Məhkəmə qərarları › İş №2(036)-887/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-887/2024

21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-887/2024 21.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki mübahisə (açar sözlər: alimentin artırılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci ıl təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçun müəyyən edilmiş alimentin miqdarının artırılıb sabit pul məbləğində hər ay hər uşağa görə 235 manat olmaqla iki uşağa görə 470 manat müəyyən edilərək alınıb iddiaçıya verilməsi, habelə mediasiya xərcinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci ıl təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçun müəyyən edilmiş alimentin miqdarının artırılıb sabit pul məbləğində hər ay hər uşağa görə 235 manat olmaqla iki uşağa görə 470 manat müəyyən edilərək alınıb iddiaçıya verilməsi, habelə mediasiya xərcinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə evlənib rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahlarından 24 07.2008-ci il təvəllüdlü X6 və 17 09.2011-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri tutmadığından rəsmi ayrılmışlar və İmişli rayon məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən himayəsində olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 110 manat olmaqla iki uşağa görə ayda 220 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması müəyyən edilmişdir. Cavabdeh işləyir, qazanır. Lakin himayəsində olan uşaqlar maddi cəhətdən ehtiyac içində yaşayır. Alimentin müəyyən edildiyi vaxtdan bəri ölkədə uşağın yaşayış minimumu artırılaraq bu il ayda 235 manat müəyyən edilmişdir. Cavabdeh uşağın dolanışacağı ilə maraqlanmır. Hazırda ayda 110 manatla uşağın saxlanması mümkün deyil, istehlak malları xeyli bahalaşmışdır. Uşaqlar məktəbli olmaqla məktəbli paltarları, dərs ləvazimatı alınmasına xeyli vəsait tələb olunur. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər işləyib qazanmasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manata çatdırılmalıdır.

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə 2007-ci ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı iki övladı olmuşdur. İmişli rayon Məhkəməsinin 2(036)-852/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış rəsmi nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü 14 mart 2023-cü il tarixdən başlayaraq iddiaçının xeyrinə cavabdehdən hər bir uşaq üçün 110 (yüz on) manat olmaqla, ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Onun alimentin artırılmasına dair iddia ərizəsinə hər hansı bir sübut əlavə edilməmişdir. Eyni fərziyyələr, eyni sözlər hər zamanki davranış tərzi, bir mənası olmayan fikirlər. Bu davranışın nəticəsidir ki, ailəsi dağılmış, hər iki övladı yanlış yola, ana qayğısına daha çox ehtiyacları olduğu vaxtda atanın yanında qalmaqlarını seçmişdilər ki, bu da gələcəkdə onlara müəyyən problemlər yaradacaq. İddiaçı başa düşmək istəmir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. İmişli rayon Məhkəməsi 2023-cü ildə işə baxarkən, 2023-cü il üçün nəzərdə tutulmuş yaşayış minimumu olan 220 manatı aralarında yarı bölmüşdür. Nə iddiaçı, nə də cavabdeh həmin qətnamədən şikayət etməmişdir. Tam şəkildə valildeynlərinin dəstəyi ilə həmin məbləği də ödəyir. 2024-cü il üçün isə yaşayış minimumu bir uşaq üçün 235 manat müəyyən edilmişdir. Yəni, məntiqlə götürülsə, artırılmış 15 manat aralarında bölünə bilər. Lakin bunun üçün də iddiaçı cavabdehin qazanclarının artması barədə məhkəməyə boş söz yox, sübut təqdim etməlidir. Qanunvericilikdə alimentin tutulması ilə alimentin artırılması əsasları fərqlidir. Qanunvericiliyə görə alimentin müəyyən olunmuş miqdarının dəyişilməsini tərəflərdən biri məhkəmə qaydasında o halda tələb edə bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra digər tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş olsun.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-852/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə 238 nömrəli nikah akt qeydi ilə bağlanmış rəsmi nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər bir uşaq üçün 110 (yüz on) manat olmaqla, ayda 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

10. 17.04.2023-cü il tarixli AZ-İ seriyalı 397597 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

11. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********003100 saylı cavab məktubundan görünür ki, Cavabdeh (VÖEN **********) uçot-baza məlumatlarına əsasən “fərdi qaydada bərbər fəaliyyəti (9602901)" fəaliyyət növü ilə qeydiyyatdadır və xx.xx.2024-cü il tarixə fəaliyyətinin aktiv olduğu, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən heç bir dövriyyəsinin olmadığı müəyyən edilir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə Sabit vergi üzrə 7.50 manat ödəniş edilmişdir.

12. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb edir.

13. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. Qeyd edilən qanunvericilik normasının tələbindən göründüyü kimi qanunvericilik alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda icazə verir və bu dəyişikliyin baş verib-verməməsini sübut etmək vəzifəsi, alimentin artırılmasını tələb edən iddiaçının üzərinə düşür.

15. İddiaçı tərəfindən isə bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********003100 saylı cavab məktubundan müəyyən edilmişdir ki, vergi ödəyicisi olan cavabdehin heç bir dövriyyəsi olmamaqla maddi vəziyyətində dəyişiklik olmamışdır.

16. Eyni zamanda məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını bərabər saxlamağa borclu olduqlarından, uşağın saxlamalı olmasına dair vəzifənin icrası yalnız cavabdehin üzərinə qoyula bilməz.

17. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə iddiaçı haqlı deyildir.

18. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. VI. Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci ıl təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçun müəyyən edilmiş alimentin miqdarının artırılıb sabit pul məbləğində hər ay hər uşağa görə 235 manat olmaqla iki uşağa görə 470 manat müəyyən edilərək alınıb iddiaçıya verilməsi, habelə mediasiya xərcinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar