Məhkəmə qərarları › İş №2(036)-67/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-67/2024

26.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-67/2024 26.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz açılmış piyada keçidinin bağlanması və cavabdehin qanunazidd hərəktlərinə son qoyulması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh X1 çəpərinin onunla qonşu olan hissəsindən açdığı qanunsuz əlavə piyada keçidinin bağlanması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 8 may 1998-ci il tarixli 5 nömrəli qərarı ilə ona və ailə üzvlərinə İmişli rayonu, Sarıxanlı kəndi ərazisindən 4298.73 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin 131486 saylı torpaq sahəsinin plan və ölçüsü, cizgi xəritəsi tərtib edilmişdir. O, ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. Lakin Cavabdeh onun evindən təxminən 150 metr məsafədə evi olmasına və həyətyanı sahəsinə piyada və avtomobil yolu olmasına baxmayaraq, həyətyanı sahəsinin evinin əks tərəfində, onunla qonşuluqda olan hissəsində ikinci əlavə gediş-gəliş yolu açmış və mal-qarasını həmin əlavə piyada yolundan keçirərək onun həyətinin yaxınlığına gətirir və mal tövləsindən və həyətindən çıxan zibili həmin piyada yolundan keçirməklə onun giriş qapısının yanına tökür, anti-sanitar vəziyyət yaradır. Bundan başqa cavabdeh traktorunu onun evinin yanından açdığı piyada yolunun yaxınlığında saxlayıb evinə gedir və bu hərəkəti onun sərbəst şəkilldə evinə giriş-çıxışına mane olur. Cavabdeh mal-qarasını onun həyət qapısının yanına gətirərək orada otarır. Cavabdehin bu qanunsuz hərəkətlərinə etiraz edən oğlu cavabdeh və onun ailə üzvləri tərəfindən döyülmüş və qolu sındırılmışdır. Bu əməlinə görə cavabdehə Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə cinayət işi qaldırılmışdır.

3. A 131486 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” ilə müəyyən olunur ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı İmişli rayonu, Sarıxanlı kəndində 4298.73 kv.m həyətyanı topraq sahəsinin verilmişdir.

4. A 131709 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” ilə müəyyən olunur ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə Cavabdeh İmişli rayonu, Buludlu kəndində 1303.1 kv.m həyətyanı topraq sahəsinin verilmişdir.

5. İmişli rayonu Sarıxanlı bələdiyyəsinin 08 noyabr 2011-ci il tarixli iclas protokolunun 11 saylı qərarından çıxarışdan görünür ki, Sarıxanlı bələdiyyəsinin mülkiyyətində olan 100 kv.m həyətyanı torpaq sahəsi ticarət köşkü yaradılması üçün alqı-satqı qaydasında Cavabdeh satılmışdır.

6. İmişli Rayon Məhkəməsinin 2(036)-2461/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır.

7. İş materiallarına əlavə edilmiş arayışla İddiaçı iş üzrə ekspertiza xərcini ödəməkdən imtina etidiyi və işə ekspertiza keçirilmədən qanuna müvafiq qaydada baxılmasını xahiş etdiyi müəyyən olunur.

8. İmişli rayonu Sarıxanlı bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktla müəyyən olur ki, Cavabdeh evinin yanındakı boş yerə baxış keçirilmiş və onun ev və tövləsindən çıxan zibili həmin yerə tökmədiyi, həmin boş yerin təmiz olduğu, İddiaçı həyətindən Cavabdeh həyətinə 40-50 metr məsafə olduğu və Mansırın həyətinə qoyduğu qapının vətəndaşlar üçün olan yola açıldığı müəyyən olunur. Eyni zamanda həmin sənədlə həmin qapıdan ot gətirən zaman istifadə etdiyi və trakrotla ot gətirən zaman traktoru yolun kənarında heç kəsə mane olmayacaq şəkildə saxladığı müəyyən olunur. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazı olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 157.4. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

18. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

19. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

20. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

21. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

22. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

29. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraq hesab edur ki, iddia təmin edilməməlidir.

30. Belə ki, iş materialları ilə müəyyən olur ki, hazırkı işin mahiyyəti İddiaçı İmişli Rayon Aqrar İslahat Komissiyasının 8 may 1998-ci il tarixli 5 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş İmişli rayonu, Sarıxanlı kəndi ərazisindən 4298.73 kv.m həyətyanı torpaq sahəsi üzərində sahiblik, istifadə hüquqlarının Cavabdeh qanunazidd hərəkətləri nəticəsində məhdudlaşdırılmasından və pozulmasının iddia olunmasından ibarətdir.

31. Qanunvericiliyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

32. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. İddiaçının mübahisələndirdiyi torpaq sahəsinə hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, iddiaçının hüquqlarının pozulduğunu iddia etdiyi torpaq sahəsi onun mülkiyyətindəki torpaq sahəsindən kənarda yerləşir və iddiaçı torpaq sahəsinə olan hüquqlarının pozulmasını təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir.

35. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

36. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

37. İşin yuxarıda sadalanan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığına və iddia etdiyi pozulmuş hüquqlarını təsdiq edəcək hüquqi sənədlər mövcud olmadığına görə iddiaçının cavabdehə qarşı belə bir iddia tələbi əsassızdır.

38. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

41. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

42. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

43. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməli və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı qanunsuz açılmış piyada keçidinin bağlanması və cavabdehin qaunsuz hərəkətlərinə son qoyulması barədə iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar