Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-605/2024 24.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 2000 manat pulun, 40 manat dövlət rüsumunun və 50 manat xidmət haqqının, cəmi, 2090 manat pulun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 2000 manat pulun, 40 manat dövlət rüsumunun və 50 manat xidmət haqqının, cəmi, 2090 manat pulun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında həmişə yaxşı münasibət olmuşdur. Belə ki, cavabdeh Saatlı rayonunda yerləşən "xxxx" ASC-nin müdiri vəzifəsində işləyərkən iddiaçı lizinq müqaviləsi ilə götürdüyü taxıl biçən kombayına görə "xxxx" ASC-yə pul ödəməli idi. 2021-ci ilin aprel ayında iddiaçı komboyına görə ilkin ödəniş etmək üçün Saatlı rayonunda yerləşən "xxxx" ASC-nin inzibati binasına gəlmişdir. Orada pulu ödəmək üçün cavabdehdən kodunu soruşmuş, cavabdeh iddiaçıya bildirmişdir ki, hələlik kodu gəlməmişdir, ödənişi yəni, 2000 manat pulu ona versin, kod gələndə iddiaçının adından ödəyəcək və qəbzini iddiaçıya verəcəkdir. Lizinqə götürdüyü kombayna görə 60 gün üçün 4500 manat ödəməli idi. İkin olaraq isə həmin məbləğin 80 faizini, yəni, 3600 manat ödəməli idi. Həmin məbləğdən də 2000 manat cavabdehə verəndən sonra, 2000 manat da “Milliön” vasitəsi ilə ödəmiş və 500 manat borcu qalmaq şərti ilə kombaynı aparmışdır. Cavabdeh iddiaçıdan aldığı 2000 manatı onun əvəzindən ödəmədiyinə görə "xxxx" ASC iddiaçını məhkəməyə vermişdir. Məhkəmə də onların iddiasın təmin etmişdir. İddiaçı dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh onu müxtəlif bəhanələrlə aldadaraq ondan aldığı 2000 manat pulu verməmişdir. İddiaçı bununla bağlı Saatlı rayon prokuroruna rəsmi müraciət etmişdir. Oradan iddiaçıya ünvanlanmış 12 dekabr 2023-cü il tarixli, 507 M-23 nömrəli məktubda göstərilmişdir ki, bununla bağlı Azərbaycan Respublikası MPM-nin 25 və 35-ci maddələrinə əsasən məhkəməyə müraciət etmək hüququ vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçının qeyd etdikləri tamamilə yalandır. İddiaçı ona pul verməmişdir. İddiaçı, "xxxx" ASC-yə 750 manat borcunu ödəyə bilmədiyi halda 10 gün aralıqla 4000 manat pulu ona necə verə bilər. İddiaçının adına texnika verilməmiş, onunla "xxxx" ASC arasında heç bir müqavilə bağlanmamışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, iddiaçı ona müraciət edərək, sürücülük vəsiqəsi olduğu üçün adına kombayn götürmək istədiyini bildirdikdə razılaşmışdır. İddiaçı ona bildirmişdir ki, sabah gedib 2500 manat ödəyib kombaynı götürəcəylər. Birlikdə cavabdehin yanına getmişlər. Onun iş otağında iddiaçı, onun yanında cavabdehə pul vermişdir. Hansısa bir sənədə imza da etmişdir. Adına götürülən texnikanın pulu ödənilmədiyindən "xxxx" ASC onu məhkəməyə vermiş, ondan 2850 manat "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Hazırda əmək haqqından tutulma aparılır.
6. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, iddiaçını tanıyır, münasibəti yaxşıdır. Cavabdehi "xxxx" ASC-də işlədiyindən tanıyır. İddiaçı cavabdehə kombaynın ödəmələri ilə bağlı 2000 manat pul vermişdir. Həmin vaxt ödəmə terminalı işləmədiyindən iddiaçı pulu ödəmək üçün cavabdehə vermişdir. Cavabdeh isə pulu ödəməmişdir. Cavabdehin iddiaçıya olan borcu ilə bağlı üç dəfə onunla görüşmüşdür. Pulu qaytarması üçün bir neçə dəfə də telefonla əlaqə saxlamışdır. Hər dəfə cavabdeh pulu qaytaracağına söz versə də, bu günə dəqər qaytarmamışdır. Hətta bu gün günün birinci yarısı saat 11-12 radələrində cavabdeh onunla əlaqə saxlayaraq borcu hissə-hissə qaytaracağını bildirmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Şahid ifadələri ilə təsdiq olunur ki, iddiaçı, X2 adına lizinqə taxıl biçən kombayn götürmək üçün "xxxx" ASC-yə ilkin ödəniş kimi həmin vaxtı "xxxx" ASC-nin Saatlı filialının müdiri olmuş cavabdehə 2000 manat pul vermiş, lakin cavabdeh həmin pulu "xxxx" ASCnin hesabına ödəməmişdir.
10. Bu baxımdan cavabdeh, ona aid olmayan iddiaçının 2000 manat pul vəsaitinə yiyələnməklə əsassız olaraq varlanmışdır.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021ci il tarixli Qərarında qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
13. Beləliklə, cavabdeh 2000 manat məbləğində pulu nə qanuni, nə də müqavilə əsası olmadan iddiaçıdan almışdır. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
VI. Nəticə:
14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 2000 manat pul, 40 manat dövlət rüsumu və 50 manat xidmət haqqı, cəmi, 2090 manat pul alınıb İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev