Məhkəmə qərarları › İş №2(036)-739/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-739/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-739/2022 13.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X1 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat məbləğində pulun və 2500 manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, evini təmir etdirilməsi ilə əlaqədar təmir işləri ilə məşqul olan Cavabdeh 30 avqust 2019-cu il tarixdə təmir üçün ləvazimatlar alması üçün müxtəlif tarixlərdə, ümumilikdə 1500 manat pul vermişdir. Cavabdeh müəyyən müddət onun evində təmir işləri ilə məşqul olduqdan sonra ayağından xəsarət aldığı üçün evdə təmir işləri apara bilməmişdir. Bu səbəbdən o, təmir üçün başqa ustalara müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh isə onun verdiyi pula uyğun işləməmiş, təmir üçün lazım olan ləvazimatları almamış və ona ümumilikdə 1500 manat borclu qalmışdır. O, cavabdehə verdiyi pulları geri qaytarmasını təklif etmiş, lakin cavabdeh pulları qaytarmaqdan imtina etmişdir. Cavabdeh onun evini təmir edə bilməməsi və evinin təmir işlərinin gecikməsi səbəbindən o, uzun müddət kirayədə yaşamış və 2500 manatadək kirayə haqqı ödəmişdir. Ona görə də hesab edir ki, cavabdeh ona ödmədiyi borcu ilə yanaşı dəymiş ziyanı da ödəməlidir. Odur ki, bütün bunların nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı ilə aralarında olan şifahi raözılaşmaya əsasən iddiaçının evini təmir etməli imiş. Təxminən 2019-cu ilin avqust ayında iddiaçı evin təmiri üçün alınmalı olan ləvazimatlara, o cümlədən onun və onunla birlikdə işləyən usta heyətinin zəhmət haqlarının qismən ödənilməsi üçün ona ümumilikdə 1300 manat pul vermişdir. Həmin ərəfədə o, iddiaçının işlədiyi mağazadan 100 manat dəyərində ərzaq da götürmüşdür. O, iddiaçının verdiyi pulun 900 manatına bir sıra ləvazimatlar almış və ustaların zəhmət haqlarından qismən vermişdir. Sonradan ayağı sındığı üçün işləyə bilməmiş və iddiaçının işini yarım buraxmışdır. İddiaçının evində bir neçə gün işlədiyinə görə qalan 400 manatı da öz zəhmət haqqı hesab edib xərcləmişdir. Buna baxmayaraq o, iddiaçının ona verdiyi puldan qala 400 manatı və 100 ərzaq pulunu, ümumilikdə 500 manatı iddiaçıya qaytarmağa etiraz etmir. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara (iddiaçıya 1500 manat məbləğində pul verməsi, kirayədə yaşaması və 2500 manat məbləğində kirayə haqqı ödəməsi) dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Lakin Cavabdeh iddianı qismən etiraf edərək iddiaçıya 500 manat borclu qaldığını etiraf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin qismən etirafı qəbul edilməli və iddia tələbi etiraf olunmuş hissədə təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar