Məhkəmə qərarları › İş №2(036)-869/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-869/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-869/2025 15.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat ofisində aralarında rəsmiləşdirilmiş 18 sentyabr 2024cü il tarixli “Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında” Etibarnaməyə əsasən Cavabdeh tərəfindən “saz vəziyyətdə” adı altında, 13050 (on üç min əlli) manata ona satılmış “Mersedes Benz E 270 CDİ” minik markalı , **-UU-*** Dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin təmirinə detalların alınması üçün lazım olan 1318 manatın, mühərrikin farsunkalarının təmiri üçün lazım olan 500 manatın, sükan mexanizminin təmiri üçün lazım olan 200 manatın, mühərrikin blokunun tokar tərəfindən gilizlənməsi üçün lazım olan 300 manatın, turbonun yenilənməsi üçün 400 manatın, mühərrikin yığılması üçün usta pulu kimi lazım olan 700 manatın, ümumilikdə 3418 (üç min dörd yüz on səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri 9 saylı Notariat ofisində aralarında rəsmiləşdirilmiş 18 sentyabr 2024-cü il tarixli “Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında” Etibarnaməyə əsasən vət. X1 məxsus olan “Mersedes Benz E 270 CDİ” minik markalı, **-UU-*** Dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 13050 (on üç min əlli) manata almışdır. Cavabdeh həmin avtomobili ona satdığı zaman avtomobildə heç bir nasazlığın olmadağını və yaxın gələcəkdə də avtomobildə hər hansı bir nasazlığın aşkarlanacağı halda xərcini özü ödəyəcəyi barədə ona söz vermişdir. Qeyd edir ki, həmin avtomobili Cavabdeh aldığından dərhal sonra, tərəfindən 4500 manata yaxın bir məbləğdə xərc çəkilməklə avtomobildə rəngləmə, çilingər və salon avadanlıqlarının yenilənməsi kimi bəzi işlər görülsə də 2024-cü ilin noyabr ayının əvvəllərində avtomobil öz çəkici gücünü itirməklə, mühərriki davamlı olaraq qeyri-sabit işləməyə başlamışdır ki, həmin səbəbdən də tərəfindən mühərrik ustasına müraciət edilmişdir. Bu zaman mühərrik ustası avtomobilin mühərrikinin 2-ci və 4-cü pistonlarının sabit işləmədiyinin, yenilənməsinin mütləq olduğunu bildirməklə mühərriki açmış və mühərikin bir neçə iç detallarının da yararsız olduğundan dəyişdirilməsinə, həmçinin, mühərrikin blokunun da tokar tərəfindən gilizlənməsinə ehtiyacın olduğunu ona bildirmişlər. Mühərrik ustası tərəfindən tərtib edilmiş lazımi detalların siyahısı üzrə “Avto Sistem” avtomobil ehtiyat hissələrinin satışı mağazasından verilmiş Qaimədən ona məlum olmuşdur ki, avtomobilin mühərrikinin təmirinə lazım olan detalların alınması üçün 1318 manat, mühərrikin farsunkalarının təmiri üçün 500 manat, sükan mexanizminin təmiri üçün 200 manat, turbonun yenilənməsi üçün 400 manat, mühərrikin blokunun tokar tərəfindən gilizlənməsi üçün 300 manat, mühərrikin yığılması üçün usta pulu kimi isə 700 manat məbləğində pul vəsaiti (ümumilikdə 3018 manat) lazımdır. Hazırda maddi vəziyyətinin ağır olduğu səbəbindən mühərrikin təmiri üçün lazımı detallarının alınması və təmir xərclərinin ödənilməsi maddi imkanları xaricində olduğundan hesab edir ki, yuxarıda qeyd etdikləri nəzərə alınmalı və Cavabdeh 3018 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutlması barədə qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, Günəşli qəsəbəsində yerləşən 004 saylı servisdə müqavilə əsasında işləyir. İddiaçı “Mersedes Benz E 270 CDİ” minik markalı, **-UU-*** Dövlət qeydiyyat nişanlı avtomobili alandan sonra gətirmişdir ki, servisə avtomobili yoxlatsın. Avtomobil yoxlayan zaman avtomobilin mühərrikində səs gəlmişdir. Avtomobilin mühərrikində müəyyən detallar yararsız vəziyyətdə olmuşdur. Həmin avtomobilə müəyyən detalları onun iştirakı İddiaçı özü almışdır. Avtomobili onun yanına 3-4 ay əvvəl gətirmişdi. 2025-ci ildə idi. Maşında yarana problemlərin isə nə vaxt yaranması barədə heç nə deyə bilməz. Onun özünə 600 manat xidmət vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 575.1 Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri 9 saylı Notariat ofisində aralarında rəsmiləşdirilmiş 18 sentyabr 2024-cü il tarixli “Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında” Etibarnaməyə əsasən Cavabdeh tərəfindən “saz vəziyyətdə” adı altında, 13050 (on üç min əlli) manata ona satılmış “Mersedes Benz E 270 CDİ” minik markalı , **-UU-*** Dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin təmirinə detalların alınması üçün lazım olan 1318 manatın, mühərrikin farsunkalarının təmiri üçün lazım olan 500 manatın, sükan mexanizminin təmiri üçün lazım olan 200 manatın, mühərrikin blokunun tokar tərəfindən gilizlənməsi üçün lazım olan 300 manatın, turbonun yenilənməsi üçün 400 manatın, mühərrikin yığılması üçün usta pulu kimi lazım olan 700 manatın, ümumilikdə 3418 (üç min dörd yüz on səkkiz) manat məbləğində pul vəsaitinin xərclədiyini iddia edir. İş materiallarında olan Azərbaycan Vətəndaşının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan “Avto Sistem”in xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı “Mersedes Benz E 270 CDİ” minik markalı , **-UU-*** Dövlət qeydiyyat nişanlı avtomobilə aid olan detallara 1318 (bir min üç yüz on səkkiz) manat pul ödəmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Mersedes Benz E 270 CDİ” minik markalı , **-UU-*** Dövlət qeydiyyat nişanlı avtomobilə aid müəyyən detallar sökülmüşdür. Bakı şəhəri 9 saylı Notariat ofisində aralarında rəsmiləşdirilmiş 18 sentyabr 2024-cü il tarixli “Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, “Mersedes Benz E 270 CDİ” minik markalı , **-UU-*** Dövlət qeydiyyat nişanlı avtomobil üzərində sərəncam vermək hüququ iddiaçı tərəfindən cavabdehə etibar edilmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı cavabdeh ilə aralarında “Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında” etibarnaməyə əsasən Cavabdeh tərəfindən “saz vəziyyətdə” adı altında, 13050 (on üç min əlli) manata ona satılmış “Mersedes Benz E 270 CDİ” minik markalı , **-UU-*** Dövlət qeydiyyat nişanlı avtomobil satılmışdır. İddiaçı Cavabdeh “Mersedes Benz E 270 CDİ” minik markalı , **-UU-*** Dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin təmirinə detalların alınması üçün lazım olan 1318 manatın, mühərrikin farsunkalarının təmiri üçün lazım olan 500 manatın, sükan mexanizminin təmiri üçün lazım olan 200 manatın, mühərrikin blokunun tokar tərəfindən gilizlənməsi üçün lazım olan 300 manatın, turbonun yenilənməsi üçün 400 manatın, mühərrikin yığılması üçün usta pulu kimi lazım olan 700 manatın, ümumilikdə 3418 (üç min dörd yüz on səkkiz) manat xərcləməsinin məhz cavabdehin təqsirindən yaranması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Belə ki, iddiaçının yeganə sübut kimi məhkəməyə təqdim etdiyi şahid X3 məhkəmə iclasında avtomobil ustası kimi ehtiyat hissələrini təqdim etdiyi Mersedes Benz E 270 CDİ” minik markalı , **-UU-*** Dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin təmir etdiyini bildirsə də, həmin nasazlıqların kimin təqsirindən yaranması barədə heç nə deyə bilməyəcəyini bildirmişdir. Bundan başqa, o, avtomobilin onun yanına 2025-ci ildə gətirildiyini bildirmişdir. Belə olan halda, iddiaçının yeganə sübut kimi məhkəməyə təqdim etdiyi ustanın ifadəsi çəkilən xərclərin məhz cavabdehin təqsirindən yaranması təsdiq etmir. Əksinə, həmin nasazlıqların aradan qaldırılması üçün avtomobilin 18 sentyabr 2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya təqdim edildiyi tarixdən ən azı 3 ay sonra iddiaçının X2 müraciət etməsinin təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilməmişdir, ona görə əşyanın qüsurları üçün cavabdeh məsuliyyət daşıya bilməz. Əksinə, iddia ərizəsindən və iddiaçının izahatı, şahidin ifadəsi ilə müəyyən edilmişdir, iddiaçı ilə cavabdeh arasında faktiki olaraq alqı-satqı müqaviləsi mövcud olmuşdur və avtomobil iddiaçıya təhvil verilərkən istismara yararlı ollmuşdur. İddiaçı hər hansı hüququnun pozulduğu sübut edə bilmədiyi iddia tələbi təmin edilə bilməz. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət etmədiyindən məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 55 (əlli beş) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan 55 (əlli beş) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

Qətetdi:

İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar