Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-66/2025 29.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şəxsi mülkünə dəymiş 1413,64 manat məbləğində pulun cavabdehlərdən müştərək şəkildə iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı Cavabdeh1 qarşı şəxsi mülkünə dəymiş 1413,64 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonra iddiaçı Mülki Prosessual Məcəllənin 51.3-cü madəsinə əsasən məhkəməyə başqa cavabdehin işə cəlb edilməsinə dair ərizə ünvanlayaraq Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə səhər saat 08:02 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospekti ilə şəhər istiqamətində tıxac şəraitində hərəkətdə olarkən idarə etdiyi "Chevrolet Cruze" markalı, “**-RR-***” dövlət qeydiyyat nişanlı avtomobilini "Hyundai Veloster" markalı “**- ST-***” dövlət qeydiyyat nişanlı avtomobil arxadan vuraraq hərəkətini davam etdirmiş və idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobili qarşıdakı maşına çırpmışdır. "Hyundai Veloster" avtomobilini idarə edən xx.xx.1980-ci ildə İmişlidə anadan olmuş Cavabdeh1 qəzanın başvermə səbəbini sükan arxasında yuxulaması ilə izah etmişdir. Onunla danışıq zamanı avtomobilinə dəymiş maddi ziyanı ödəməkdən imtina etmişdir. O, DİN-in "102" xidməti-zəng mərkəzinə zəng etdiyində Cavabdeh1 maşınına minərək hadisə yerindən yayınmışdır. Hadisə ilə əlaqədar Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektor polis mayoru X3 tərəfindən Cavabdeh1 haqqında yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında İXP ******* protokolun sürəti Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin rəisi, polkovnik Rəşid Piriyev tərəfindən ünvanına göndərilmiş məktubu və avtomobilinə 1413,64 manat məbləğində dəyən maddi ziyanı təsdiq edəcək Chevrolet "Babək" Servis-A mərkəzinin təqdim etdiyi “Preyskurant” sənədini iddia ərizəsinə əlavə etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçı əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinə etiraz edərək "Hyundai Veloster" markalı “**-ST-***” dövlət qeydiyyat nişanlı avtomobilin anasının mülkiyyətində olduğunu, anası tərəfindən qardaşı Cavabdeh2 və ona nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verildiyini bildirmişdir. Qeyd olunan hadisəni törətmədiyindən və həmin vaxt avtomobili qardaşı Cavabdeh2 idarə etdiyindən ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
9. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. İşin müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə saat 08:02 radələrində Cavabdeh1 "Hyundai Veloster" markalı “99ST669” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Z.Bünyadov prospektində iddiaçıya məxsus "Chevrolet Cruze" markalı “99RR829” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobilə zərər dəymiş, cavabdeh Abbasov X2 Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə barəsində Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektor polis mayoru X3 tərəfindən inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmişdir.
13. Göründüyü kimi "Hyundai Veloster" markalı “99ST669” dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus "Chevrolet Cruze" markalı “99RR829” dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda cavabdeh Abbasov X2 Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə barəsində inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmişdir ki, bu halda iddiaçı zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına əsasən şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.
15. Hazırkı işin halları baxımından Cavabdeh1 "Hyundai Veloster" minik markalı “99ST669” dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququna malikdir və Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus "Chevrolet Cruze" markalı “99RR829” dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.
16. Məhkəmə dəymiş zərərin Cavabdeh2 tələb edilməsi hissəsi ilə bağlı qeyd edir ki, məhkəməyə iddiaçı və digər cavabdeh tərəfindən hadisənin Cavabdeh2 tərəfindən törədilməsi və iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli və ya hüquqa zidd əməlini təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir.
17. Məhkəmə hesab edir ki, iddia dəymiş zərərin Cavabdeh2 tutulması hissəsində təmin edilməməlidir.
18. Dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı dəymiş zərəri “Chevrolet "Babək" Servis-A” mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktı ilə müəyyən edilmiş 1413,64 manat məbləğin ödənilməsini tələb edir, cavabdeh isə dəymiş ziyanın məbləğinin şişirdildiyini bildirir. Bu baxımdan mübahisənin düzgün həll edilməsi üçün yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/8465/2024 nömrəli ekspert rəyi ilə, təqdim edilmiş iş materialında olan “Chevrolet "Babək" Servis-A” mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2015-ci il buraxılışlı "Chevrolet Cruze" markalı “99RR829” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği nəzəri hesablama yolu ilə təxminən 1413,64 manat müəyyən edilmişdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
20. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
22. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/8465/2024 nömrəli ekspert rəyi hazırkı iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə təsdiq olunan 1413,64 manat məbləğində dəymiş zərər Cavabdeh1dan tutularaq iddiaçıya ödənilməlidir.
24. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
25. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
26. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 35,4 manat məbləğində dövlət rüsumu Cavabdeh1dan tutularaq dövlət büdcəsinə köçürülməlidir.
27. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərci Cavabdeh1dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh1dan maddi zərərin əvəzi olaraq 1413,64 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 35,4 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərci Cavabdeh1dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.