Məhkəmə qərarları › İş №2(036)-891/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-891/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-891/2024 19.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15000 manat məbləğində pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təxminən 1 il 4 aydır ki, Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissədə tağım komandiri vəzifəsində ışləyir və hərbi hissədə qalır. İmişli rayon sakini Cavabdeh ilə 2019-2020-ci illərdə Ağcabədi rayon Taxta körpü ərazisində yerləşən N saylı hərbi hissədə bir yerdə işləmişdir. 2020-ci ildə Cavabdeh ona öz adına kredit götürüb verməsini xahiş etmişdir. O, İlhama kredit götürə biləcəyini, lakin aylıq ödənişlərini özü etməsini bildirmiş, həmin vaxt Cavabdeh onunla razılaşmış və krediti özü 2-3 aya bağlayacağını demişdir. O da öz adına 10.000 manat kredit götürmüş və Cavabdeh vermişdir. Kredit götürdükdən sonra əvvəlki aylıq ödənişləri Cavabdeh ödəmiş, sonradan Cavabdeh ondan aldığı pulları başqa şəxsə verməsini və həmin şəxsin kreditin qalan aylıq ödənişlərini ödəyəcəyini demişdir. 2021-ci il tarixdə müharibədən sonra o Cavabdehla birlikdə Qubadlı rayonunda N saylı hərbi hissəyə getmişlər. Qubadlı rayonunda olan zaman Cavabdeh ona probleminin olmasını, onun adına kredit götürüb başqa şəxsə verməsini, həmin pulu alıb Qubadlı rayon prokurorluğuna verəcəyini demişdir. 2022-ci ilin noyabr ayında o, Cavabdeh kreditin aylığını ödəməməsini görmüş, telefonla İlhama zəng etmiş, adının gecikməyə düşməsini və özünə kreditlə ev alacağını demişdir. İlham da ona İmişli rayonunda faizə pul verən bir nəfər şəxs olmasını və onun idarə etdiyi “Mitsubishi Pajero” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobili faizə pul verən şəxsin adına keçirməyini, qarşılığında 15.000 manat pul alacağını demişdir. O da idarə etdiyi “Pajero” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonuna getmiş, İlhamla görüşərək onun dediyi şəxsin Xalid Abuzərovun yanına getmişlər. O İlhamla birlikdə İmişli rayonunda qeydiyyat imtahan və texniki baxış şöbəsinə getmiş, adına olan avtomobili İlhamın tanışı Xalid Abuzərovun adına keçirmiş, bundan sonra Xalid adlı şəxs onlara 15.000 manat pul vermişdir. Xalid Abuzərov ona 3 aylıq etibarnamə vermiş, lakin avtomobil onda qalmışdır. 15.000 manat puldan İlham onun adına götürdüyü 10.000 manat kreditin 7.500 manat qalıq borcunu vermiş, qalan 7.500 manata ehtiyacı olmasını deyərək götürmüşdür. 2022-ci il noyabr ayında faizə pul verən Xalid Abuzərov ona zəng etmiş, İlhamın işdən çıxmasını və tutulmasını demiş, o da xəbərinin olmadığını demişdir. Daha sonra Xalid Abuzərov ondan faizə alınan pulun aylıq ödənişini kimin ödəcəyini soruşmuş, o da İlhamın həbsdən çıxmasını gözləməsini demişdir. 2023-cü ilin mart ayında Cavabdeh həbsdən çıxmış, yay aylarında İlhamla İmişli rayonunda görüşmüş, X1 pulunu verməsini və avtomobili Xalidin adından çıxartmaq istədiyinii söyləmiş, İlham isə ona avtomobili satmağını, Xalidin pulunu verməsini və ona olan borcunu verəcəyini demişdir. O, avtomobili Bakı şəhərinə aparıb 17.000 manata satmış və Xalid Abuzərova 15.000 manat pul vermişdir. O, sonradan Cavabdeh 15.000 manat borcunu tələb etmiş, Cavabdeh pulu qaytarıb verəcəyini demiş, lakin verməmişdir. xx.xx.2024-cü il tarixdə o bu məsələ ilə bağlı İmişi rayonunda yaşayan Cavabdeh atası Misirxana zəng etmiş, İlhamın ona borcu olmasını, lakin verməməsini demiş, atasıda ona oğlu İlhamla danışıb xəbər edəcəyini demişdir. xx.xx.2024-cii il tarixdə axşam saatlarında Cavabdeh ona zəng edərək, telefonda əsəbi şəkildə nalayiq ifadələr işlədərək işlədiyi N saylı hərbi hissəyə gələcəyini demişdir. Bundan sonra o, Ağcabədi Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin Ağcabədi Rayon Polis Şöbəsinin xx.xx.2024cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Ağcəbədi Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının 01 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarmda Bakı şəhəri Sabunçu rayonu Ramanı qəsəbəsi Bünyatzadə küçəsi ev 173-də qeydiyyatda olmaqla hazırda Ağcabədi rayonu Minəxorlu kəndi ərazisində yerləşən N saylı hərbi hissədə işləyən və qalan İddiaçı ilə İmişli şəhəri H.Əliyev prospekti dalan 3 ev 8 ünvanında yaşayan Cavabdeh arasında Minəxorlu kənd ərazisində yerləşən N saylı saylı hərbi hissədən kənarda şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Cavabdeh İddiaçı yaxasından tutmuş və sifət nahiyəsinə bir dəfə şillə vuraraq ona fıziki ağrı yetirmişdir. Bundan əlavə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 15.000 manat borcu vardır.

4. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus "xxxx" ASC-dən əldə edilmiş “ödəniş kartı üzrə çıxarış”dan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmişdir.

5. İşə əlavə edilmiş tərəflərin “WhatsApp” sosial şəbəkəsi vasitəsilə olan yazışmalardan müəyyən olunur ki, Cavabdeh İddiaçı borcu vardır və borcunun qaytaracağı barədə vədlər vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.

7. Cavabdeh məhkəmənin əvvəlki iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

8. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

9. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

10. Maddə. 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

11. Maddə. 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

12. Maddə. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

21. Məhkəmə tərəflərin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.

22. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı 2020-2021-ci illərdə Cavabdeh qaytarmaq şərti ilə ümumilikdə 15000 manat borc pul vermişdir. Lakin sonuncu razılaşmanı pozaraq öhdəliyini yerinə yetirməmiş və aldığı pulu geri qaytarmamışdır.

23. Ağcəbədi Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının 01 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Cavabdeh İddiaçı 15.000 manat borcu olduğu müəyyən olur.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.

25. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

26. Borc müqaviləsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

27. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (MM-nin 442, 443.1 və 445.2.1ci maddələri).

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

32. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas olmadığı üçün o, əldə etdiyini iddiaçıya qaytarmalıdır.

33. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinin rədd edilməsi barədə etirazının əsaslarını təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir.

34. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh 15000 manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası təmin edilsin. Cavabdeh 15000 manat məbləğində pul vəsaiti alınıb İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar