Məhkəmə qərarları › İş №2(037)-1013/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1013/2020

21.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1013/2020 21.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X11 oğlunun katibliyi ilə İddiaçı Osmanova (Niftalıyeva) Almas Sabir qızının cavabdeh X9 oğluna qarşı alimentin artırılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Osmanova (Niftalıyeva) Almas Sabir qızı (bundan sonra iddiaçı) X9 oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx xxxx 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(037)-266 nömrəli qətnaməsi ilə xx xxxx 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdehin 40 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşduir. Təyin olunmuş aliment hazırki şəraitdə uşağın saxlanılması üçün azlıq edir və uşağın normal təminatını ödəmir. Uşağın yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Uşaq anadangəlmə “Serebral iflic” xəstəsidir. Uşaq pensiya alır. O, uşağı saxladığına görə müavinat alır. Xəstə uşağa baxdığına görə heç yerdə işləyə bilmir. Cavabdeh isə İİ qrup əlil kimi pensiya almaqla yanaşı fərdi əməklə məşqul olmaqla normal gəlir əldə edir. Buna baxmayaraq ödədiyi az miqdarda alimentdən başqa uşağına heç bir köməklik etmir.Cavabdehin digər nikahdan övladının olması onu aliment ödəmək vəzifəsindən azad etmir. İddia ərizəsində uşağın saxlanması üçün təyin olunmuş alimentin artırılaraq 170 müəyyən edilməsini tələb etsə də, hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq uşağın saxlanması üçün ayda 80 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X4 işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Təranə Niftalıyeva izahat verərək göstərdi ki, məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik baş verməmişdir. Belə ki, cavabdeh ailə qurmuşdur və yeni nikahından bir övladı var. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qara ciyər serrozu, Hepatit “b” və “c” xəstəliyindən əziyyət çəkir və evdə yataq şəraitində müalicə olunur. İİ qrup əlil kimi 130 manat sosial müavinat alır. Aldığı pensiyadan uşağın alimentini ödədikdən sonra özünün müalicəsinə az məbləğdə vəsait qalır. Uşaq iflic xəstəsi kimi pensiya alır. İddiaçı özü xəstə uşağa baxdığına görə müavinat alır. Cavabdehin bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. AZ-İ 823397 nömrəli xx xxxxxxxx 2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin xx xxxx 2006-cı il tarixdə X6 adlı bir uşağı doğulmuşdur. AZ-İ 140743 nömrəli xx xxxx 2012-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında olan nikah ləğv edilmişdir. AZ-İ 745489 nömrəli xx xxxxx 2012-ci il tarixli nikah haqqında, AZ-İİ 983647 nömrəli xx xxxxxx 2012-ci il tarixli doğum haqqında şəhadətnamələrinin surətlərindən müəyyən edilir ki, cavabdehin digər nikahından xx xxxxxxx 2012-ci il tarixdə X8 oğlu adlı bir övladı doğulmuşdur. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(037)-266 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, xx xxxx 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehdən hər ay 40 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Pentensiar xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinin 157 nömrəli xx.xx.2020-ci il tarixli arayışının surətindən müəyyən edilir ki, cavabdeh İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə çəkilməmiş 9 ay 28 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının **********8 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışından müəyyən edilir ki, cavabdeh İİ qrup əlil kimi ayda 130 manat sosial müavinat alır. 3 nömrəli şəhər klinik xəstəxanasının “Xəstəlik tarixindən çıxarışın” surətindən müəyyən edilir ki, cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qara ciyər serrozu xəstəliyi ilə bağlı xəstəxanada müalicə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2 (037) - 266/ 2012 saylı qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən 40 manat aliment təyin olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşağın yaşının artması onun xərclərinin artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2012-ci ilə nisbətən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. İddiaçı cavabdehin İİ qrup əlil kimi pensiya almaqla yanaşı fərdi əməklə məşqul olmaqla gəlir əldə etdiyini, uşağın yaşının artmasının xərclərinin də artmasına səbəb olduğunu, cavabdehin maddi vəziyyətini nəzərə alaraq alimentin artırılaraq 80 manat müəyyən edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi cavabdehin məhkəmə qətnaməsi ilə aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişikliyin baş vermədiyini, cavabdehin digər nikahından da bir övladının olduğunu, qara ciyər serrozu Hepatit “b” və “c” xəstəliyindən əziyyət çəkdiyini və evdə yataq şəraitində müalicə olunduğunu, İİ qrup əlil kimi 130 manat sosial müavinat aldığını, aldığı pensiyadan uşağın alimentini ödədiyini, özünün müalicəsinə az məbləğdə vəsait qaldığını, uşağın iflic xəstəsi kimi pensiya aldığını, iddiaçının özünün də xəstə uşağa baxdığına görə müavinat aldığını, cavabdehin bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Eyni zamanda, uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin iddiaçı ilə nikahından, habelə digər nikahdan doğulmuş uşaqların mənafeyini, iddiaçının hazırki aliment tələbini, cavabdehin nümayəndəsinin iddia tələbinə münasibətini nəzərə alaraq cavabdehdən tutulan alimentin miqdarının artırılaraq xx xxxx 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 (səksən) manat müəyyən edilməsini, alimentin tutulmasının hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmasını qanuni və əsaslı hesab edir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 210-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. xx xxxx 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Osmanova (Niftalıyeva) Almas Sabir qızına ödənilən alimetin miqdarı artırılaraq X9 oğlundan hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Osmanova (Niftalıyeva) Almas Sabir qızına ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. X9 oğlundan 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar