Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1150/2024 18.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə 18 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona dəymiş 4025 manat məbləğində maddi ziyan, müstəqil ekspert rəyinə görə ödənilmiş 100 manat və ödənilmiş 62 manat dövlət rüsumu məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə Cəmalləddin qızı iddiaçı X1 adından məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək xüsusi mülkiyyətdə olan 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat aşağı düşdüyündən, Cavabdeh 4515 manat, sözügedən avtomobilə dəymiş ziyanla bağlı 25 manat, “X11 və Ekspertiza Mərkəzi” MMC-yə ödənilmiş 300 manat və məhkəməyə ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçı X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istəmişdir. Bu işin həll olunmasını kürəkəni Rəşad Qurbanova tapşırmışdır. Aprel ayının ortalarında kürəkəni ona zəng vuraraq bildirmişdir ki, avtomobilə müştəri var, ancaq 4000 manat ilkin ödəniş edir, pulun qalan hissəsini isə hissə-hissə ödənilməsini ona bildirmişdir. O, da, kürəkəninə etibar edərək onun dedikləri ilə razılaşmış və Cavabdeh etibarnamə verilmişdir. Bir müddət keçdikdən sonra, ona məlum olmuşdur ki, cavabdeh xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı, "KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə avtoqəzaya düşmüş və onun xüsusi mülkiyyətində olan avtomobilinə xeyli miqdarda zərər dəymişdir. Bakı şəhəri Nərimanov rayon X15 Şöbəsində cavabdeh barəsində xx.xx.2024-cü il tarixdə X12 Protokol tərtib edilmişdir. Bundan başqa, Nərimanov rayon X15 Şöbəsində cavabdehin təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar çıxarılmış, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qəzadan sonra, cavabdehə xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilini qəzalı vəziyyətdə gətirib onun kürəkəninə vermişdir. Xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən zərər aşağıdakılardan ibarətdir. Ehtiyyat hissələri - ön sol fara 1 ədəd qiymati - 250 manat, ön üzlük 1 ədəd qiyməti -150 manat, ön bamper 1 ədəd, qiyməti - 350 manat, ön sol dumanı 1 ədəd qiyməti - 250 manat, sağ-sol qanad altı 2 ədəd, qiyməti -120 manat, ön sol çaşka 1 ədəd qiyməti -200 manat, ön sağ qranat 1 ədəd qiyməti-250 manat, sol ling 1 ədəd qiyməti - 20 manat, şveller 1 ədəd qiyməti - 180 manat, şvellerin sol qolu 1 ədəd qiyməti - 80 manat, sol xizok 1 ədəd qiyməti - 25 manat, radiatorun sol vetraviki 1 ədəd qiyməti - 60 manat, sol faranın alt dəmiri 1 ədəd qiyməti -100 manat, ön bamperin alt setkası 1 ədəd qiyməti - 80 manat, mühərrikin alt qoruyucusu 1 ədəd qiyməti -100 manat, radar 4 ədəd qiyməti - 240 manat, cəmi 2455 manat, çöl işinin görülməsi, rəngsaz - ön bamper, arxa bamper, kapot, ön sol qanad, arxa sol qapı, ön sol qapı, arxa sol qanad- qiymati 600 manat, dəmirçi kapot, ön sol qanad, arxa sol qapı, ön sol qapı, arxa sol qanad-qiyməti 350 manat, çilingər -çaşka, qranad, ling, qiyməti -150 manat, elektrik - fara, dumanı qiyməti - 50 manatı, xrom disk 2 ədəd təmiri cəmi - 240 manat, çilingər, razval və balans qiyməti - 30 manat, armaturçu -ön bamper,PB üzlük,xizak,sağ sol qanadaltı,vetravik – qiyməti 150 manat, cəmi 1570 manat nəqliyyat vasitəsinə ümumilikdə dəymiş zərər 4025 manat təşkil edir. Onun tərəfindən foto şəkillər çəkilmiş və onun xüsusi mülkiyyətində olan avtomobilinə dəymiş ziyan açıq - aşkar foto şəkillərdən görünür. Onun tərəfindən çəkilmiş foto şəkillər iddia ərizəsinə əlavə olunmuşdur. O, dəfələrlə cavabdeh tərəfə xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərəri ödəməsini tələb etmişdir. Hətta cavabdehin ünvanına pretenziya məktubunu da göndərmişdir. Cavabdeh həmin pretenziyanı almış, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh xüsusi mülkiyyətində olan 2012-ci il buraxılışlı "KİA Optima" minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilinə təmir xərclərinə görə, 4025 manat məbləğində maddi ziyan vurmuş, həmçinin, “X11 və Eksperiza Mərkəzi” MMC-yə ərizə ilə müraciət olunmuş, 21 noyabr 2024-cü il tarixli, NQ 189 nömrəli mütəxəssis rəyinə əsasən, cavabdeh xüsusi mülkiyyətində olan 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilinin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat məbləğində aşağı düşmüşdür. Yəni dəymiş ziyan təmir xərci və bazar dəyərinin itirməsindən ibarətdir. Odur ki, hesab edir ki, cavabdeh xüsusi mülkiyyətində olan 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilinə təmir xərclərinə görə, 4025 manat məbləğində maddi ziyan cavabdeh tərəfindən 4000 manat avtomobilə ilkin ödəniş etməsi sözügedən avtomobilin təmir xərclərinə aid edilir, qalan 25 manat isə avtomobilə dəymiş zərər kimi cavabdehdən alınıb ona ödənilməlidir.Sözügedən xüsusi mülkiyyətində olan 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat aşağı düşdüyündən, cavabdehdən 4515 manat pul məbləği alınıb ona ödənilməİidir. O, cavabdehdən xüsusi mülkiyyətdə olan 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat aşağı düşdüyündən 4515 manat, sözügedən avtomobilə dəymiş ziyanla bağlı 25 manat, “X11 və Ekspertiza Mərkəzi” MMC-yə ödənilmiş 300 manat və məhkəməyə ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı X4 məhkəmə iclaslarına gəlməmiş, onu əvvəlki məhkəmə iclasında etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qızı Nümayəndə Cəmalləddin qızı təmsil etmişdir. İddiaçı X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qızı Nümayəndə Cəmalləddin qızı sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı ilə bağlı kürəkəni Rəşad adlı şəxslə aralarında razılaşma olmuşdur. Razılaşmaya əsasən avtomaşının alğı-satqısı üçün ilkin olaraq iddiaçıya 4000 manat ödəniş etmiş, qalan məbləği isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının kürəkəni Rəşad adlı şəxs onunla razılaşmış və 4000 manat pulu qəbul etdikdən sonra iddiaçının adından ona etibarnamə verilmişdir.O,etibarnamə verildikdən sonra iddiaçıya məxsus avtomaşını Rəşad adlı şəxsdən təhvil götürmüşdür.O, iddiaçını tanımamış, onun adından çıxış edən Rəşad adlı şəxslə görüşmüş və avtomobili də sonuncudan təhvil götürmüşdür. Etibarnamə əsasında istifadəsində olan iddiaçının mülkiyyətində olan, 2012-ci il buraxılışlı, "KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə avtoqəzaya düşmüş və avtomobilə maddi zərər dəymişdir. Avtomaşına dəymiş maddi zərər 1500 manat olmuşdur. Hadisə nəticəsində Bakı şəhəri Nərimanov rayon X15 Şöbəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə X12 Protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Qəzadan sonra, iddiaçının adından çıxış edən Məlik adlı şəxs avtomobili təmir etdirmək adı ilə ondan götürmüş, təmirdən sonra avtomaşını ona qaytaracağını bildirmişdir. Sonradan Məlik adlı şəxs avtomaşının qəza vəziyyətdə olan foto şəkillərini ondan istəmiş, o da qəza vaxtı çəkilmiş avtomaşına məxsus foto şəkilləri Məlik adlı şəxsə göndərmişdir. Qəza vaxtı avtomaşına təxminən 1500 manat məbləğində maddi ziyan dəymişdir. O, Məlik adlı şəxslə dəfələrlə danışaraq avtomobili ona geri qaytarmasını xahiş etsə də, avtomaşın ona qaytarılmamışdır. Hazırda nə avtomaşın, nə də avtomaşına görə ödənilmiş 4000 manat məbləği ona qaytarılmamışdır.Aldığı məlumata görə avtomaşın iddiaçı tərəfindən başqa şəxsə satılmışdır. Avtomaşına görə onun tərəfindən ilkin olaraq 4000 manat məbləğinin ödənilməsi iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuşdur. İddiaçı iddia ərizəsində avtomaşına 4025 manat maddi ziyan dəydiyini, onun tərəfindən ödənilmiş 4000 manat məbləğinin dəymiş ziyan məbləğindən çıxılaraq ondan avtomaşına dəymiş ziyana görə 25 manat məbləğini tələb edir. O, iddiaçının avtomaşına dəymiş ziyana görə ondan 25 manat məbləğini tələb etməsi ilə razılaşır və həmin ziyan məbləğini iddiaçıya ödəməyə razıdır. İddia tələbində qeyd edilən avtomaşının bazarda satış qiymətinin normal satışdan 4515 manat aşağı düşməsi hissəsinə münasibət bildirir ki, iddia tələbini həmin hissədə qəbul etmir və hesab edir ki, avtomaşının bazarda satış qiymətinin normal satışdan 4515 manat aşağı düşməsi onun təqsiri üzündən baş verməmiş, avtomaşın qəzadan sonra onun sahiblindən iddiaçı tərəfindən götürülmüşdür. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia və dəqiqləşdirmə ərizələrini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Tovuz RQİ və TBŞ tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, BD158368 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, “KİA Optima” minik markalı,** ZP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Tovuz RQİ və TBŞ tərəfindən xx.xx.2021-ci il tarixdə Tovuz rayonu, Əyyublu kənd sakini İddiaçı adına qeydə alınmışdır. İşdə olan 20 aprel 2024-cü il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin sürətindən görünür ki, 20 aprel 2024-cü il tarixdə İddiaçı tərəfindən “KİA Optima” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomaşının idarə edilməsi üçün Cavabdeh 7 ay 1 gün müddətinə xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir. İşdə olan “KİA Optima” minik markalı ** ZP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid olan foto şəkillərdən görünür ki, baş vermiş yol nəqliyyat hadisə nəticəsində “KİA Optima” minik markalı ** ZP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi əzilmişdir. İşdə olan Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əlehinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən X12 xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə “KİA Optima” minik markalı ** ZP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İsmayıllı rayon Diyallı kənd sakini Cavabdeh barəsində Nərimanov rayon DYPŞ YNH inspektoru polis leytenantı X10 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, X12 İXP ******* nömrəli protokol tərtib edilmişdir. İşdə olan Yol hərəkəti qaydaları,yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əlehinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “KİA Optima” minik markalı ** ZP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İsmayıllı rayon Diyallı kənd sakini Cavabdeh xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, müstəqil ekspert rəyindən görünür ki, “KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomaşına ehtiyat hissələrinə görə 2455 manat, işçilik xərcinə görə 1570 manat olmaqla, ümumilikdə 4025 manat məbləğində xərc tələb olunması müəyyən edilmişdir. İşdə olan “X11 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli, 189 nömrəli mütəxəssis rəyindən görünür ki, istehsal ili 2012-ci il, mühərrikin işçi həcmi -1998, BAN-5XXGR4A60DG155019, göy metalik rəngli, ** ZP *** dövlət nömrə nişanlı minik avtomobilinin qəzadan sonra dəyərinin (22166.1-17650.9) 4515.2 manat azalması müəyyənləşdirilmişdir. İşdə olan 02 iyul 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən 02 iyul 2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu göndərilərək ** ZP *** qeydiyyat nişanlı, “KİA Optima” minik markalı avtomaşına dəymiş 4025 manat maddi ziyan məbləğinin 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 27 iyun iyun 2024-cü il tarixli, seriya ĞLL №191211 nömrəli, kassa mədaxil orderinin qəbzindən görünür ki, X7 tərəfindən ** ZP *** qeydiyyat nişanlı, “KİA Optima” minik marklalı avtomaşına yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərin qiymətləndirilməsi üçün fiziki şəxs X8 hesabına 100 manat məbləğində vəsait ödənilmişdir. İşdə olan 21 noyabr 2024-cü il tarixli, seriya ƏXZ/1 № 673494 nömrəli, kassa mədaxil orderinin qəbzindən görünür ki, Nümayəndə Cəmallədin qızı tərəfindən 21 noyabr 2024-cü il tarixdə “X11 və Ekspertiza Mərkəzi” MMC-nin hesabına 300 manat xidmət haqqı məbləği ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 21394 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçının xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin alğısatqısı ilə bağlı tərəflər aralarında ilkin razılaşma olmuş, ilkin razılaşmaya əsasən cavabdeh avtomaşının alğı-satqısı üçün ilkin olaraq iddiaçıya 4000 manat ödəniş etmiş, qalan məbləği isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşmanı qəbul edərək cavabdehə etibarnamə vermişdir. Cavabdeh etibarnamə əsasında istifadəsində olan iddiaçıya məxsus 2012-ci il buraxılışlı, "KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə avtoqəza keçirmiş və avtomobilə maddi zərər dəymişdir. Avtomaşına dəymiş maddi zərər iddiaçı tərəfindən 4025 manat müəyyən edilmişdir. Hadisə nəticəsində Bakı şəhəri Nərimanov rayon X15 Şöbəsi tərəfindən cavabdeh barəsində xx.xx.2024-cü il tarixdə X12 Protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Cavabdehin iddiaçıya məxsus avtomaşının alğı-satqısı üçün ilkin olaraq 4000 manat ödənilməsi və həmin məbləğin avtomaşına dəymiş 4025 manat maddi ziyan məbləğindən çıxılması iddiaçının adından etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə elektron qaydad göndərilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən avtomaşının satış dəyərinin aşağı düşməsinin müəyyən edilməsi ilə bağlı “X11 və Ekspertiza Mərkəzi” MMC-yə müraciət edilmiş və qeyd olunan şirkət tərəfindən iddiaçıya təqdim edilən 21 noyabr 2024-cü il tarixli 189 nömrəli mütəxəssis rəyində istehsal ili 2012-ci il, mühərrikin işçi həcmi-1998, BAN-5XXGR4A60DG155019, göy metalik rəngli, ** ZP *** dövlət nömrə nişanlı minik avtomobilinin qəzadan sonra dəyərinin (22166.1-17650.9) 4515.2 manat azalması müəyyənləşdirilmişdir. Cavabdeh vurduğu maddi ziyanı ödəmədiyindən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı cavabdehdən xüsusi mülkiyyətdə olan 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat aşağı düşdüyündən, cavabdehdən 4515 manat, sözügedən avtomobilə dəymiş ziyanla bağlı 25 manat, “X11 və Ekspertiza Mərkəzi” MMCyə ödənilmiş 300 manat və məhkəməyə ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin onda olmadığını, avtomaşının alğı-satqısı üçün iddiaçıya ilkin olaraq 4000 manat məbləğində vəsait ödədiyini,qəzadan sonra avtomaşının ondan alındığını, qəza nəticəsində avtomaşına təxminən 1500 manat maddi ziyan dəydiyini, nə avtomaşının, nə də avtomaşına görə ödədiyi 4000 manat məbləğində pulun iddiaçı tərəfindən ona qaytarılmadığını,hazırda avtomaşına dəymiş ziyana görə iddiaçıya 25 manat borcu qaldığını, həmin məbləği sonuncuya ödəməyə razı olduğunu bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisəli avtomaşının nisyə alğısatqısı ilə bağlı tərəflər arasında ilkin razılaşma olmuş, razılaşmaya əsasən cavabdeh avtomaşının dəyərinin 4000 manatını iddiaçıya vermiş və sonuncu pulu qəbul etdikdən sonra cavabdehə 20 aprel 2024-cü il tarixdə 7 ay 1 gün müddətinə xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə vermiş, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “KİA Optima” minik markalı ** ZP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İsmayıllı rayon Diyallı kənd sakini hazırki tələb üzrə Cavabdeh xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh tərəfindən hüquqa zidd mülki hüquq pozuntusu törədilmiş və bunun nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə maddi ziyan vurulmuşdur. Məhkəmə qeyd edir ki, işlə bağlı mübahisələndirilməyən hallar ondan ibarətdir ki, ilkin iddia üzrə cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan X12 qərarla sübuta yetirildiyindən həmin hadisə nəticəsində iddiaçının avtomobilinə vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomaşına 4025 manat maddi ziyan dəyməsi, dəymiş maddi ziyan məbləğindən cavabdehin ödədiyi 4000 manat məbləği çıxıldıqdan sonra 25 manat dəymiş ziyan məbləği qalmasını tərəflər etiraf edirlər və həmin məbləğlə razılaşırlar. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 25 manat maddi ziyan məbləğinin cavabdehdən tutulmasına dair hissədə təmin edilməlidir. Belə ki, məhkəmə iddia tələbinin cavabdehdən xüsusi mülkiyyətdə olan 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 4025 manat məbləğinin tələb edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mübahisə predmeti olan avtomaşın hazırda iddiaçıda olmaqla, cavabdehin istifadəsində olmadığından və eyni zamanda avtomaşının alğı-satqısı üçün cavabdeh tərəfindən iddiaçıya ilkin olaraq 4000 manat məbləğində vəsait ödənilməsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunduğundan cavabdehin təqsiri üzündən avtomaşına dəymiş 4025 manat maddi ziyan məbləğinin 4000 manatı ödənildiyindən həmin maddi ziyan məbləğindən 4000 manatı çıxıldığından, qalan 25 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 25 manat dəymiş maddi ziyan məbləği tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin avtomobilin qəza nəticəsində dəyərinin azalması nəticəsində cavabdehdən 4515 manat hissəsinə gəlincə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan faktiki hüquq münasibətlərinin xarakteri müəyyən edilərkən tərəflərin hüquq münasibətlərinə daxil olarkən, nəticə doğurmaq istədikləri əsil niyyət əsas götürülməlidir. İşin hallarından və tərəf ifadələrindən də görünür ki, tərəflər öz aralarında alğı-satqı münasibətlərinin yaranmasına dair razılığa gəlinmiş, bu məqsədlə satıcı onun mülkiyyətində olan sözügedən nəqliyyat vasitəsini etibarnamə əsasında hazırki tələb üzrə cavabdehin sahibliyinə və istifadəsinə vermişdir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsi rəsmi reyestrdə qeydə alınmalı daşınar əşya olduğuna görə Mülki Məcəllənin (maddə 650) tələbinə əsasən avtomobillə bağlı alğısatqı müqaviləsi notarial qaydada təsdiqlənməli və ya müvafiq icra hakimiyyəti orqanında bağlanmalıdır. Hazırki mübahisəli avtomobilə dair alğı-satqı müqaviləsi bu forma və tələblərə əməl olunmadığından, sözügedən avtomobilə dair alğı-satqı müqaviləsi mövcud deyildir. Lakin hazırki tələb üzrə münasibətlərin faktiki xarakteri nəzərə alındığında görünür ki, tərəflər arasında alğı-satqı münasibətləri yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbinin hazırki hissəsinə Mülki Məcəllənin alğı-satqı müqaviləsinə dair normaları tətbiq edilməlidir. Belə ki, ilk baxışda sözügedən avtomobilin etibarnamə əsasında hazırki tələb üzrə cavabdehin sahiblik və istifadəsinə verilməsi nəzərə alındıqda tərəflər arasında əvəzsiz istifadəyə dair öhdəlik münasibətlərinin yarandığı görünsə də, cavabdeh tərəfindən iddiaçıya, 4000 manat ödənişin edilməsi iddia tələbinin hazırki hissəsinə əvəzsiz istifadəyə dair müddəalarının tətbiqini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan,habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər,habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər cavabdeh tərəfindən avtomobə dair alğı-satqı münasibətləri əsasında iddiaçıya ödəmiş olduğu 4000 manatı, avtomobilə dəymiş ziyan olaraq qəbul etmiş, cavabdeh də bu halla razılaşaraq 4025 manat ziyandan qalan, 25 manatı ödəyəcəyini bildirmişdir. İşin müəyyən olunmuş hallarına görə hazırkı mübahisə üzrə iddiaçı 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləğin 4000 manatını ödəmiş, qalan məbləği isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 569.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. 571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. 571.2-ci maddəsinə əsasən yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. 571.3-cü maddəsinə əsasən əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir. 573.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda,satıcı,alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə,alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. 574.1-ci maddəsinə əsasən əgər üçüncü şəxs alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsas üzrə alıcıya qarşı əşyanın geri alınması barədə iddia irəli sürərsə, alıcı satıcını işdə iştiraka cəlb etməyə, satıcı isə alıcının tərəfində bu işə daxil olmağa borcludur. 574.2-ci maddəsinə əsasən alıcının satıcını işdə iştiraka cəlb etməməsi satıcını alıcı qarşısında məsuliyyətdən azad edir, bu şərtlə ki, satıcı işdə iştirak etməklə satılmış əşyanın alıcıdan geri alınmasına yol verməyə biləcəyini sübuta yetirsin. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan maddi hüquq normalarından görünür ki, cavabdehin sahiblik və istifadəsində olan avtomobil qəzaya uğradıqdan sonra, iddiaçı sözügedən avtomobili qəzalı vəziyyətdə ona dəymiş 4025 manat ziyan qarşılığında cavabdehin sahibliyindən götürmüş və bununla da iradə ifadəsini bəyan etmişdir. Əks təqdirdə hazırki tələb üzrə iddiaçı olan mülkiyyətçi alğı-satqı münasibətlərinə əsasən alıcıdan, yəni hazırki tələb üzrə avtomobili geri qaytarmaqla, razılaşdıqları hissə-hissə ödənişi cavabdehdən tələb etməkdə haqlı olardı. Lakin hazırda iddiaçı avtomobilin sahibliyini özündə saxlayaraq, eyni zamanda azalma dəyərini cavabdehdən tələb etməkdə haqlı deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin xüsusi mülkiyyətdə olan 2012-ci il buraxılışlı, “KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzalı olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat aşağı düşdüyündən cavabdehdən 4515 manat məbləğinin tutulmasına dair hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin “X11 və Ekspertiza Mərkəzi” MMC-nin hesabına ödənilmiş 300 manat xərcin cavabdehdən tutulmasına münasibət bildirərək qeyd edir ki, iddia tələbi xüsusi mülkiyyətdə olan 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat aşağı düşdüyündən cavabdehdən 4515 manat məbləğinin tutulması tələbinə dair hissədə təmin edilmədiyindən “X11 və Ekspertiza Mərkəzi” MMC-nin hesabına ödənilmiş 300 manat məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən 25 manat dəymiş maddi ziyan tələbinə dair hissədə təmin edildiyindən həmin məbləğə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 32 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 25 manat dəymiş maddi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 55 (əlli beş) manat pul məbləği tutularaq iddiaçı X2 ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan 32 manatı və “X11 və Ekspertiza Mərkəzi” MMC-nin hesabına ödənilmiş 300 manat məbləği iddiaçı X3 özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1150/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1150/2024
18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver