Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1002/2023 29.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 29 noyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən cinayət nəticəsində ona vurduğu 4800 manat maddi və 3000 manat mənəvi zərərin, iddianın verilməsi üçün ödədiyi 98 manat dövlət rüsumu olmaqla, cəmi 7898 manat məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qonşusudur. 22 noyabr 2022-ci il tarixdə spirtli içki qəbul etdiyi üçün qonşusu Cavabdeh ayıq sürücü kimi dəvət edərək ondan özünə məxsus "VAZ 2105” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşınını sürməsini xahiş etmişdir. O, hadisə vaxtı avtomaşında qabaq sağ oturacaqda əyləşmişdir. İsmayıllı şəhəri, H.Əliyev pr-ti ilə İsmayıllı şəhəri Kolxoz bazarı istiqamətində hərəkət etdikləri zaman Cavabdeh avtomaşınını yüksək sürətlə,yəni texminən 120-130 km/saat sürətlə idarə etmişdir. O, Gündüzdən avtomaşını asta sürməsini xahiş etsə də, sonuncu onun sözünə qulaq asmamışdır. Həmin yolda "Qala Palace” adlanan şadlıq sarayı ilə üzbəüz yolda əl əyləcini çəkmiş və avtomaşının idarə etməsini itirməsi nəticəsində yolun sol tərəfində yerləşən işıq dirəklərindən birinə çırpılmışdır. Nəticədə o az ağır bədən xəsarətləri almışdır. Tibbi yardım almaq üçün əvvəl İsmayıllı RMX-na, daha sonra isə Göyçay RMX-na müraciət edib tibbi yardım almışdır. Hadisə nəticəsində onun sağ bud sümüyünün çoxqəlpəli yerdəyişmiş sınığı, sümük defekti ilə sağ daban sümüyünün açıq sınığı və bədənin çoxsaylı sıyrılmış yaraları kimi ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almağına,ona məxsus "VAZ-2105 minik” markalı **- ES-*** dövlət qeydiyyat nişanlı avtomobil isə ciddi şəkildə əzilməklə 4000 manat məbləğində, hadisə zamanı üstündə olan "Samsung” markalı dəyəri 800 manat olan mobil telefonun əzilərək tam yararsız vəziyyətə düşməsi nəticəsində və düzəlməsi mümkün olmadığından 800 manat zərər çəkməklə ümumilikdə ona 4800 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Əzilmiş "Samsung” markalı telefonu məhkəmə prosesində məhkəməyə təqdim edəcəkdir. Cinayət işinə əlavə olunmuş "X1 servis” tərəfindən tərtib olunmuş arayış məlumatlarına əsasən 1981-ci il buraxılışlı "VAZ 2105” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3940 manat zərər dəyməsi müəyyən edilmişdir. Cavabdeh isə ona vurulan zərərin ödənilməsinə cəhd etmir, bu barədə heç bir razılıq əldə etməyə çalışmır. O, baş vermiş cinayət hadisəsi nəticəsində faktiki olaraq 8800 manat maddi zərər çəkmişdir. Belə ki, aldığı xəsarətlərin ağırlığı və müalicəsi üçün Göyçay RMXda uzun müddət stasionar şəraitdə müalicədə olmuşdur. Müalicəsi üçün tələb olunan tibbi ləvazimatın əldə olunması, yol və sairə xərclərə görə ona xeyli maddi zərər dəymişdir.Lakin müalicəsi, yollara gediş-gəlişə və sair xərclərə görə xərclədiyi vəsaiti sübut edəcək sənəd və sübutları təqdim edə bilmədiyi üçün o yalnız təqsirləndirilən və eyni zamanda mülki cavabdeh olan şəxsdən ona dəymiş maddi zərərin yarı hissəsini tələb edir. Belə ki, avtomobilinə və telefona dəyən zərər sübutludur və hər iki əmlak mövcuddur.Göründüyü kimi cavabdehin cinayət əməli sübutludur və İsmayıllı Rayon Məhkəməsinin 1(037)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Qeyd edilən cinayət işi üzrə tədqiqata təqdim edilmiş "X1 servis” tərəfindən tərtib olunmuş arayış məlumatlarına əsasən 1981-ci il buraxılışlı "VAZ 2105” markalı,**-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3940 manat zərər dəyməsi müəyyən edilmişdir. Bu avtomaşına dəyən real zərərdir və cavabdeh tərəfindən ödənilməlidir.Lakin faktiki vəziyyətdə dəyən zərər 4000 manatdan da çoxdur. Eyni zamanda cavabdeh onunla yaxın qonşudur.Hadisə nəticəsində aldığı xəsarətlərə görə qonşu Göyçay rayon xəstəxanasında uzun müddət qalıb müalicə olunmuş və hazırda da tam sağalmışdır. Hadisədən ötən 9 aydan artıq müddətdə cavabdeh bir dəfə də olsa ona baş çəkməmiş, atasının minik avtomobili olduğu halda bircə dəfə gündəlik İsmayıllı şəhərindən Göyçay şəhərinə xəstəxanaya yanına gələn valideynlərini yanına gətirməyə kömək etməmişdir. Ona dəyən maddi zərərin nəinki ödənilməsinə cəhd etməmiş, hətta hamının yanında zərəri heç vaxt ödəməyəcəyini bildirir.Bütün bunlar az imiş kimi məhkəməyə qədər və məhkəmədən sonra onu təhdid edir. Hətta sonuncu məhkəmədə hökm oxunduqdan sonra zaldan çıxan kimi məhkəmənin qarşısında küçədə onu hədələmiş, onu təhqir etmiş və hədələmişdir.Bununla da cavabdehin həm cinayət hərəkəti,həm də onun ona qarşı qanunsuz hərəkətləri ona olduqca mənəvi və fiziki iztirablar vermişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli xəbərnamə qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixli xəbərnamə qəbzi xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli xəbərnamə qəbzi isə xx.xx.2023-cü il tarixdə Cavabdeh qeydiyyatda olduğu və yaşadığı İsmayıllı rayonu,İsmayıllı kəndində şəxsən imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, “X1 Servis Mərkəzi”-nin 13 dekabr 2022-ci il tarixli 076-22 nömrəli arayışından görünür ki, “VAZ-21074” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomobilə yol nəqliyyat hadisəsi zamanı sağ qabaq qapı, sağ arxa qapı, sağ yan güzgü, sağ qabaq krel, qabaq kapot, qabaq təkər, alın şüşəsi (padpres) və avtomobilin damı, dvorniklər səthi baxış zamanı 3940 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2023-cü il tarixli № 9/2073 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhərində yerləşən avtomağaza və avtoservis müəssisələrində mövcud olan qiymətlərə,internet saytı (Turbo.az) məlumatlarına əsasən yol-nəqliyyat haduisəsindən əvvəlki vəziyyətdə,xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 1981-ci il buraxılışlı “VAZ-21074” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə normal vəziyyətdə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 3200 (4000+2500-3000)/3) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 1(037)-57/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil,yalnız hüquqi əhəmiyyət daşıyan,yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil,sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür:iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar;prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs,o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir:zərərin mövcud olması,zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması,zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya Cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi avtomaşına vurulmuş maddi ziyan məbləğinə dair hissədə qismən Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2023-cü il tarixli № 9/2073 nömrəli ekspert rəyində müəyyən edilmiş həddə təmin edilməli, Cavabdeh 3200 manat maddi zərər məbləği alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, 22 noyabr 2022-ci il tarixdə cavabdeh iddiaçıya məxsus "VAZ 2105” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən qəza törətmiş və nəticədə sonuncuya məxsus avtomaşına maddi ziyan dəymişdir. İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023cü il tarixli, 1(037)-57/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçıya məxsus avtomaşına dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2023-cü il tarixli № 9/2073 nömrəli ekspert rəyində “VAZ-21074” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 3200 manat məbləğində müəyyən edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomaşına cavabdehin təqsiri üzündən ziyan dəyməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübut olunsa da, qeyd edilən avtomaşına dəymiş maddi ziyan sonuncu tərəfindən hazırkı vaxtadək iddiaçıya ödənilməmişdir. Məhkəmə iddia tələbinin “Samsung” markalı mobil telefona vurulmuş 800 manat maddi ziyan məbləğinin tələb edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində baş vermiş cinayət hadisəsi vaxtı ona məxsus “Samsung” markalı mobil telefonun yararsız vəziyyətə düşməsi nəticəsində ona 800 manat məbləğində maddi ziyan dəyməsini qeyd etsə də, həmin mobil telefona dəymiş maddi ziyanın cinayət hadisəsi nəticəsində dəyməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir, eyni zamanda həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Bununla yanaşı,məhkəmə,iddianın,vurulmuş mənəvi ziyana görə 3000 manat miqdarında pul tələb etməsi hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı məhkəmə iclasında ilk növbədə cavabdehin hərəkətlərinin hüquqa zidd olmasını,həmin hüquqa zidd hərəkətlər nəticəsində sarsıntı keçirməsini və həmin sarsıntının onun şüurunda mənfi psixi reaksiyanın yaranmasına səbəb olmasını,habelə həmin hüquqa zidd hərəkətlər nəticəsində sağlamlığının pozulmasına səbəb olan iztirab keçirməsini və fiziki əzab çəkməsini, eləcə də həmin halların baş verməsi ilə cavabdehin təqsirli hərəkətləri arasında birbaşa səbəbli əlaqə olmasını inandırıcı dəlillərlə sübuta yetirə bilməmişdi. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq tərəflərə aid edilməli,iddia qismən təmin edildiyindən hazırkı iddia üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 98 manat dövlət rüsumu məbləğinin 52 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 46 manatı isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3200 manat maddi zərər və 52 manat dövlət rüsumu olmaqla, cəmi 3252 (üç min iki yüz əlli iki) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1002/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1002/2023
29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver