Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-46/2025 27.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödəniş günü milli valyuta ilə 16 162 (on altı min yüz altmış iki) ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik beş faiz 2828 (iki min səkkiz yüz iyirmi səkkiz) ABŞ dolları, mənəvi zərərə görə 2000 (iki min) ABŞ dolları, cəmi 20 990 (iyirmi min doqquz yüz doxsan) ABŞ dolları və məhkəməyə ödədiyi 197,05 (bir yüz doxsan yeddi manat beş qəpik) manat rüsumun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Azərbaycan Dövlət İqtisad Universitetində 1987-1992-ci illərdə bir qrupda oxumuşdur. Həmin vaxtdan dostluq münasibətləri yaranmışdır. Hər ikisi evləndikdən sonra bu dostluq münasibətləri ailələri arasında davam etmişdir. 2015-ci ilə qədər münasibətləri çox yaxşı olmuşdur. O, ailəsi ilə birlikdə doğulduğu Astara rayonu, Sərək kəndində, eləcə də faktiki yaşadığı Sumqayıt şəhərində evində dəfələrlə qonaq olmuşdur. Həmin dövrdə Cavabdeh İmişli rayon Sosial Təminat şöbəsində işləyirdi. Hər dəfə Bakıya gələndə Sumqayıt şəhərinə gələrək onunla görüşərdi və o, hər dəfə onu yeməyə qonaq etmişdir. 2015-ci ilin təxminən may ayının əvvəllərində o, Bakı şəhərində oğluna ev almaq məqəsədilə ondan 20 000 ABŞ dolları məbləğində ona borc verməyini xahiş etdi. Bildirdi ki, 1 ay ərzində bankdan kredit götürüb aldığı borc pulu qaytaracaqdır. Əlavə olaraq bildirdi ki, onun kənddə bütün avadanlıqlarla təchiz olunmuş ferması və örüş sahələri vardır. O, bir həftədən sonra özündə olan 10 000 ABŞ dolları və 10 000 ABŞ dolları da qardaşından götürərək Sumqayıt şəhəri, 1-ci mikrorayon Şəhidlər xiyabanına yaxın ərazidə Cabbarın qardaşı oğlunun iştirakı ilə ona vermişdir. Təxminən 1 aydan sonra o, ona 7 000 ABŞ dolları qaytarmış, qalan 13 000 ABŞ dolları məbləği isə tez bir zamanda qaytaracağına söz vermişdir. O, həmin vaxt onu Bakı şəhərinə dəvət edərək, qardaşı Yasinin evinə yaxın ərazidə, Şamaxinka deyilən yerdə, “İmperial” şadlıq sarayı ilə üzbəüz Mircəlal küçəsi 10 ünvanda beşmərtəbəli binanın 4-cü mərtəbəsində aldığı 2 otaqlı evi ona göstərdi. Həmin vaxtdan 1 ay müddət keçdikdən sonra, 2015-ci ilin iyul ayında Cabbar ona zəng edərək bildirdi ki, ona təcili olaraq 10 000 ABŞ dolları pul lazımdır və 1 ay müddətinə bütün borclarını qaytaracağına söz verdi. O, yenidən 10 000 ABŞ dolları məbləği götürərək Şamaxinka ərazisinə yaxın yerdə yaşayan qardaşı Yasinin evində Cabbara vermişdir. Müəyyən müddətdən sonra Cabbar ona zəng edərək bildirdi ki, onu Saatlı-Sabirabad zonası üzrə Əmək Müfəttişliyinin rəisi təyin ediblər. Ona telefon danışığında dedi ki, “narahat olma” qardaşın yaxın vaxtlarda sənin pulunu ikiqat qaytaracaqdır. Möhkəm dost olduğu üçün il yarımdan artıq bir müddət ondan borcunu qaytarmasını istəməyə üzü gəlməmiş və utanmışdır. 2016-cı ildə oğlu 625 balla Azərbaycan Tibb Universitetinə qəbul oldu. İllik təhsil haqqı 3000 manat təşkil edirdi. 2016cı ilin noyabr ayında Cabbara zəng etmiş və oğlunun tibb universitetinə qəbul olunduğunu bildirmişdir. Aldığı borcu geri qaytarmasını xahiş etdi. Ona hazırda pulu olmadığını bildirdi. O, ona ya bankdan, ya da kimdənsə borc götürüb borcunu tam qaytarmasını xahiş etmişdir. Əlavə olaraq Cabbar ona bildirdi ki, yeni vəzifəyə keçməyi ilə əlaqədar onun külli miqdarda borcu yaranmışdır. Ona demişdir ki oğlunun təhsil haqqını və digər ehtiyaclarını ödəmək üçün təcili olaraq ona 5000 ABŞ dolları pul lazımdır və həmin pulu göndər. Ona dedi ki, tibb fakültəsində ödəniş yüksəkdir, lazım deyil, ödənişsiz, universitetin kimya fakültəsini yazın gedib müəllim olsun. Ona bildirmişdir ki, sənin məsləhətinə ehtiyac yoxdur, təcili pulu göndər. Cabbar 2016-cı ilin dekabr ayında Sumqayıt şəhərinə gəlmişdir. O, Cabbar və dostu X4 bir yerdə nahar etmişlər. Nahar masasında Cabbar ona dedi ki, borc götürməyə elə bir adamı yoxdur, biz dostuq, sən ya mən nə fərqi var, ondan xahiş etdi ki, kimdənsə borc pul götürüm. O, ona bildirdi ki, borc verən pulu elə-belə vermir ki, faizlə verir. Cabbar da bu şərtə razılaşdı və bildirdi ki, o, borcu götürüm və o, faizləri hər ay poçt vasitəsilə ilə ona göndərəcəkdir. Aldığı borcu söz verdiyi 1 ay müddətində qaytarmadığı və indi də pulu olmadığını bildirdiyi üçün ona notariat kontoruna gedib verdiyi borc pul məbləğini rəsmiləşdirilməsini xahiş etdi. Bundan sonra hər ikisi Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən Notariat kontoruna getmişlər. Notariat kontorunda Cabbarın ona olan 23000 ABŞ dolları məbləğində borcuna görə kredit müqaviləsi bağlandı. Onu da qeyd edir ki, müqaviləni imzalayan zaman notarius Şaiqin ona hansı məbləğdə borc pul verdiyini soruşduqda Cabbar bildirdi ki, Şaiq ona 25000 ABŞ dolları məbləğində borc vermişdir. O, isə notariusa bildirdi ki, Cabbarın ona 25.000 ABŞ dolları yox, 23 000 ABŞ dolları məbləğində borcu vardır və xx.xx.2016-cı il tarixdə bir il müddətinə qaytarılması şərti ilə 23000 ABŞ dolları məbləğinə aralarında borc müqaviləsinin bağlanmasını təsdiq etdi. Bundan bir neçə gün sonra o, Ceyranbatan qəsəbəsində yaşayan Məhəmməd adlı şəxsdən aylıq faiz dərəcəsi 3 faiz olmaqla 5000 ABŞ dolları məbləğində borc pul götürmüş və bu barədə Cabbara bildirmişdir. 2017-ci ilin yanvar ayından başlayaraq, o, 38 ay müddətində, 2020-ci ilin fevral ayı daxil götürdüyü 5 000 ABŞ dolları pulun hər ay 270 manat faizini 10260 AZN (10260x1,7 =6035ABŞ dolları) poçt vasitəsilə ona göndərmişdir. Həmin pulları da hər ay borc götürdüyü Məhəmməd adlı şəxsə vermişdir. Növbəti aydan faizlərin ödənməsini dayandırdı. Ödəmədiyinə görə faizlərin məbləği şişib artdı. Əsas borcu və faizləri özü ödəməyə məcbur oldu. O, 2018-ci ilin yanvar ayında Cabbara təklif etmişdir ki, aldığı həmin evi satsın və oğluna Binəqədi və ya Biləcəri qəsəbəsində ev alsın və qalan pulu ona verib borcunun bir hissəsini ödəsin. Bununla əlaqədar o, Sevinc adlı makleri həmin evə göndərmişdir. Cabbarın həyat yoldaşı və oğlunun iştirakı ilə Sevinc xanım evə baxış keçirtdi və evi təxminən 63 000 AZN dəyərində qiymətləndirdi. Cabbar ona bildirdi ki, narahat olmayın qısa müddətdə ona olan borcunu qaytaracaqdır. Hər dəfə zəng vuranda bu sözləri deyirdi. Bir neçə ay sonra Sevinc xanım ona zəng vurdu, həmin ünvana getdiyini, Cabbarın ailəsinin orada yaşamadığını və onların evi satdıqlarını bildirdi. Bundan başqa Cabbar ona xx.xx.2018-ci il tarixdə 2210 AZN, xx.xx.2018-ci il tarixdə 3465 AZN, xx.xx.2019-cu il tarixdə 4250 AZN və xx.xx.2020-ci il tarixdə 1700 AZN cəmi 11 625 AZN (11625x1.7= 6838 ABŞ) poct vasitəsilə pul göndərmişdir. Borcun qaytarılması üçün bir neçə dəfə onun evinə İmişli rayonu, Xoşçobanlı kəndinə getmişdir. Bir az səbrli olmağını, borcunu qaytaracağına vədlər verirdi. Son dəfə 2019-cu ilin iyul ayında borcu qaytarmadığını görüb Cabbara məhkəməyə müraciət etməkdən başqa ona ayrı çıxış yolu qoymadığını və buna özü onu məcbur etdiyini bildirdi. O, isə ona məhkəməyə müraciət etsən təklifimlə götürdüyün 5000 ABŞ dollarına görə hər ay 270 manat faiz ödəməsini məhkəmədə təsdiq etməyəcəyini bildirdi. 19 iyul 2019-cu il tarixdə onun yaşadığı ünvana borcun qaytarılması barədə bildiriş göndərmişdir. 1 il 3 aydan sonra, 02 noyabr 2020-ci il tarixdə icra qeydi qeydə alındı. İcra qeydinin gec qeydə alınmasının əsas səbəbi İmişli “Asan Xidmət” Mərkəzində notarius işləmiş Zəfər adında şəxs həmişə ona bildirirdi ki, Cabbarı tanıyır, yaxşı münasibətləri vardır. Cabbarla danışmış və borcunu qısa müddətdə qaytaracaqdır. Daha sonra Cabbarın sözünün üstündə durmadığını, onun özünü də aldatdığını görüb icra qeydini təsdiq etdi. Cabbar icra qeydini icra məmurunun bildirişi ilə birlikdə aldıqdan sonra icra qeydinin ləğv edilməsi və icra qeydinin icraatına xitam verilməsi barədə xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etdi. Həmin məhkəmədə onun razılığı ilə 5000 ABŞ dolları borc pul götürməyini və buna görə ona 3 il 2 ay müddətində poçtla hər ay 270 manat faiz pulu göndərməsini dandı. Məhkəməyə 22 060 manat məbləğində pul göndərməsi barədə poçt ödəniş qəbzləri təqdim etdi və İmişli Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(036)-597/2021 saylı qətnaməsi ilə ödənilmiş 22 060 manatı 1 dolların 1.70 manat kursu ilə hesablayaraq onun ona (22 000: 1,70= 12 941) 12941 ABŞ dolları pul verməsi, borcun 10 059 ABŞ dolları məbləğində qalması və icra edilməsi barədə qətnamə qəbul etdi. Cavabdeh həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, şikayətini ondan 20 000 manat borc pul aldığı halda 22060 manat pul qaytarması, borc müqaviləsi bağlandığı vaxt ona pul verilməməsi, İddiaçı borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə poçt vasitəsilə bildiriş almamasına əsaslandıraraq qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2950/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişidirilmədən saxlanılmışdır. Cavabdeh mülki kollegiyanın qətnaməsindən narazı qalaraq, apellyasiya şikayətinin məzmununa oxşar kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-1767/2022 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1276/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-597/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə iddia təmin edilərək yeni qətnamə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli icra qeydi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Mülki Kollegiya bu nəticəsini onun tərəfindən Cavabdeh icra qeydinin aparılacağı barədə bildirişin göndərilməməsi ilə əsaslandırmışdır. Halbuki iş materiallarında həmin bildiriş və və onu şəxsən xx.xx.2019-cu il tarixdə Cabbarın qəbul etməsi barədə poçt qəbzi (xəbəmamə) mövcud olmuşdur. Onun kassasiya şikayətinə əsasən Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-78/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1276/2022 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. İcra qeydinin aparılacağı barədə bildirişin Cavabdeh çatdırılmasını özündə əks etdirən poçt xəbəmaməsinin “şəxsən” qrafasının qarşısındakı imza onun tərəfindən icra edilməməsi məhkəmə xəttşünaslıq ekspertizasının rəyi ilə təsdiq olunduğu səbəbindən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-744/2023 saylı qətnaməsi ilə İmişli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-597/2021 saylı qətnaməsi və aparılmış İmişli Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində aparılmış və reyestrdə 8İ-6279 nömrəsi ilə qeyd edilmiş 02 noyabr 2020-ci il tarixli icra qeydi ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-338/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-744/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi cavabdeh borc alarkən onu aldatması, daha sonra borcunu müqavilədə şərtləşdiyi müddətdə və ondan sonra da qaytarmaması şüruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Onun 16162 ABŞ dolları məbləğdən onu məhrum etməsi nəticəsində mənəvi sarsıntı keçirmişdir. Cavabdehin qanunsuz hərəkətlərindən keçirtdiyi stres və gərginlik, sinir sisteminin ciddi travma alması səhhətində problemlərin yaranmasına səbəb olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, mənəvizərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Bildirir ki, onun Məhəmməddən 5000 ABŞ dolları borc götürməyi və faizlərini Cabbarın özünün ödəməsi barədə aralarında razılaşma Cabbarın təklifi ilə olmuş və bu halı məhkəmədə həmin vaxt onlarla nahar edən Telman Mayılov təsdiq edə bilər. 38 ay ərzində, 3 il 2 ay hər ay ayrıca qəbzlərlə 270 manat poçt asitəsilə ona pul göndərməsi aralarında bu razılaşmanın olmasını təsdiq edir. Göründüyü kimi icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etdikdən sonra aralarında olan həmin razılaşmanı danmışdır. Öncə qeyd etdiyi kimi Cavabdeh ona ayrıca qəbzlərlə xx.xx.2018-ci il tarixdə 2210 AZN, xx.xx.2018-ci il tarixdə 3465 AZN, xx.xx.2019-cu il tarixdə 4250 AZN və xx.xx.2020-ci il tarixdə 1700 AZN poçtla cəmi 11 625 AZN ( 11625x1.7= 6838 ABŞ ) pul göndərmişdir. Borcundan 6838 ABŞ dolları qaytarmış, onun ona (23 000ABŞ-6838ABŞ=16162) 16162 ABŞ dolları borcu qalmışdır. Cavabdeh ondan götürdüyü borcu 1 ay müddətində qaytarmamış, eləcə də kredit müqaviləsi üzrə borc məbləğini bir il müddətində qaytarmaq barədə öhdəliyini xx.xx.2017-ci il tarixədək yerinə yetirməmişdir. Son ödənişi xx.xx.2020-ci il tarixdə etmişdir. Həmin vaxtdan 3 il 6 ay vaxt keçmişdir. Mülki Məcəllənin 445.7.-Cİ maddəsinə əsasən borclu müqavilə üzrə öhdəliyini yerinə yetirmədikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 16162 ABŞ dolları məbləği ödəmədiyinə görə cavabdeh ona illik 5% 808 ABŞ, 3 il 6 ay üçün isə (808x3=2424+404=2828) 2828 ABŞ dolları ödəməlidir. Halbuki, o, 23.000 ABŞ dolları vəsaitdən istifadə etməklə daha çox qazanc əldə edə bilərdi. Cavabdeh ona olan kredit borcunu qaytarmaq əvəzinə ona 3 il müddətinə əsassız olaraq məhkəmə çəkişmələrinə cəlb etməklə ona 2000 ABŞ dolları məbləğində mənəvi zərər vurmuşdur. Beləliklə Cavabdeh 16162 ABŞ dolları əsas borc, MM-nin 445.7-ci maddəsinin tələbinə görə 2 828 ABŞ dolları və mənəvi zərərə görə 2 000 ABŞ dolları cəmi 20 990 ABŞ dolları alınıb ona verilməlidir. 20990 ABŞ dollarının bu günə milli valyuta ilə 35683 manat təşkil edir. Dövlət rüsumu haqqında Qanunun 8.1.3.-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində ödənməlidir. Ödəniləcək dövlət rüsumu (120 manat +(25683- 0,3%=77,04 ) 77,04 =197,05 manat təşkil edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona 23000 dollar pulun verilmədiyini, həmin müqavilə bağlanmamışdan əvvəl şifahi qaydada razılaşmaya əsasən iddiaçıya 20 000 manat məbləğində borcu olduğunu, həmin məbləği də 22 060 manat olmaqla artıqlaması ilə ödədiyini bildirmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib ondan xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödəniş günü milli valyuta ilə 16162 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik beş faiz 2828 ABŞ dolları, mənəvi zǝrǝrǝ görǝ 2000 ABŞ dolları, cəmi 20990 ABŞ dolları və 197,05 manat dövlət rüsumunun alınıb alınıb ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddiaçının tələbi həm müqavilə tələbidir, həm də vaxtaşırı icra olunmalı öhdəlikdir ki, belə öhdəliklər üzrə iddia müddəti isə qanunla üç il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 vǝ 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci i tarixli Qərarına əsasən Mülki Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-375-ci maddəsinə əsasən İddiaçı mənə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə iddia müddətinin tətbiq olunmaqla iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli kredit mqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı 23000 ABŞ dollarını faizsiz 1 (bir) il müddətinə qaytarmaq şərti ilə Cavabdeh borc verməyi öhdəsinə götürmüşdür. Pulun ödənilməsi və qaytarılması şərtləri və qaydası göstərilməmişdir. İşdə olan Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 1 Mikrarayon, ev 126/36, mənzil 20-də qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İmişli rayonu, Xoşçobanlı kənd sakini Cavabdeh arvadı Məmmədova Şəhla Dirbaş qızı, oğlu X5 və oğlu X2 ibarətdir. İşdə olan İmişli Rayon Məhkəməsinin 2(036)-597/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin olunmuş və tələbkar İddiaçı xeyrinə borclu Cavabdeh 16.162,0 (on altı min yüz altmış iki) USD və dövlət rüsumuna görə 20 (iyirmi) manatın tutulmasını təklif edən İmişli Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin 02 noyabr 2020-ci il tarixli, 8İ-6279 nömrəli icra qeydi tutulmalı olmayan 6.103 (altı min yüz üç) USD məbləğində icra edilməyərək tutulmalı olan cəmi 10.059 (on min əlli doqquz) USD məbləğində ödəniş vaxtı milli valyuta ilə icra edilsin. İşdə olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2950/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və İmişli Rayon Məhkəməsinin 2(036)- 597/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilməmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1276/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-597/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, İmişli Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin 02 noyabr 2020-ci il tarixli, 8İ-6279 nömrəli icra qeydi ləğv edilərək icra qeydinin icraatına xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)1767/2022 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2950/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(102)78/2023 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmiş və iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 1276/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-744/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)- 597/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, İmişli Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində aparılmış və reyestrdə 8İ-6279 nömrəsi ilə qeyd edilmiş 02 noyabr 2020-ci il tarixli icra qeydi ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, 3-16-16/2-4/1149 nömrəli, 24 iyul 2023-cü il tarixli ekspert rəyinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 manat məbləğində ekspertiza xərci cavabdeh İddiaçı tutularaq, X1, kodu) 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********,1CTRE******************** nömrəli hesaba köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli 2(102)338/2024 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 744/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan poçt qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 2017-2020-ci illərdə 22060 manat məbləğində pul vəsaiti İddiaçı adına pul köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-4/1149 saylı 24 iyul 2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan xx.xx.2019-cu il poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuş 37-ci fəsilinə (borc) əsasən: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin sonuncu icra müddəti xx.xx.2017-ci il tarixi müəyyən edilmişdir. İddiaçı tərəfindən isə müqavilə üzrə xx.xx.2019-ci il tarixdə poçt vasitəsilə cavabdehə bildiriş göndərilmişdir. xx.xx.2020-ci il tarixdə isə, yəni müqavilə üzrə 3 illik iddia müddəti tamam olmadan notariat orqanı tərəfindən icra qeydi verilmişdir. Həmin icra qeydi isə cavabdeh tərəfindən məhkəmədə mübahisələndirilmişdir. Sonuncu məhkəmə qərarı isə xx.xx.2024cü il tarixdə qəbul edilmişdir. Buna görə də iddiaçı tərəfindən hazırki iddia ərizəsini poçt vasitə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərməklə müraciət edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə isə, yəni müqavilə üzrə 3 illik iddia müddəti tamam olmadan notariat orqanı tərəfindən icra qeydi verildiyi üçün həmin tarixdə iddia müddətinin axımı dayanmış və xx.xx.2024-cü il tarixdən davam etməklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.4-cü maddəsinə əsasən 6 aya qədər müddətdə uzadılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməməklə məhkəmə müraciət edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizə iddianın etirafı kimi qiymətləndirilə bilməz. Belə ki, iddia müddətinin tətbiqi barədə ərizə cavabdeh tərəfindən məhkəməyə təqdim edilə bilən hüquqi müdafiə vasitəsidir. Buna görə də, həmin vəsatət cavabdehin öz hüquqlarını müdafiə üçün seçdiyi üsul kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə istinad edərək Cavabdeh ona 16162 (on altı min yüz altmış iki) ABŞ dolları məbləğində, gecikdirilmiş vaxt üçün illik beş faiz 2828 (iki min səkkiz yüz iyirmi səkkiz) ABŞ dolları, mənəvi zərərə görə 2000 (iki min) ABŞ dolları, cəmi 20 990 (iyirmi min doqquz yüz doxsan) ABŞ dolları və məhkəməyə ödədiyi 197,05 (bir yüz doxsan yeddi manat beş qəpik) manat rüsumun alınıb ona verilməsini tələb edir. Məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ilə tərəflər üzərlərinə qarşlılıqlı icraya əsaslanan öhdəlik götürmüşlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Hazırki müqaviləyə münasibətdə iddiaçı 23 000 ABŞ dolları məbləğində pul vəsaitini faizsiz 1 (bir) il müddətinə qaytarmaq şərti ilə Cavabdeh borc verməyi, Cavabdeh isə həmin öhdəliyinin qarşılıqlı icrası olaraq onu həmin müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını icrasından imtina edə bilər. Hazırki işə münasibətdə isə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə mükəlləfiyyətli tərəf kimi iddiaçı 23 000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə verməyi öhdəsinə götürsə də, bu öhdəliyin icrası ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Həmçinin, müqavilədə pulun ödənilməsi və qaytarılması şərtləri və qaydası göstərilməmişdir. Belə olan halda, iddiaçının cavabdehdən qarşılıqlı icranı tələb etmək hüququ yaranmamışdır. İddiaçı iddia ərizəsində cavabdehlə aralarında notariat qaydada bağlanan kredit müqaviləsindən əvvəldə şifahi qaydada borc öhdəliklərinin olmasını, hətta Məhəmməd adlı şəxsdən aylıq faiz dərəcəsi 3 faiz olmaqla 5000 ABŞ dolları məbləğində borc pul götürməsi və həmin məbləğin cavabdeh tərəfindən ödənilməsi barədə razılığa gəldiklərini, 2017-ci ilin yanvar ayından başlayaraq, o, 38 ay müddətində, 2020-ci ilin fevral ayı daxil götürdüyü 5 000 ABŞ dolları pulun hər ay 270 manat faizini 10260 AZN (10260x1,7 =6035ABŞ dolları) poçt vasitəsilə ona göndərdiyini, həmin pulları da hər ay borc götürdüyü Məhəmməd adlı şəxsə verdiyini, növbəti aydan faizlərin ödənməsini dayandırdığını, əsas borcu və faizlərinin özünün ödəməyə məcbur olduğunu göstərmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iş materiallarında olan poçt qəbzləri də məhz xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası kimi qiymətləndirmək mümkün deyil. Belə ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin icrasını sübut edən dəlillər mövcud olmadığı üçün həmin qəbzlər yalnız iddiaçı və cavabdehin arasında yuxarıda qeyd edilən digər hüquq münasibətlərinin icrası kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh ödəniş günü milli valyuta ilə 16 162 (on altı min yüz altmış iki) ABŞ dollarının iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi təmin edilmədiyi üçün iddia tələbinin gecikdirilmiş vaxt üçün illik beş faiz 2828 (iki min səkkiz yüz iyirmi səkkiz) ABŞ dolları, mənəvi zərərə görə 2000 (iki min) ABŞ dollarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də təmin edilməməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 197.05 (bir yüz doxsan yeddi manat beş qəpik) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 197.05 (bir yüz doxsan yeddi manat beş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 197.05 (bir yüz doxsan yeddi manat beş qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud