Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-651/2025 07.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 2100 manat əsas borcun və ödənilmiş 41 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 2100 manat əsas borcun və ödənilmiş 41 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, X1 markalı, **-JD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 300 (üç yüz), ümumilikdə 2100 (iki min yüz) manat olmaq şərti ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və lazımınca icra edilməmişdir. Belə ki, cavabdeh tərəfindən ödənilməli olan 2100 (iki min yüz) manat icarə haqqı ödənilməmiş saxlanılmışdır. Cavabdeh yaranmış borcun ödənilməsinin təmin edilməsini tez bir zamanda həll edəcəyinə dair söz versə də, bugünədək məsələnin müsbət həlli üçün heç bir səy göstərməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişlər.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini etiraf edərək, iddiaçıya 2100 manat məbləğində borcu olduğunu, lakin imkanı olmadığından qeyd edilən məbləği ödəmədiyini bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdən başlayaraq “Land Rover X1” minik markalı avtomobili 7 gün müddətinə icrarəyə vermiş və tərəflər arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin cavabdehin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuşdur. Müqavilə əsasında cavabdehin 2100 manat borcu yaranmışdır.
9. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
10. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
11. Məhkəmə qeyd edir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. İcarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. İcarə müqaviləsinə əsasən bir tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir.
12. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 08 sentyabr 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən xüsusi mülkiyyətində olan avtomobili icarəyə verməyi, icarəçi isə xidmət haqqını qabaqcadan ödəməyi, xidmət haqqının 1 gündən artıq gecikdirildiyi təqdirdə icarədarın avtomobili tələb etmək hüququna malik olmasını öhdəsinə götürmüşdür.
13. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya pulun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş icarə müqaviləsi və maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliklərini icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyləri tam icra etməmiş, nəticədə borcu yaranmışdır. Həmçinin məhkəmə iclasında iddia cavabdeh tərəfindən etiraf edilmişdir.
15. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
17. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən 41 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir
VI. Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə 2100 manat məbləğində borc və ödənilmiş 41 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev