Məhkəmə qərarları › İş №2(036)-899/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-899/2022

13.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-899/2022 13.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 22 iyun 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İmişli Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(036)-566/2021 saylı qətnaməsinə əsasən cavabdehdən hər ay onun xeyrinə tutulması müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı tam şəkildə qəbul etdiyini, hər ay iddiaçının xeyrinə 193 manat sabit pul məbləğində aliment ödəməyə etirazının olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(036)-566/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, 22 iyun 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 193 (bir yüz doxsan üç) manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233-234, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İmişli Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(036)-566/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 22 iyun 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 193 (bir yüz doxsan üç) manat aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar