Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-610/2024 27.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Sevgi-mebel" mağazasının sahibi cavabdehin müqavilə əsasında iddiaçıya satmış 1078 manat dəyərində Delfa 140S markalı soyuducunu başqa keyfiyyətli soyuducu ilə dəyişdirilməsi və ya iddiaçının ödədiyi pulun iddiaçıya qaytarılması, habelə həmin soyuducuya görə iddiaçıdan pul tutulmasının dayandırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı “Sevgi-mebel" mağazasının sahibi cavabdehin müqavilə əsasında iddiaçıya satmış 1078 manat dəyərində Delfa 140S markalı soyuducunu başqa keyfiyyətli soyuducu ilə dəyişdirilməsi və ya iddiaçının ödədiyi pulun iddiaçıya qaytarılması, habelə həmin soyuducuya görə iddiaçıdan pul tutulmasının dayandırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə müqavilə ilə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Sevgi-mebel” mağazasının sahibi cavabdehdən 1078 manat dəyərində Delfa 140S markalı soyuducunu zəmanətlə almışdır. 18 ay müddətinə hər ay 55 manat ödəməklə kreditlə almışdır. Satıcı zəmanət verərək bildirmişdir ki, məhsulun əmtəə görünüşü pozulmadığı və mal işlədilmədiyi halda müştərinin istəyi ilə zəmanət verildiyi 12 ay müddətində qaytarıla və ya başqa model ilə dəyişdirilə bilər. Evdə soyuducunu xəttə qoşanda işləmədi, buz yeri əriyib tökülmüşdür. 5 manat verib maşınla cavabdehin mağazasına aparmışdır. Özləri soyuducunun bir iki yerinə əl vurub işləyəcəyini demişlər. Soyuducunu gətirmiş, qısa müddət sonra yenə həmin vəziyyətə düşmüşdür. Yenə 5 manat pul verib mağazaya aparmış, düzəltdirməyə pul tələb etmişlər. Şəhid ailəsi olduğunu, pulunun olmadığını, xarab malını özlərinin düzəltdirməli olduqlarını demişdir. Soyuducu mağazada qalmış, iddiaçı da kreditin ödənməsini dayandırmışdır. Sonra iddiaçı öyrənmişdir ki, cavabdeh məhkəmədən qətnamə alıb iddiaçıdan pulun tutulmasını qət etdirmişdir. İndi hər ay 61 manat şəhidlik pulundan tutulur. İddiaçı hazırda cavabdehdən verdiyi pulun əvəzində başqa keyfiyyətli soyuducu verilməsini, ya da ödədiyi pulun qaytarılmasını, ondan pul tutulmasının dayandırılmasını tələb etdikdə cavabdeh bunu etməyəcəyini deyir. Cavabdehin iddiaçını aldadaraq keyfiyyətsiz malı ona satması qanunaziddir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, əşya satılan zaman müştəriyə zəmanət talonu verilir. İddiaçının soyuducusunu bir dəfə düzəltdirmişdir. Əşya 2020-ci ildə alınmışdır. 2021-ci ildə zəmanət müddəti bitmişdir. Soyuducunun arxa turbası kəsici alətlə kəsilmişdir. Yaranmış problem onunla bağlı deyildir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3-cü maddəsinə əsasən malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4-cü maddəsinə əsasən bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıya 1053 manat dəyərində Emersun-32 markalı televizor və Delfa 140S markalı soyuducu satmağı, iddiaçı isə malların dəyərini xx.xx.2022-ci il tarixədək hissə-hissə ödəməyi öhdələrinə götürmüşlər.
8. Hazırda iddiaçı, cavabdeh tərəfindən ona satılmış Delfa 140S markalı soyuducunun keyfiyyətsiz olduğunu və onun keyfiyyətli soyuducu ilə dəyişdirilməsi və ya ödədiyi pulun qaytarılmasını tələb edir.
9. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən keyfiyyəti mübahisələndirilən əşya 2020-ci ildə cavabdeh tərəfindən ona verilmişdir, lakin həmin tarixdən 3 il 6 aydan artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır (xx.xx.2024cü il tarixdə).
10. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə əşyanın qüsurları ilə bağlı tələblərə qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.
12. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 589.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddət yoxdursa, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində irəli sürə bilər. Bu isə onu nəzərdə tutur ki, alıcı əşyanın ona verildiyi gündən iki il ərzində həmin əşyanın keyfiyyəti ilə bağlı mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə alıcı bu hüququnu itirir.
13. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
14. Qanunvericlikdən müəyyən edilir ki, həmin müddət iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir.
15. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33).
16. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
17. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əşyanın qüsuru ilə bağlı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir.
VI. Nəticə:
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “Sevgi-mebel" mağazasının sahibi cavabdehin müqavilə əsasında iddiaçıya satmış 1078 manat dəyərində Delfa 140S markalı soyuducunu başqa keyfiyyətli soyuducu ilə dəyişdirilməsi və ya iddiaçının ödədiyi pulun iddiaçıya qaytarılması, habelə həmin soyuducuya görə iddiaçıdan pul tutulmasının dayandırılması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev