Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-873/2021 27.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi İddiaçı onun qızıdır. İddiaçı bir neçə il əvvəl Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların qeyri-rəsmi nikah münasibəti rəsmiləşdirilməmişdir. Birgə nikahlarından 15 dekabr 2010-cu ildə “Ziyaddın” adlı 1 (bir) oğlan uşağı anadan olmuşdur. Onların qeyri-rəsmi nikah münasibəti rəsmiləşdirilmədiyi üçün uşaqlarının atalığı məhkəmə qaydasında müəyyən edilməklə, doğum haqqında şəhadətnamə alınmışdır. Ailə qurduqdan sonra bir müddət ərzində onların qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə onlar ayrılmaq qərarına gəlmiş və artıq uzun müddətdir ki, ər-arvad kimi birgə təsərrüfat aparmırlar. İmişli Rayon Məhkəməsinin 2(036)-1556/2014 saylı, 14 avqust 2014-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından 15 dekabr 2010-cu ildə anadan olmuş Nuriyev (Ələkbərov) Ziyaddın Eldəniz oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 103 (yüz üç) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan oğlan uşaqları X6 İddiaçı himayəsindədir. Ötən müddət ərzində Cavabdeh ödədiyi 103 (yüz üç) manat sabit pul məbləğində aliment hesabına yetkinlik yaşına çatmayan oğlan uşaqları Ziyaddının tələbatı ödənilmir. Təbii ki, uşağın böyüməsi ilə əlaqədar onun xərcləri də artır. Eyni zamanda bildirir ki, onların oğlan uşaqları Ziyaddın orta məktəbdə təhsil alır və Aynur xanım onun gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir. Bundan başqa, İddiaçı heç bir yerdə işləmir, maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Lakin Cavabdeh fərdi əmək ilə məşğul olur (ustadır) və onun müəyyən məbləğ qazancı vardır. Buna baxmayaraq, o, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarını da tam və vaxtı-vaxtında ödəmir. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Lakin Eldəniz yetkinlik yaşına çatmayan oğlan uşaqları Ziyaddına layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir, hətta uzun müddətdir ki, onun ilə qəti maraqlanmır. Düzdür, Aynur xanım bir ana kimi uşaqlarına maddi və mənəvi cəhətdən köməklik edir. Lakin bu hal Eldənizi bir valideyn, bir ata kimi öz doğma övladlarını saxlamaq, onun qayğıları ilə maraqlanmaq vəzifəsindən və məsuliyyətindən azad etmir. Eyni zamanda, hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Bu səbəbdən də, hüquqlarını təmsil etdiyi İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, İmişli Rayon Məhkəməsinin 2(036)-1556/2014 saylı, 14 avqust 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, birgə nikahlarından 15 dekabr 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 175 (yüz yetmiş ebş) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 196934 №-li, 22 iyul 2013-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 15 dekabr 2010-cu ildə İddiaçı doğulmuş “X1” atasıdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 141641 №-li, 26 iyul 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 15 dekabr 2010-cu ildə “X6” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-1556/2014 saylı, 14 avqust 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından 15 dekabr 2010-cu ildə anadan olmuş Nuriyev (Ələkbərov) Ziyaddın Eldəniz oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 103 (yüz üç) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuş, onların qeyri-rəsmi nikahından 15 dekabr 2010-cu ildə “Ziyaddın” adlı 1 (bir) oğlan uşağı anadan olmuş, Cavabdeh 15 dekabr 2010-cu ildə anadan olmuş “Ziyaddın” adlı 1 (bir) oğlan uşağının atasıdır, uşaqları yetkinlik yaşına çatmamış və iddiaçı (ana) İddiaçı himayəsindədir. Bundan başqa, İmişli Rayon Məhkəməsinin 2(036)-1556/2014 saylı, 14 avqust 2014-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından 15 dekabr 2010-cü ildə anadan olmuş Nuriyev (Ələkbərov) Ziyaddın Eldəniz oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 103 (yüz üç) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı qızının xeyrinə ödənilməsi müəyyən edilmişdir. Bundan başqa, İddiaçı nümayəndəsi X2 deməsinə görə, İddiaçı heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir, lakin Cavabdeh fərdi əmək ilə məşğul olur, müəyyən məbləğ qazancı vardır, lakin rəsmi iş yeri yoxdur və müntəzəm əmək haqqı almır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarının 8.1-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Həmin Qərarın 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair 27 yanvar 2015-cı il tarixli Qərarında qeyd edilmişdir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda qeyd edilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Bununla yanaşı, məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan sabit pul məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra icraya yönəlməli və həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, lakin irəli sürülmüş iddia tələbin mahiyyəti aliment məbləğinin artırılması ilə bağlıdır. Bu səbəbdən də, qanunun tələbləri aliment məbləğinin artırılması ilə bağlı tələbə aid edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, aliment alınması haqqında iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu meyarı üzrə 30 (otuz) manat məbləğində müəyyən edilməli və iddiaçı aliment tələbinə dair iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, Cavabdeh tutularaq, dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X4 fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də, Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumun 175 manat məbləğində müəyyən edilməsini, aliment verməyə borclu olan cavabdehin aliment verməsinə dair maddi imkanlarını və iddiaçının uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)- 1556/2014 saylı, 14 avqust 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 103 (yüz üç) AZN sabit pul məbləğində alimentin miqdarı 175 (yüz yetmiş beş) AZN sabit pul məbləği həddində artırılmalı, tərəflərin birgə nikahından 15 dekabr 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 175 (yüz yetmiş beş) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1556/2014 saylı, 14 avqust 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 103 (yüz üç) AZN sabit pul məbləğində alimentin miqdarı 175 (yüz yetmiş beş) AZN sabit pul məbləği həddində artırılsın. Tərəflərin birgə nikahından 15 dekabr 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 175 (yüz yetmiş beş) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X3 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-873/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-873/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver