Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-71/2025 27.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 (on min) manat məbləğində borcun və ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının köhnə evinin yerləşdiyi binanın komendantı kimi fəaliyyət göstərmişdir. Həmin vaxtdan iddiaçı ilə cavabdeh arasında tanışlıq münasibəti yaranmışdır. Bir müddət sonra cavabdeh maddi baxımdan çətinliyinin olduğunu, həmçinin bu səbəbdən bəzi şəxslərə borcu yarandığını və təcili pula ehtiyacı olduğunu bildirərək iddiaçıdan borc istəmişdir. İddiaçı da cavabdehin səmimiliyinə inanaraq 28 yanvar 2021-ci il tarixdə ona 10.000 (on min) manat məbləğində borc vermişdir. İddiaçıla Cavabdeh arasında 28 yanvar 2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş borc müqaviləsi (bundan sonra Müqavilə adlandırılacaq) bağlanmışdır. Bu borc müqaviləsinin 1-ci bəndinə əsasən, "borc verən” (bundan sonra İddiaçı adlandırılacaq) “borc alan”-a (bundan sonra cavabdeh adlandırılacaq) 10.000 (on min) manat məbləğində pul borcu verir. İddiaçı nəzərdə tutulan pul məbləğini cavabdehə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Həmçinin bu Müqavilənin 2-ci bəndində qeyd edilmişdir ki, Cavabdeh borcu 30 iyun 2021 -ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı borc müqaviləsindən irəli gələn öhdəliyini tam səkildə yerinə yetirərək 10.000 (on min) manat məbləğində pul vəsaitini 28 vanvar 2021-ci il tarixdə notariusun bankda açılan depozit hesabına təhvil vermişdir. Lakin borc müqaviləsi üzrə öhdəliyin icra müddətindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu günə qədər cavabdeh iddiaçıya heç bir ödəniş etməmişdir. Göründüyü kimi iddiaçı Müqavilə şərtlərinə tam şəkildə əməl edərək cavabdehə 10.000 (on min) manat məbləğində borca pul vermiş, lakin cavabdeh isə müqavilə üzrə öhdəliklərinə əməl etməyərək ona olan borcunu ödəmişdir. Hazırkı müqavilə üzrə müddətlərin tamam olmasına və dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh borc öhdəliklərini yerinə yetirmir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X2 iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 28 yanvar 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı borclu Cavabdeh 10.000 (on min) manat məbləğində borc vermişdir. Borc alan krediti xx.xx.2021-ci il tarixinədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı Cavabdeh verilməsi üçün 10000 manat məbləğində pul vəsaitini notariusun "xxxx" ASC-nin Nərimanov filialında olan hesabına təhvil vermişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuş 37-ci fəsilinə (borc) əsasən: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öhdəliyini pozaraq iddiaçıya olan borcunu geri qaytarmamışdır. Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28 yanvar 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi əsasında borc aldığı 10.000 (on min) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti olmaqla cəmi, 10.120 (on min yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Orxan Mahmud