Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-965/2024 25.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: pulun qaytarılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin vurduğu 3.400 manat məbləğində zərərin ondan tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehin vurduğu 3.400 manat məbləğində zərərin ondan tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2022 ci ilin yay aylarında tanış olmuş və aralarında normal münasibətlər yaranmışdır. Onları 1 saylı Dəmiryol Poliklinikasında həkim işləyən xalası oğlu X1 tanış etmişdir. 2022-cu ilin avqust ayının əvvəllərində cavabdeh iddiaçıdan 3400 manat pul istəmişdir ki, Dövlət Sosial Müdafiə Fondunda işləyən qohumları vasitəsi ilə iddiaçının pensiya almaq işlərini həll etsin. İddiaçı həmin pulun 3100 manatını 10 avqust 2022-ci ildə Nərimanov rayonu ərazisində yerləşən 5 saylı xəstəxananın yaxınlığında cavabdehə vermiş, bir müddətdən sonra o, razılaşdığı pulun qalan 300 manatını da istəmişdir ki, təqaüd işi artıq düzəlmək üzrədir. İddiaçı da tanışlarından borc alaraq yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi “Gənclər Şəhərciyi"ndə olan ödəniş terminalı vasitəsi ilə onun bank kartına göndərmişdir. Lakin, bir müddətdən sonra cavabdeh söz verdiyi işi görməmiş, daha sonra isə çox adamlara borclu olduğunu bildirərək pulu qaytarmaqdan imtina etmişdir. Razılaşdığı vaxtda pensiya işi düzəlməmişdir. Nəticəni soruşduqda cavabdeh həmişə işin düzələcəyini bildirmişdir. Daha sonra isə guya pulu pensiya işinin düzəlməsi üçün Vüsal adlı şəxsə verdiyini bildirmişdir. Bir müddətdən sonra isə cavabdeh iddiaçıdan gizlənməyə başlamış və daha sonra pulu qaytarmaqdan ümumiyyətlə imtina etmişdir. Cavabdehin iddiaçını aldadaraq pulunu ələ keçirdiyi üçün şikayət ərizəsi ilə Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Polis İdarəsində araşdırma zamanı cavabdeh iddiaçıdan 3400 manat pulu aldığını etiraf etmiş və bu barədə ətraflı izahat da vermişdir. Araşdırmanın nəticəsi olaraq Abşeron rayon polis idarəsinin istintaq şöbəsi 02 sentyabr 2023-cü il tarixli qərarla ərizə əsasında cinayət işi başladılmasını rədd edərək mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. 02.09.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan müəyyən olunur ki, iddiaçı özünə təqaüd düzəltdirmək üçün cavabdehə 3500 manat pul vermiş, cavabdeh həmin pulu Vüsal adlı şəxsə vermişdir.
10. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıya təqaüd düzəltmək adı ilə 3400 manat məbləğində pulu iddiaçıdan almışdır.
11. Bu baxımdan cavabdeh, ona aid olmayan iddiaçının 3400 manat pul vəsaitinə yiyələnməklə əsassız olaraq varlanmışdır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021ci il tarixli Qərarında qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
14. Beləliklə, cavabdeh 3400 manat məbləğində pulu nə qanuni, nə də müqavilə əsası olmadan iddiaçıdan almışdır. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
VI. Nəticə:
15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 3.400 manat məbləğində zərər tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev