Məhkəmə qərarları › İş №2(036)-518/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-518/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-518/2025 02.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Əlizadə Qənimət Tərlan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3950 (üç yüz doqquz yüz əlli) manat məbləğində pulun və ödədiyi 60 (altmış) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində yerləşən Moskva Ticarət Mərkəzində qızıl satılan mağazalardan birində işləyir. Cavabdeh dəfələrlə ondan nisiyə qızıl məmulatları götürmüş, sonradan həmin qızılların dəyərinin müəyyən hissəsini ödəsə də, həmin dəyəri tam şəkildə ödəmədiyindən onun bu günki günə qədər ona 3950 manat borcu qalmışdır. O, bu halı bacısı ilə arasında olan məhkəmə mübahisəsi zamanı təsdiqləmiş və bu İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1096/2021 saylı qətnaməsində, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)- 3025/2021 qətnaməsində və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2904/2022 saylı qərarında öz əksini tapmışdır. Bundan sonra o, dəfələrlə pulunu tələb etsə də, cavabdeh ona bacısına olan borcunu verib qurtaran kimi onun borcunu da qaytaracağını bildirmişdir. Bu səbəbdən o, humanizm edərək uzun müddət onun pulu qaytaracağını gözləmişdir. Lakin bu günə qədər cavabdeh onun pulunu qaytarmamışdır. Tərəflərin izahatları: İddiaçı üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbinə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbini qəbul etmədiyini və qeyd edilən pulun artıq əvvəlki məhkəmə qərarları ilə ondan tutulduğunu bildirmişdir. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 3025/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(036)- 1096/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddiaçı X1 Cavabdeh qarşı "pul" tələbinə dair iddiası qismən təmin edilmiş və Cavabdeh 103 qram çəkidə qızıl-zinət əşyalarının dəyərini təşkil edən 9785 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilməsi haqqında qətnamə qət edilmişdir. Eyni zamanda qətnamədən görünür ki, Cavabdeh birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində verdiyi izahatında İddiaçı aldığı qızılların müqabiləndə 3950 manat borcu olduğunu bildirmişdir. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2904/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2(106)-3025/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıdan nisyə qızıl məmulatları almışdır, həmin qızılların dəyərinin müəyyən hissəsini ödənilsə də, onun 3950 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan nisyə qızıl məmulatları almışdır, həmin qızılların dəyərinin müəyyən hissəsini ödənilsə də, onun 3950 manat borcu qalmışdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3025/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində verdiyi izahatında İddiaçı aldığı qızılların müqabiləndə 3950 manat borcu olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı həmin borcun ödənilmədiyi müəyyən edilmiş, ödənilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Buna görə də Cavabdeh 3950 (üç yüz doqquz yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3950 (üç min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 241.1 və 241.4-cü maddələrinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 233, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 3950 (üç min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar