Məhkəmə qərarları › İş №2(036)-533/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-533/2022

31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-533/2022 31.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş 30.06.2010-cu il təvəllüdlü X3 və 05.07.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşaq üçün ayda 75 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər bir uşaq üçün hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh birgə nikahdan doğulmuş 30.06.2010-cu il təvəllüdlü X3 və 05.07.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur.Lakin həmin məbləğ uşaqların maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir.Bundan başqa uşaqların böyüməsi ilə onların saxlanılması üçün tələb olunan vəsait getdikcə artır və o, uşaqların maddi ehtiyacının təmin olunmasında çətinlik çəkir.Cavabdeh işləyir və kifayətedici miqdarda qazanc əldə edir.Ona görə də, qət olunmuş alimentin miqdarının artırılaraq hər ay 386 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, İmişli rayon Məhkəməsinin 23.02.2015-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 30.06.2010-cu il təvəllüdlü X3 və 05.07.2013-cü il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə ayda 150 manat aliment kəsilmşdir.Həmin alimenti günəmuzd iş hesabına ödəyir və digər gəlirləri olmadığından başqa nikahdan olan uşaqlarının maddi ehtiyaclarını ödəyə bilmir.Ondan tələb olunan alimenti ödəmək imkanı olmadığından iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan İmişli rayon Məhkəməsinin 23.02.2015-ci il tarixli 2(036)-19/2015 saylı qətnaməsinin surətinə əsasən 30.06.2010-cu il təvəllüdlü X5 və 05.07.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit məbləğində aliment tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyrimüntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193.0 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentinm ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı artırılmalı, alimentin məbləği müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün yaşayış minumumu nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 235, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş 30.06.2010-cu il təvəllüdlü X3 və 05.07.2013-cü il təvəllüdlü X2 üçün İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin. Bu qətnamə ilə müəyyən olunmuş vəsaitin (alimentin) tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar