Məhkəmə qərarları › İş №2(036)-618/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-618/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-618/2020 05.06.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi x1 iştirakı ilə, İddiaçı «x5» MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «x5» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 07.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2042 manat əsas borc, 38 manat faiz borcu, 102 manat cərimə, cəmi 2182 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı «x5» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x2 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı «x5» MMC ilə Cavabdeh arasında bağlanmış 07.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya biznesin inkişafı üçün 60 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqavilə çərçivəsində 07.08.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 6 faiz olmaqla 36 ay müddətinə ödəmək şərti ilə cavabdehə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli idi. Lakin kreditin ödənilməsi lazımi qaydada aparılmamışdır. Belə ki, cavabdehin 01.07.2019-cu il tarixə 2042 manat əsas borc, 38 manat faiz borcu, 102 manat cərimə, cəmi 2182 manat borcu vardır. Yaranmış öhdəliyin icrasına təminat kimi iddiaçı «x5» MMC ilə Zamin arasında 07.08.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit üzrə öhdəliklərini vaxtında icra etmədiklərindən onlara dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq göstərilən borc məbləğini hal-hazıradək ödəməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş «x5» MMC ilə Cavabdeh arasında bağlanmış 07.08.2015ci il tarixli kredit xətti müqaviləsinin surətindən görünür ki, biznesin inkişafı üçün Cavabdeh 60 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmışdır. İşə əlavə edilmiş «x5» MMC ilə Cavabdeh arasında bağlanmış 07.08.2015-ci il tarixli 466/477saylı Əlavə kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh «x5» MMC-dən illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. İşə əlavə edilmiş «x5» MMC ilə Zamin arasında bağlanmış 07.08.2015-ci il tarixli 466/477 saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh nun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Zamin Bank qarşısında cavabdehliyi öz üzərinə götürmüşdür. Göründüyü kimi Cavabdeh hazırki iş üzrə kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək «x5» MMC-ə ödənilməli olan əsas borcu və hesablanmış faizləri ödəməmişdir. Halbuki, 07.08.2015-ci il tarixli 466/477saylı kredit müqaviləsinə əsasən Cavabdeh bütün ödənişləri vaxtında həyata keçirmək vəzifəsini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı «x5» MMC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş materiallarına əlavə edilmiş zaminlik müqaviləsini nəzərdən keçirib hesab edir ki, Zamin əsas borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədiilə Bank qarşısında cavabdehliyi öz üzərinə götürdüyündən bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 102 manat məbləğində hesablanan dəbbə (penya) pulu yüksək olduğundan azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2042 manat əsas borc, 38 manat faiz borcu, 20 manat cərimə, cəmi 2100 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq «x5» MMC-nin xeyrinə verilməli ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh və Zamin müştərək qaydada 2042 manat əsas borc, 38 manat faiz borcu, 20 manat cərimə, cəmi 2100 (iki min yüz) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq «x5» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar