divarlarında çatlar əmələ gəlmiş, kombi, mətbəx mebeli, su hovuzunun motoru quraşdılmamış, manqal otağına isti döşəmə çəkilməmiş, şüşə quraşdırılmamış, tavanı yararsız hala düşmüş, evin ətrafına aqlay döşənməmiş, həyətdəki sanitar qovşağın tavanı düzəlməmişdir. İddiaçı ona dəymiş ziyanın ödənilməsi barədə xx.xx.2022-ci il tarixində Xəzər rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin Xəzər rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis kapitanı Ruhan Adilbəylinin xx.xx.2022-ci il tarixli cavab məktubunda şikayət ərizəsindəki iddiasının təmin olunmadığı bildirilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçının evini X2 adına 200.000 manata almışdır. Evi tikməyə iddiaçı ilə 100.000 manata razılaşmışlar, lakin iddiaçı 90.000 manat vermiş, 10.000 manatı verməmişdir. Həmin evə 100.000 manatdan çox xərc çəkmişdir. Ekspert rəyində qeyd edilənlərlə də razı deyildir, çünki həmin rəydə evə istifadə olunan materialların əksəriyyəti qeyd olunmamışdır. 6 ay orada iş görmüşdür. İddiaçı pulu ona tam şəkildə deyil, hissəhissə vermişdir. Ustaların pulunu pensiya kartından çıxarıb vermişdir. Evi öz pulu ilə tikmişdir. İddiaçıya evi satmaq üçün 10.000 manat pulu verməsini demişdir. Lakin iddiaçı onunla razılaşmamışdır. Həmin evin həyətində ağac, qazon əkmişdir. 5-6 ay evə və həyətə baxan olmadığı üçün həyətdə əkilən ağaclar, qazon yanmışdır. Yenidən həyəti təmizlətdirmiş, evi və divarları rənglətdirmişdir. Yenə də iddiaçı ilə razılığa gələ bilməmişlər. Sonda cavabdeh iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında podrat münasibətləri olmuş, həmin münasibətlərə əsasən cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikməyi və iddiaçıya təhvil verməyi, iddiaçı isə razılaşdırılmış 100.000 manat muzdu ödəməyi öhdəliylərinə götürmüşlər. Cavabdeh fərdi yaşayış evini tikib iddiaçıya təhvil vermişdir.

8. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

9. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən görülmüş iş qüsurlu olmuşdur, belə ki, cavabdeh evi ucuz materiallardan istifadə etməklə tikmiş, hasar divarlarında çatlar əmələ gəlmiş, kombi, mətbəx mebeli, su hovuzunun motoru quraşdılmamış, manqal otağına isti döşəmə çəkilməmiş, şüşə quraşdırılmamış, tavanı yararsız hala düşmüş, evin ətrafına aqlay döşənməmiş, həyətdəki sanitar qovşağın tavanı düzəldilməmişdir.

10. İddiaçı iddia tələbinin əsasını qeyd etsə də, həmin halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

11. Eyni zamanda məhkəmə qeyd edir ki, podratın nəticəsində qüsurlar olduqda, onların aradan qaldırılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763-cü maddəsində öz əksini tapmışdır. Maddənin məzmunundan göründüyü kimi, məmulatın qüsuru podratçının hesabına aradan qaldırılır. Belə ki, məmulatda qüsur müəyyən edən sifarişçi onun aradan qaldırılması üçün podratçı tərəfindən əlavə icra tələb edə bilər. Əlavə icranın predmetini podratçı tərəfindən qüsurların aradan qaldırılması təşkil edir.

12. Hazırki iş üzrə podratın nəticəsində qüsurların aradan qaldırılması ilə bağlı iddiaçının cavabdehdən əlavə icra tələb etməsi və bununla bağlı müəyyən vaxt verməsi məhkəmə tədqiqatı zamanı müəyyən olunmamış, habelə iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

14. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qüsurla olsa belə işlər görülmüşdür ki, iddiaçı tərəfindən işlərin dəyəri tam deyil, yalnız 90.000 manat hissəsi ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçının qeyd etdiyi qüsurların əksər hissəsi ödənilməmiş 10.000 manat məbləğə daxil olan işlər olmuşdur ki, iddiaçı həmin işləri qüsur kimi qeyd etmişdir. Halbuki, həmin işlər dəyəri ödənilmədiyinə görə cavabdeh tərəfindən icra olunmamışdır.

15. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya zərər vurulması təsdiq olunmur. Belə olan halda isə 25.000 manat ziyanın indeksasiya olunaraq tutulması hissəsi də təmin oluna bilməz.

16. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən, həmin hallar mövcud olmayan hallar kimi qiymətləndirilməli və iddia tələbi rədd edilməlidir.

17. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

18. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərcləri iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

VI. Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə iddiası rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərcləri İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar