Məhkəmə qərarları › İş №2(036)-738/2025

İmişli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(036)-738/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-738/2025 12.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 2700 (iki min yeddi yüz) manat borclu olduğu pulun, 320 (üç yüz iyirmi) manat vəkil haqqı və 47 manat dövlət rüsumunun, cəmi 3067 (üç min altmış yeddi) manat pulun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 2700 (iki min yeddi yüz) manat borclu olduğu pulun, 320 (üç yüz iyirmi) manat vəkil haqqı və 47 manat dövlət rüsumunun, cəmi 3067 (üç min altmış yeddi) manat pulun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə İmişli şəhər sakini- Cavabdeh "Samsung" markalı 127 diaqonal televizoru 1600 manata nisyə satmışdır. Cavabdeh ona 400 (dörd yüz) manat pul ödəmiş, qalan 1200 manat pulu ona qaytarmaqdan imtina edir. O, dəfələrlə pulu istəsə də cavabdeh pulu ödəməkdən imtina edir. Bundan başqa xx.xx.2024-cü il tarixdə cavabdehə 1700 (min yeddi yüz) manata bir ədəd qızıl boyunbağını nisyə satmışdır. Həmin qızıl boyunbağının da pulundan 200 (iki yüz) manat ödəmiş, 1500 (min beş yüz) manat pulu isə ödəməkdən imtina edir. O, dəfələrlə cavabdehdən borclu olduğu cəmi 2700 (iki min yeddi yüz) manat pulu tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdeh ilə mobil telefonla əlaqə saxlayarkən ona olan borclarını etiraf etmişdir. Bununla bağlı cavabdehin "WhatsApp" mobil tətbiqi vasitəsilə ona göndərdiyi səs yazılarını, yazışmalarını, qızıl boyunbağını ondan alması barədə bir ədəd fotoşəkli, ödəniş barədə qeydiyyat vərəqlərinin surətini və ona verdiyi şəxsiyyət vəsiqəsinin surətini də iddia ərizəsinə əlavə etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Həmin Məcəllənin 238.1-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir.

9. Məhkəmənin qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. - 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. - 241.3-cü maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

IV. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında alğı-satqı münasibətləri olmuş, cavabdeh həmin münasibətlərə əsasən öhdəlik götürmüş, ancaq öhdəliyini yerinə yetirməmişdir. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıdan dəyəri 1600 manat olan “Samsung” markalı televizor almış, ödənişlər etdikdən sonra 1200 manat borcu qalmışdır. Həmçinin, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıdan 1700 manat dəyərində qızıl boyunbağını almış, 200 manat ödəniş etdikdən sonra 1500 manat borcu qalmışdır. Ümumilikdə alınan iki mal üzrə cavabdehin iddiaçıya 2700 manat borcu qalmışdır.

14. İş materiallarına əlavə olunmuş fotoşəkil və əlyazma vərəqinin surətində iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmışdır.

15. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

16. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Mülki qanunverciliyə görə, alğı-satqı müqaviləsi konsensual xarakterli müqavilədir, yəni tərəflər müqavilənin bütün mühüm şərtləri barədə razılığa gəldikləri andan alğı-satqı müqaviləsi bağlanmış hesab olunur. Adətən, alğı-satqı müqaviləsində tərəflərin razılığa gəlməsi ilə müqavilənin icrası üst-üstə düşür, lakin bu, alğı-satqı müqavilənin konsensual xarakterinə xələl gətirmir. Eyni zamanda nəzərə alınmalıdır ki, alğı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir, yəni alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir.

17. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada alğı-satqı müqaviləsi bağlanarkən, cavabdeh dəyəri 1600 manat olan “Samsung” markalı televizoru və 1700 manat dəyərində qızıl boyunbağını iddiaçıya verməyi, cavabdeh isə qeyd olunan malları aldıqdan sonra ödənişlər etməyi öhdəsinə götürmüşdür.

18. Cavabdeh qeyd olunan malları aldıqdan sonra ümumilikə 600 manat ödəniş etmiş, qalan 2700 manat məbləği ödəməkdən yayınaraq öhdəliyini icra etməmişdir.

19. Odur ki, iddiaçı qeyd olunan malların dəyərindən qalıq qalmış 2700 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.

20. Yuxarıda qeyd olunanlarasa əsasən, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 2700 manat məbləğində pul Cavabdeh alınıb iddiaçıya verilməlidir.

21. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

22. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Vəkil tərəfindən hüquqi yardım göstərilir və iddiaçı tərəfindən İmişli Rayon Vəkil Bürosununa 320 manat məbləğində ödəniş edilmişdir.

23. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 320 manat vəkil haqqı və ödənilmiş 47 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

VI. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 253.3, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 2700 manat məbləğində pul, 320 manat vəkil haqqı və ödənilmiş 47 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün İmişli Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qiyabi qətnamənin ləğvi üçün müddət keçdikdən sonra qiyabi qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən (apellyasiya) şikayət verilmədikdə çıxarıldığı gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar