Məhkəmə qərarları › İş №2(036)-973/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-973/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-973/2022 24.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 (üç min) manat məbləğində borcun və 50 (əlli) manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İmişli şəhəri, Qaradonlu Kürdəmir dolama yolunun sol hissəsində (İmişli İdman kompleksi ilə üzbəüz) yerləşən “Yağmur mebel” mağazasının müdiridir. Həmin mebel mağazasında müxtəlif çeşiddə mebellərin satışı ilə məşğul olur. 2020-ci ilin ortalarında İmişli rayon sakini Cavabdeh mağazadan 5900 manat dəyərində “Paris” yataq dəsti, “Xanadan” yataq dəsti, 1 ədəd masa, 6 ədəd stul, 600 manat dəyərində mətbəxt stol-stulu və 1 ədəd 780 manat dəyərində televizor almışdır. Aldığı malların dəyərindən 4280 manat ödəmiş, qalıq 3000 manat borcu ödəməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Həmçinin bildirmişdir ki, cavabdehlə aralarında hər hansısa bir müqavilə bağlanmamışdır. Onun mağazadan müxtəlif çeşiddə mebel və məişət avadanlıqların aldığını şahidlər də təsdiq edə bilər. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, “Yağmur mebel” mağazasında usta kimi işləyir. 17 aprel 2020-ci il tarixdə Bəhrəmtəpə qəsəbə sakini Cavabdeh “Yağmur mebel” mağazasından “Paris” yataq dəsti, stol, stul, mətbəxt stulu, “Xanadan” yataq dəsti almış və onun iştirakı ilə həmin mebel və məişət avadanlıqları Cavabdeh evinə quraşdırılmışdır. Cavabdeh borcun bir qismini ödəmiş qalıq borcu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid X2 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh “Yağmur mebel” mağazasından 5900 manat dəyərində “Paris” yataq dəsti, “Xanadan” yataq dəsti, 1 ədəd masa, 6 ədəd stul, 600 manat dəyərində mətbəxt stol-stulu və 1 ədəd 780 manat dəyərində televizor almış, aldığı malların dəyərindən 4280 manat ödəmiş, lakin qalıq 3000 manatı borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... 740.1-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat borc və 50 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3050 manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 manat borc və 50 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3050 (üç min əlli) manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar