Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-697/2021 16.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 2(036)-697/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ İmişli Rayon Məhkəməsi 16 aprel 2021-ci il İmişli şəhəri Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçın iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Qaraqaşlı kəndində yaşayır və həyətyanı kənd təsərrafatı ilə məşğul olur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun həmkəndliləridir. İmişli Rayon Qaraqaşlı Bələdiyyəsi ilə bağlanmış 53 saylı, 14 noyabr 2006-cı il tarixli “Torpağın icarəsi haqqında” müqaviləyə əsasən Bələdiyyə tərəfindən İmişli rayonu, Qaraqaşlı kəndi ərazisində yerləşən 2.0 ha. torpaq sahəsi 50 (əlli) il müddətinə onun icarəsinə verilmişdir. Onu da qeyd edir ki, həmin torpaq sahəsinə dair icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. O, həmin torpaq sahəsinin 1.5 ha. hissəsində aqrotexniki işlər görməklə, yonca məhsulunu əkmişdir. Eyni zamanda bildirir ki, həmin yonca sahəsi məftil və ya digər vasitələrlə hasara alınaraq, mühafizə edilmir və açıq ərazidə yerləşir. Lakin həmin yonca sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 malqarası məhv etmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mal-qarasını onun yonca sahəsinə buraxmış və heyvanlar da yonca sahəsini otarmaqla, yararsız vəziyyətə qoyaraq, ona maddi zərər vurmuşdur. Ümumiyyətlə, cavabdeh tərəfin mal-qarası bir neçə dəfə onun yonca sahəsinə girərək, sahəni yararsız vəziyyətə salmışdır. O, bu barədə X2 İnkişaf Mərkəzinə müraciət etmişdir. X2 İnkişaf Mərkəzinin mütəxəssisi tərəfindən 06 yanvar 2021-ci il tarixdə həmin əraziyə baxış keçirilmişdir. Bu barədə X2 İnkişaf Mərkəzinin mütəxəssisi tərəfindən 06 yanvar 2021-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra, o, dəymiş maddi zərərin ödənilməsi üçün cavabdeh tərəfə müraciət etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi zərərin əvəzi olaraq 450 (dörd yüz əlli) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Qaraqaşlı kəndində yaşayır və həyətyanı kənd təsərrafatı ilə məşğul olur. Digər Cavabdeh1 onun qardaşı, İddiaçı isə onun həmkəndlisidir. Eyni zamanda qeyd edir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, o, digər Cavabdeh1 mal-qarasını kənddə yerləşən ümumi istifadədə olan örüş otlaq sahəsində otarır. İddiaçı oğu heç özü də dəqiq bilmir ki, onun yonca sahəsinə kimin heyvanları daxil olaraq, yonca sahəsini məhv etmişdir. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Eyni zamanda bildirir ki, İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər Cavabdeh1 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən digər Cavabdeh1 iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İmişli Rayon Qaraqaşlı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 53 saylı, 14 noyabr 2006-cı il tarixli “Torpaq icarəsi haqqında” müqavilənin surətindən görünür ki, İmişli rayonu, Qaraqaşlı kəndi ərazisində yerləşən 2.0 ha. torpaq sahəsi 50 (əlli) illik müddətinə Bələdiyyə tərəfindən İddiaçı icarəsinə verilmişdir. İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş X2 İnkişaf Mərkəzi tərəfindən tərtib edilmiş 06 yanvar 2021-ci il tarixli aktdan görünür ki, İmişli rayonu, Qaraqaşlı kənd sakini İddiaçı məxsus 2.0 ha. yonca sahəsinə baxış keçirilmiş və yonca sahəsi yararsız vəziyyətə düşmüşdür. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Qaraqaşlı Bələdiyyəsi ilə İddiaçı arasında İmişli rayonu, Qaraqaşlı kəndi ərazisində yerləşən 2.0 ha. torpaq sahəsinə dair 50 (əlli) illik müddətinə 53 saylı, 14 noyabr 2006-cı il tarixli “Torpaq icarəsi haqqında” müqavilə bağlanmışdır. Bundan başqa, İddiaçı izahatına əsasən həmin torpaq sahəsinə dair icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa, X2 İnkişaf Mərkəzi mütəxəssisi tərəfindən əraziyə keçirilmiş baxış zamanı İmişli rayonu, Qaraqaşlı kənd sakini İddiaçı məxsus 2.0 ha. yonca sahəsinin yarasız vəziyyətə düşməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı icarəsində olan torpaq sahəsinə (yonca sahəsi) məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus mal-qaranın keçib-keçməməsi; 2. İddiaçı icarəsində olan topraq sahəsinin (yonca sahəsi) məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus malqaranın tapdalaması nəticəsində yararsız vəziyyətə düşüb-düşməməsi və 3. İddiaçı məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından maddi zərərin dəyibdəyməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “mülki hüquq pozuntusuna (delikt)” görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilən şəxslər fiziki və hüquqi şəxslərin əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gələn zərərə görə mülki məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ilk əvvəl mülki hüquq pozuntusuna (delikt) görə şəxsin təqsirinin olub-olmaması müəyyən edilməli, təqsirli olması müəyyən edildiyi təqdirdə isə daha sonra delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti həddi araşdırılmalıdır. Bu səbəbdən də, iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdeh tərəfin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mülki hüquq məsuliyyəti həddinin araşdırılmasına hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə, məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından ona maddi zərərin dəyməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə “X2 İnkişaf Mərkəzinin baxış aktı”nın mötəbər sübut kimi qəbul edilibedilməməsi məsələsi ilə bağlı hesab edir ki, İddiaçı icarəsində olan 2.0 ha. yonca sahəsi hər hansı bir formada hasara alınaraq, mühafizə edilmədiyi və açıq ərazidə yerləşdiy üçün (...yəni ərazinin təhlükəsizliyi təmin edilməməsi...) əraziyə istənilən heyvanın daxil olması və (və ya) ərazini yararsız vəziyyətə salması ehtimalı daha yüksəkdir. Bundan başqa, aktı imzalayan şəxslər tərəfindən həmin yonca sahəsinə mütəmadi olaraq bir neçə dəfə müşahidə edilmədən yalnız 1 (bir) dəfə baxış keçirilməklə, məhz cavabdeh tərəfin həmin ərazidə öz mal-qarasını otarması və bunun nəticəsində yonca sahəsini yararsız vəziyyətə salması qənaətinə gəlməsi məhkəmə tərəfindən obyektiv olaraq inandırıcı hesab edilmir. Bundan başqa, baxış aktı mövcud iş üzrə ilk əvvəl hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusunu (delikt) görə “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirli olub-olmamasını” müəyyən etmir, mövcud vəziyyəti əks etdirir və yalnız texniki məsələlərlə bağlı kömək xarakteri daşıyır. Belə ki, baxış aktı ilə İddiaçı icarəsində olan 2.0 ha. yonca sahəsinin yararsız vəziyyətə düşməsi və onun maddi ziyana məruz qalması müəyyən edilsə də, lakin torpaq sahəsinə məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus mal-qaranın keçməsi, eləcə də, cavabdeh tərəfindən yonca sahəsinin otarılaraq yararsız vəziyyətə salması və bunun nəticəsində İddiaçı maddi zərərin dəyməsi sübuta yetirilmir. Bu səbəbdən də, baxış aktı iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdehin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mövcud işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-697/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-697/2021
16.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver