Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1039/2024 18.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 18 noyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 69000 ABŞ dolları (dolların manata olan məzənnəsinə uyğun olaraq 117300 manat) pul və 407,30 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 117707,30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, X10 cavabdehin oğludur. O, 1996-cı ildə Moskva şəhərində biznes qurmuşdur. 2003-cü ildə Asimanı özü ilə ora aparmış və Asiman işçim olmuşdur. Asiman 2008-ci il tarixində özünə Bakı şəhərində yeni tikilən binalardan birində ev alınması ilə bağlı ona bildirmişdir. O da öz növbəsində Asimanın xahişini yerə salmamaq üçün "xxxx" MMC-yə məxsus Yeni Yasamal massivində yerləşən binalardan birində sahəsi 92 kv.metr olan 2 otaqlı mənzil almaqda köməklik göstərmişdir. 2014-cü il tarixində Binəqədi Rayon Məhkəməsində məhkəmə gedən müddətdə mənzilə görə ödənilmiş pulu ondan tələb etmişlər. Çünki, həmin mənzili Asimanın xahişi ilə o tapmış və Asimanın valideynləri baş verənlərin onun məsuliyyətsizliyi üzündən baş verdiyini düşünmüşlər. Dəfələrlə pulu ona deyil, MMC-yə ödənildiyini izah etməyə çalışsa da onlar bununla razılaşmaq istəməmiş və təkidlə pulu tələb etmişlər. O da öz növbəsində çıxılmaz vəziyyətdə qalıb mənzilin alınmasına görə ödənilən 69000 ABŞ dolları pulu (dolların manata olan məzənnəsinə əsasən 117300 manat) cavabdehə qaytarmaq məcburiyyətində qalmışdır. Bunun əvəzində isə Asiman qeyd olunan mənzilin onun adına rəsmiləşdirilməsindən ötrü etibarnamə verməli idi. 2017-ci ildən 2024-cü ilin iyul ayına kimi həmin mənzildən istifadə etmişdir. Lakin bu ilin əvvəlində Asiman öz qohumuna onun bioloji qardaşı olan, lakin sənədlə qardaşı oğlu sayılan Mürsəl Mahmudova etibarnamə vermiş, sonuncu da mənzilin qazın, işığın, suyun kəsdirərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsindən sənədlərin surətlərini götürərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə vermiş, kirayəşinləri evdən çıxarmışdır. Əgər ev Asimanın olsaydı, 2017-ci ildə Asimangil, atası və anası gələrdi icra məmurundan mənzili təhvil götürərdi. Əgər ev onun olmasaydı 9 il məhkəmələrdə sürünməzdi. Səsyazısında Asiman deyir ki, “bütün orijinal sənədlər səndədir, narahat olma”. Səsyazısında cavabdeh isə deyir ki, “Mürsələ də deyəcəm ki, bizim pulumuzu Əli verib, sən bizə pul verməmisən”. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində iş gedərkən müxtəlif tarixlərdə Asiman tərəfindən ona ayrı-ayrılıqda 2 etibarnamə verilmişdir. Lakin Asiman həmin pulun əvəzində Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Blok "7", mərtəbə "1", ümumi sahəsi 92 kv.metr, 625 nömrəli mənzilin (indiki ünvan: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 7-ci Alatava, "xxxx" MTK, Bina 92 K, mənzil 3) onun adına rəsmiləşdirilməsindən ötrü etibarnamə verməkdən imtina etmişdir. Hal-hazırda həm pulundan, həm də mənzilindən olmuşdur. Qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, o, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Asiman Zeynalov cəlb edilməklə cavabdeh "xxxx" MTKya qarşı "mənzilə dair cavabdehlə müqavilənin bağlanılması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2434/2024 saylı, 21 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Bu səbəbdən zamanında qeyd olunan mənzilin alınmasına görə sonradan cavabdehə qaytardığı 69000 ABS dolları pulu (dolların manata olan məzənnəsinə əsasən 117300 manat) tələb edir. Bununla bağlı pulun 5 gün müddətində ödənilməsi ilə cavabdehə 04 iyul 2024-cü il tarixində bildiriş göndərmiş, lakin heç bir ödəniş olmamışdır. Hazırda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Cavabdehdən 69000 ABŞ dolları (dolların manata olan məzənnəsinə uyğun olaraq 117300 manat) pul və 407,30 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 117707,30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/Vəkil təmsil etmişdir. Eyni zamanda cavabdeh məhkəməyə teleqram göndərərək bildirmişdir ki, hal-hazırda səhhətində yaranmış problemlərlə bağlı Bakı şəhərində müalicə olunur. Həm də onu aldadaraq səsini gizli şəkildə yazaraq onu məhkəməyə vermiş şəxsi görmək belə istəmir. Bu səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmədə onu nümayəndəsi və vəkili təmsil edir. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili/nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehin oğlu Asiman Zeynalov 11 fevral 2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzili "xxxx" MMCdən əldə etmişdir. Tərəflər arasrnda mübahisə yarandığına görə Asiman "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2014-cü il tarixli, 2(001)-1376/2014 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilinin cavabdehin oğlu Asiman Zeynalova verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2014-cü il tarixli, 2(103)-2694/2014 saylı qətnaməsi ilə "xxxx" MMC-nin şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2014-cü il tarixli, 2(001)-1376/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli, 2(102)- 3899/2024 saylı qərarına əsasən cavabdeh tərəfin kassasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2014-cü il tarixli, 2(103)-2694/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mənzillə əlaqədar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və mübahisələndirilə bilməz. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzil Asiman Zeynalova məxsusdur. Təxminən 1993-1994-cü illərdə iddiaçı Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində bizneslə məşğul olmuş və bir neçə ildən sonra Bakı şəhərinə qayıtmışdır. 1995-ci ildə isə cavabdehin həyat yoldaşının bacısı oğlu X1 şəhərinə bizneslə məşğul olmağa getmiş və uzun müddət orada işləmişdir. Mürsəl cavabdehin övladları Asiman və Dadaşı öz yanına apararaq işə götürmüş və bir neçə dəfə onların maaşlarını Bakı şəhərində yaşayan yaxın qohumu olan iddiaçı vasitəsi ilə cavabdehə göndərmişdir. İddiaçı axırıncı dəfə 2011-ci ildə övladlarının maaşlarını ona gətirmiş, indi də həmin pulların guya Asiman tərəfindən mənzilin alınması üçün ödənilmiş pulların əvəzi olaraq avtomobilini sataraq öz cibindən ona qaytardığını iddia edir. Vəkil sorğusuna əsasən iddiaçının adına heç bir nəqliyyat vasitəsi olmamış və sonuncu heç bir avtomobil satmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehə məlumat verilmədən, xəbəri olmadan, cavabdehi aldadaraq, qanunsuz, əsassız yazılmış səs yazısının neçənci ildə, nə vaxt, harada, hansı şəraitdəicra olunduğu məlum deyildir. Ümumiyyətlə, söhbətin hansı məbləğdən getdiyi açıqlanmır. İddiaçı səs yazısında qeyd edir ki, avtomobilini sataraq mənzilin pulunu qaytarmışdır. Görəsən, burada hansı avtomobildən söhbət gedir? Görəsən, iddiaçı hansı avtomobilini, hansı qiymətə sataraq mənzilin pulunu cavabdehə qaytarmışdır? İddiaçının tələb etdiyi 69000 ABŞ dolları (dolların manata olan məzənnəsinə əsasən 117300 manat) məbləğində pulu həyatı boyu cavabdeh heç vaxt görməmişdir. Uzun illərdir ki, iddiaçın yazın qohumu Mürsəllə biznes mübahisəsi, mülk davası gedir. İddiaçı hesab edir ki, Moskva şəhərində ilk dəfə biznesi o qurmuş, sonradan Mürsəl və cavabdehin övladları Asiman ve Dadaş bu biznesə qoşulmuşlar. İddiaçı Asimanı da Mürsəllə aralarında yaranmış mübahisəyə qatmaq istəyir. Bu səbəbdən də iddiaçı 2008-ci ildə Asiman tərəfindən alınan mənzilin gah onun olduğunu iddia edir, gah da mənzilin pulunu tələb edir. Səs yazısında Asiman iddiaçıya deyir ki, “Heç kimə, heç nə verməyəcəm, aranızda (yəni Mürsəllə) yaranmış mübahisəni özünüz həll edin”. İddiaçı cavabdehi hədəf seçərək, onun yaşlı, savadsız qadın olduğundan istifadə edərək, cavabdehin qanunla qorunan hüquqlarını pozaraq, aldadaraq, səsini gizli şəkildə yazaraq ona qarşı məhkəmədə iddia qaldırmış, səs yazsını sübut kimi məhkəməyə təqdim etmişdir. İddiaçı iddia etdiyi pulları cavabdehin nəslində olan kişilərə deyil, heç bir sənəd və qəbz tələb etmədən savadsız qadına vermişdir? 2008-ci ildə Asiman tərəfindən mənzilin alınması üçün ödədiyi pulları iddiaçı cavabdehə qaytarmamışdır. İddiaçı bir neçə dəfə Mürsəl tərəfindən Moskva şəhərindən göndərilən övladlarının maaşlarını cavabdehə çatdırmışdır. Son dəfə belə hal 2011-ci ildə baş tutmuşdur. Bundan başqa iddiaçı cavabdehə heç vaxt nəyəsə görə pul verməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları qanunsuz şəkildə əldə edildiyindən sübut növü kimi qəbul edilə bilməz. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İddia tələbinin əsassız olması ilə yanaşı, əgər iddiaçı 2011-ci ildə mənzilin pulunu cavabdehə qaytarsaydı belə, iddia müddətini üzrsüz səbəbdən ötürərək 13 ildən sonra cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı Şəhəri Yasamal Ryon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2(004)-2956/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı dostları, cavabdehlər X6, X12 və X7 Asiman Zeynalova məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dəvət olunmuş, X10 teleqram göndərərək bildirmişdir ki, İddiaçı mübahisələndirdiyi mülk ona məxsusdur. Əlinin qardaşı Mürsəllə mülk mübahisələri mövcuddur, Əli bu mübahisələrə həm onu, həm də anasını qatmaq istəyir. Əli heç vaxt evin dəyərini, pulunu anasına qaytarmamışdır. Əli onun və qardaşı Dadaşın maaşını Mürsəlin vasitəsi ilə anasına vermişdir. Moskva şəhərindən bir neçə günlüyünə gəldiyinə və vaxtının məhdud olmasını nəzərə alaraq məhkəmə proseslərində iştirak edə bilməyəcəkdir. Nəzərə alınmasını xahiş etmişdir. X2 ifadə verərək göstərdi ki, iddiaçı sənədlə əmisi sayılsa da əslində doğma qardaşıdır. Cavabdeh isə dayısı yoldaşıdır. O, Moskva şəhərində işləmişdir. Moskva şəhərinə işləmək üçün birinci iddiaçı, sonra o getmiş, iddiaçı isə sonradan qayıtmışdır. O, cavabdehin övladları Asiman və Dadaşı öz yanına apararaq işə götürmüş və bir neçə dəfə onların maaşlarını iddiaçı vasitəsi ilə cavabdehə göndərmişdir. Sonuncu dəfə iddiaçıya 2011-ci ildə pul göndərmişdir. İddiaçının mübahisəsi onunladır. X3 ifadə verərək göstərdi ki, iddiaçı onun oğludur, cavabdeh isə qardaşının gəlinidir. İddiaçı aparıb cavabdehin pulunu vermişdir. Mürsəl Mahmudov da bilir ki, pul verilmişdir. İş materiallarında olan: 11 fevral 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, X4 Yasamal yaşayış massivi, yaşayış evinin blok 7, mərtəbə 1, ümumi sahəsi 92, mənzil 625 izolə olunmuş 2 otaqlı mənzili 69000 ABŞ dolları məbləğinə "xxxx" MMC-dən əldə etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2014-cü il tarixli, 2(001)1376/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində yerləşən evin 7-ci blokunun 1-ci mərtəbəsində və ümumi yaşayış sahəsi 92 kv.metr olan 625-ci mənzilin X8 təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(004)- 2434/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə dair cavabdehlə müqavilənin bağlanılması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(004)- 2956/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X6, X12 və X13 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin 7-ci bloku, 1-ci mərtəbəsində yerləşən 625 saylı mənzildən (yeni qaydada: Bakı şəhəri, Yasamal rayonu, yeni Yasamal yaşayış massivi, 7-ci Alatava “Safari-N MTK” bina 92K, 3 saylı mənzil) çıxarılmaları qət edilmişdir. Cavabdeh və onun oğlu X10 ilə İddiaçı arasında keçən telefon danışıqlarının yazıldığı CD diskin məzmununda İddiaçı tərəfindən evin pulunun Cavabdeh verilməsi onun tərəfindən etiraf edilmişdir. 22 iyul 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 408 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə 69000 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı cavabdehə 69000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh isə həmin pulun ona verilməsini etiraf etməsə də göndərdiyi teleqramda onu aldadaraq səsini gizli şəkildə yazıldığını qeyd edir və aldadıldğı barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh pulu iddiaçıya qaytarmamış və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Belə ki, mübahisəli fərdi yaşayış evinə dair sənədlərin əsillərinin hazırda iddiaçıda olması və bunu cavabdehin oğlu Asiman Zeynalovla iddiaçı arasında telefon danışığında öz əksini tapması, iddiaçı tərəfindən evin pulu ödənildiyi üçün evin onun olmasını Asimana bildirməsi və Asimanın da bu faktı qəbul edərək, evin sənədinin ona verdiyini, bu məsələyə onu qatmamalarını, qardaşı ilə öz məsələlərini həll etmələrini bildirməsi, eyni zamanda Cavabdeh evin pulunun verildiyini, oğluna ona etibarnamə verməklə evi onun adına keçirməsini bildirməsini, evin pulunun ona verilməsi tərəflər arasında qeydə alınan telefon danışıqlarında Cavabdeh tərəfindən də etiraf etməsi əks olunmuşdur. Belə olan təqdirdə iddiası tərəfindən iş materiallarına əlavə edilmiş sözügedən səs yazıları olan CD diskdə qeyd edilmiş səs yazılarının qanunsuz əldə edilməsi barədə isə cavabdeh tətəfindən məhkəməyə hər hanbsı sübut təqdim edilməməsini əsas tutaraq, məhkəmə sözügedən səs yazılarını mötəbər sübut növü kimi qəbul edir. Bundan başqa məhkəmə cavabdeh tərəfindən hazırki tələbə iddia müddətinin tətbiqi barədə etiraz mülahizəsinə hüquqi qiymət verərək aşağıdakiləri qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Hazırki mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mübahisəli mənzillə bağlı 2014-cü il tarixdən 2024-cü il tarixədək müxtəlif məhkəmə çəkişmələri olmuş, iddiaçı mübahisəli evin onun adına rəsmiləşdiriləcəyinə ümid etmiş, 2024-cü ilin iyul ayına qədər həmin mənzildən istifadə etmiş, həmin tarixdən sonra isə fərdi yaşayış evinin ona verilməyəcəyini bilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əsassız varlanma obyektinin qayatarılması barədə iki illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. İddia tələbinin qanuni əsası baxımından məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Cavabdeh iddiaçının 69000 ABŞ dolları pulunu iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı oldğundan məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 407,30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh dolların manata olan məzənnəsinə uyğun olaraq 117300 manat (69000 ABŞ dolları) pul və 407,30 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 117707 (bir yüz on yeddi min yeddi yüz yeddi) manat 30 (otuz) qəpik tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1039/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1039/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver