Məhkəmə qərarları › İş №2(037)-118/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-118/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-118/2023 06.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı/cavabdeh İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasına, cavabdeh/iddiaçı Cavabdeh iddiaçı/cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, dəymiş maddi zərərin ödənilməsi və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qaytarılmasına dair qarşılıqlı iddia tələbinə dair mülki işə 06 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh torpaq sahəsi üçün 6000 manat, çəkdiyi xərclərə görə 755 manat, mənəvi zərərə görə 1000 manat və iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumu olmaqla, cəmi 7855 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin əməlində dələduzluq cinayətinin tərkibi olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd olunmasını,ona dəymiş 15000 manat maddi zərərin ona ödənilməsi,torpaq sahəsinin boşaldılması və onun istifadəsinə qaytarılması,“Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və ödədiyi 135 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı/cavabdeh İddiaçı iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 2016-cı ildə Cavabdeh pula ehtiyacı olduğundan özünə və ailə üzvlərinə məxsus 2.15 hektar torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən həmin ildə mübahisəli torpaq sahəsinin 2.15 hektarı üçün 1800 manat ödəməklə satın almışdır. Cavabdeh pulu aldıqdan sonra torpaq sahəsinə dair Çıxarışı ona təhvil vermişdir. Həmin vaxt mülkiyyətçilərdən bəziləri rayon ərazisində olmadıqları üçün torpaq sahəsinin alğı-satqısını rəsmiləşdirə bilməmişdir. Həmçinin Cavabdeh oğlu sosial müavinət aldığı üçün hələki alğısatqının bir müddət təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən alğı-satqı bir müddət aparılmamışdır. 2016-cı ildən torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmuş və onun tərəfindən əkib becərilmişdir. Bu il də torpaq sahəsini artıq şumlamışdır. Lakin həmin torpaq sahəsi ilə bağlı Cavabdeh mübahisəsi olduğunu görüb yeri əkməmişdir. Bu ilə qədər aralarında heç bir mübahisə olmamışdır. 2022-ci ilin noyabr ayında Cavabdeh yaşadığı evə gələrək ailə üzvləri ilə mübahisə etmiş və torpağın sənədlərinin ona qaytarılmasını tələb etmişdir. Altı ildən artıqdır ki,mübahisəli torpaq sahəsinə sahiblik etmiş və torpaq sahəsi onun istifadəsində olmuşdur. Ötən dövr ərzində torpaq sahəsini yararlı hala gətirmək üçün xeyli vəsait xərcləmişdir. Belə ki, həmin torpaq sahəsini daşdan təmizləyərək yararlı hala gətirmək üçün özü köməklik etməklə bərabər fəhlələrə və texnikalara pul vermişdir. Torpaq sahəsinə 9 maşın peyin vermişdir ki, bu da hər dəfəsi 30 manat maşına (9 maşın x 30 manat=270 manat), hər dəfəsi isə 15 manat fəhlələrə (9x15 manat=135 manat) olmaqla cəmi 405 manat pul xərcləmişdir. Bundan başqa torpaq sahəsinin daşdan təmizlənməsi üçün hər dəfəsi 30 manat olmaqla 5 dəfəyə cəmi 150 manat maşına, bu işlərin görülməsi üçün fəhlələrə isə 200 manat,ümumilikdə bu işlərin görülməsinə cəmi 755 manat pul xərcləmişdir. Bütün bu işləri görməklə torpaq sahəsini tam yararlı hala gətirmişdir. Hazırda mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə növündən, təyinatından, münbitliyindən və məhsuldarlığından asılı olaraq bir hektar torpaq sahəsinin qiyməti 2500-3000 manat arasında dəyişir. O, 2016-cı ildə başqa yerdən hektarı 500-600 manata torpaq sahəsi ala bilərdi. Cavabdeh özü də bunu yaxşı bilirdi. Lakin torpaq sahəsi ona münasib yerdə olduğundan 1800 manat verməyə razı olmuşdur. Cavabdeh etibarından sui istifadə etmiş, 6 il sahiblik və istifadə etdiyi ona satdığı torpaq sahəsini 2022-ci ildə geri tələb etmişdir. Beləliklə Cavabdeh vaxtı ilə ona satdığı 2.15 hektar torpaq sahəsi üçün 6000 manat, torpaq sahəsinə çəkdiyi xərclərə görə 755 manat olmaqla cəmi 6755 manat vəsait xərcləmişdir.Bundan başqa Cavabdeh torpaq sahəsini uzun müddətdən sonra ondan geri tələb etməsini eşitdikdə çox böyük əsəb gərginliyi keçirmiş,Cavabdeh onu aldatmaq niyyəti onu bərk sarsıtmışdır. Hətta Cavabdeh onun evdə olmamağından istifadə edərək gəlib ailə üzvləri ilə mübahisə etməsi, onlarla kobud rəftar etməsi onu böyük sarsıntıya uğratmışdır. Bütün kənd sakinləri də bilir ki, mübahisəli torpaq sahəsini Cavabdeh almışdır. Cavabdeh təqsiri üzündən sarsıntı keçirmiş və nəticədə ona mənəvi zərər dəymişdir. O, mənəvi zərəri 1000 manat qiymətləndirir.Cavabdeh torpaq sahəsi üçün 6000 manat, çəkdiyi xərclərə görə 755 manat, mənəvi zərərə görə 1000 manat və iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumu olmaqla,cəmi 7855 manat pulun alınaraq ona verilməsini, Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi olduğu üçün barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi,qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh/iddiaçı Cavabdeh iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı ona qarşı məhkəmədə 7855 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə iddia qaldırmışdır. O, İddiaçı iddia tələbi ilə razı deyildir.Əksinə hesab edir ki, İddiaçı ona vurduğu ziyana görə kompensasiya ödəməli və eyni zamanda torpaq sahəsini və torpağa dair sənədləri ona qaytarmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində ondan torpağa görə 6000 manat pul tələb edir. Bu rəqəm şişirdilmiş rəqəmdir. Belə ki, düzdür onun və ailə üzvlərinin İsmayıllı rayonu, Qazmalar kəndində 2.1521 hektar əkin təyinatlı torpaq sahəsi vardır.2012-ci ildə ehtiyacı olduğundan həmin torpağı satmaq istəmişdir. İddiaçı torpaq sahəsini almaq istədiyini ona bildirmişdir. Həmin vaxt uşaqlarından yalnız biri Elçin yanında olubdur. İddiaçılə torpaq sahəsinin satılmasını 1600 manata danışmışlar. Lakin İddiaçı ona 500 manat beh vermiş, qalan hissəsini isə yaxın vaxtlarda sənədləşmə apararkən ödəyəcəyini bildirmişdir. İddiaçı həmin vaxt torpaq sahəsinə dair sənədi ondan almışdır. Həmin vaxtdan indiyə kimi torpaqdan İddiaçı istifadə edibdir. Bu il mübahisə yarandığından torpaq sahəsi əkilməmişdir. Əslində torpaqla bağlı mübahisə aralarında çoxdan yaranmışdır. Belə ki,o İddiaçı pulun qalanını ödəməsini, pulu tam ödədikdən sonra sənədləşdirməni apararaq torpağı öz adına keçirməsini bildirmişdir. Ancaq həmin gündən bu günə kimi İddiaçı qeyd edilən məsələni uzatmışdır. Sonradan öyrənmişdir ki, İddiaçı sosial müavinət aldığı üçün torpaq sahəsini öz adına rəsmiləşdirmir. Hətta öz torpağını da anasının adına rəsmiləşdiribdir. Ancaq bu neçə ildə onun uşaqları adlarında torpaq sahəsi olduğu üçün ünvanlı sosial yardım ala bilməmişlər. İki oğlu və bir qızı ünvanlı sosial yardım alırdılar. Adlarında torpaq sahəsi olduğundan övladlarının ünvanlı sosial yardımı kəsilibdir. Uşaqları dəfələrlə İddiaçı pulun qalanını ödəyərək torpaq sahəsini öz adına rəsmiləşdirməyi tələb etmişlər. O və övladları torpaq sahəsinə görə sosial yardım ala bilmirlər. İddiaçı hər dəfə vaxt istəyərək müddəti uzatmış, mülkiyyətində olan torpaq sahəsindən istifadə edərək gəlir əldə edir.2020-ci ildə oğlu Mübariz İddiaçı qarşı torpağın geri qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Həmin vaxt İddiaçı yanına gələrək oğlu Mübarizdən ərizəsinin geri götürməsini, uzağı bir aya qalan pulu indiki qiymətlə ödəyib, torpağı adına keçirəcəyini bildirmişdir. O, oğlu Mübarizə İddiaçı bir aya torpağın pulunu ödəyib öz adına rəsmiləşdirəcəyinə söz verdiyini bildirmişdir.Oğlu Mübariz də onun sözü ilə ərizənin baxılmaması üçün məhkəməyə ərizə göndərmişdir. Buna baxmayaraq İddiaçı onu get-gələ salaraq pulunu verməmişdir. Ona görə də İddiaçı torpağını geri istəyir.Aralarında mübahisə yarandığından İddiaçı ona qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.O, İddiaçı ziyan vurmamışdır.İddiaçı verdiyi pul elə həmin vaxta olan iki illik icarənin puludur.Həmin vaxtlar torpağın bir hektarını 100 manata icarəyə verirdilər.İddiaçı verdiyi pul iki illik icarə pulu olsun. Qalan altı il üçün ona və ailə üzvlərinə dəymiş ziyanın ödənilməsini İddiaçı tələb edir. Ona məxsus torpağın yerləşdiyi ərazidə taxılın orta məhsuldarlığı hər il üçün hektara 28-33 sentner olmuşdur. Dövlətin subsidiyası nəzərə alınmaqla 5 sentneri də əlavə xərclərə hesab etsək hər hektardan təmiz 25 sentner məhsul qalır ki, bu da onun hər il itirdiyi faydadır. Bu isə o deməkdir ki, o hər il 50 sentner taxıl məhsulundan məhrum olmuşdur. Bu isə 2500 manat pul deməkdir. 6 ildə isə bu məbləğ 15000 manat deməkdir. O, ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin edilərək ona dəymiş 15000 manat maddi zərərin ona ödənilməsi,torpaq sahəsinin boşaldılması və onun istifadəsinə qaytarılması, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və ödədiyi 135 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. X22 Zakiroviç əvvəlki məhkəmə iclasında ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Kəlbənd kəndində yaşayır. Laçın və Orucalı kəndçiləridir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsini 5-6 il bundan əvvəl İddiaçı satdığını bilir. Hazırda həmin torpaq sahəsi İddiaçı istifadəsindədir. Girk kəndində hamı bilir ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsini İddiaçı 1800 manata satmışdır. X2 əvvəlki məhkəmə iclasında ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Girk kəndində yaşayır. İddiaçı qonşusu,Cavabdeh isə kəndçisidir. O, qonşu kimi bilir ki, İddiaçı istifadəsində olan torpaq sahəsini Cavabdeh 1800 manata almışdır. X7 əvvəlki məhkəmə iclasında ifadə verərək göstərdi ki, Şuşa rayonundan məcburi köçkün olmaqla İsmayıllı rayonu, Kəlbənd kəndində yaşayır. İddiaçı və Cavabdeh qonşu kənd sakinləri kimi tanıyır.O,traktorist işləyir. İddiaçı torpaq sahəsi 4-5 ildir onun tərəfindən əkilir.O,eşitmişdir ki,Cavabdeh torpaq sahəsini İddiaçı 1800 manata satmışdır. X1 əvvəlki məhkəmə iclasında ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Girk kəndində yaşayır. Cavabdeh atası,İddiaçı isə kəndçisidir. Atası ilə Laçın arasında torpaq sahəsinin 1600 manata satılması ilə bağlı razılaşma olmuş, razılaşmaya əsasən Laçın atasına ilkin olaraq 500 manat beh vermiş, qalan 1100 manat pulu isə 1 aya alğı-satqı edərək öz adına rəsmiləşdirəndə verəcəyini bildirmişdir. Həmin vaxtdan 9 il keçməsinə baxmayaraq Laçın qalan 1100 manat pulu verməyərək torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Eyni zamanda torpaq sahəsinə dair Çıxarışı özündə saxlamaqla torpaq sahəsindən istifadə edərək gəlir götürür. Laçın torpaq sahəsini öz adına rəsmiləşdirmədiyindən dövlət tərəfindən verilən 190 manat maddi yardımdan da məhrum olmuşdur.O, bir neçə dəfə Laçına zəng edərək torpaq sahəsini öz adına rəsmiləşdirməsini bildirsə də, Laçın torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. X3 əvvəlki məhkəmə iclasında ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Girk kəndində yaşayır. Cavabdeh atası, İddiaçı isə kəndçisidir. Atası ilə Laçın arasında torpaq sahəsinin satılması ilə bağlı razılaşma olmuş, razılaşmaya əsasən Laçın atasına ilkin olaraq 500 manat vermiş, qalan 1200 manat pulu isə 1 aya alğı-satqı edərək öz adına rəsmiləşdirəndə verəcəyini bildirmişdir. Həmin vaxtdan 9 il keçməsinə baxmayaraq Laçın qalan 1200 manat pulu verməyərək torpaq sahəsini öz adına rəsmiləşdirməmişdir. Məhkəmə tərəflərin izahatını, şahidin ifadələrini dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarış və Çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X4,X9, X8, X5,X17,X13,X15,X10 və X6 birgə mülkiyyətlərinə verilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-245/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri 9290 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-246/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün çəkilən xərcin dəyəri hazırkı bazar qiymətləri ilə 925 manat təşkil edir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 135 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərindədir. İddiaçılə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən sonuncu ümumi birgə mülkiyyətində olan torpaq sahəsini İddiaçı satmış, cavabdeh həmin torpaq sahəsinə dair dövlət aktını ona təhvil vermiş və həmin torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. Ötən müddət ərzində iddiaçı torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. Mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri mütəxəssis rəyinə əsasən 9290 manat həddində, həmin torpaq sahəsinin əkinə yaralı hala gətirilməsi üçün isə çəkilən xərc 925 müəyyən edilmişdir. Lakin, iddiaçı mübahisəli torpaq sahəsinin alınmasına 6000 manat və həmin torpaq sahəsini əkinə yararlı hala gətirmək üçün ümumilikdə 755 manat xərc çəkdiyini qeyd etmişdir. Məhkəmə ilkin iddia tələbi üzrə tələbdə qeyd edilən məbləğlə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-245/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyində qeyd edilən məbləğə münasibətdə qeyd edir ki, mütəxəssi rəyi tələb üzrə qeyd edilən rəydən artıq olduğundan və iddiaçı tələbin həcminin artırılması ilə bağlı məhkəməyə müraciət etmədiyindən məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələb üzrə, yəni torpağın dəyəri olaraq, təmin olunan məbləği 6000 manat, çəkilmiş xərc olaraq isə 755 manat müəəyən edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh/iddiaçı əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçı/cavabdehə qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, ilkin iddia tələbi həmin hissədə təmin olunaraq 2.15 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 6000 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir.Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Məhkəmə iddia tələbinin cavabdehdən çəkdiyi xərclərə görə 755 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-246/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün çəkilən xərcin dəyəri hazırkı bazar qiymətləri ilə 925 manat həddindədir. İddiaçı isə iddia tələbində cavabdehdən çəkdiyi xərclərə görə 755 manat pul tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim etmədiyindən tələb 755 manat hissədə təmin edilməlidir. Belə ki, torpağın qiyməti 9290 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilməmişdir. Belə olan halda torpağa edilmiş yaxşılaşdırmalar mütəxəssis tərəfindən müəyyən edilərkən hesablama metodikası ilə onun ümumi dəyərini artırmadığı üçün yaxşılaşdırmaları götürə bilməyən sahib yaxşılaşdırmaya çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi zərərə görə 1000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin hərəkətləri nəticəsində güclü sarsıntılar keçirdiyini, əsəb gərginliyinə düçar olduğunu, Cavabdeh torpaq sahəsini uzun müddətdən sonra ondan geri tələb etməsini eşitdikdə çox böyük əsəb gərginliyi keçirdiyini,eyni zamanda onu aldatmaq niyyəti onu bərk sarsıtdığını,hətta evdə olmamağından istifadə edərək gəlib ailə üzvləri ilə mübahisə edərək kobud rəftar etməsi onu böyük sarsıntıya uğratdığını və bununla da ona ona 1000 manat məbləğində mənəvi zərər dəydiyini qeyd etsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən mənəvi zərərə görə 1000 manat məbləğinin alınaraq iddiaçıya verilməsinə dair hissəsi də rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini,zərər çəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Şərh edilənlərə və mülki qanunvericiliyin qeyd edilən maddələrinin tələblərinə əsasən məhkəmə qərara gəlir ki, ilkin iddia tələbi qismən 6000 manat torpaq sahəsi üçün verilmiş pul və 755 manat torpaq sahəsi üçün çəkilmiş xərc məbləğinə dair hissədə təmin edilməlidir. İlkin iddia üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin edilmiş hissəsinə mütənasib 87.55 manat cavabdeh/iddiaçıdan tutularaq iddiaçı/cavabdehə verilməli, qalan 12.45 manat hissəsi isə iddiaçı/cavabdehin özünə aid edilməlidir. Məhkəmə,Cavabdeh əməlində ciddi qanun pozuntuları olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi tələbinə münasibətdə qeyd edir ki, İddiaçı hüquqi nəticə etibarı ilə Cavabdeh barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu,bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Qarşılıqlı iddia tələbinə gəlincə məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İsmayıllı rayonu, Qazmalar kəndi ərazisində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İddiaçılə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən sonuncu ümumi birgə mülkiyyətində olan 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı satmışdır.İddiaçı mübahisəli torpaq sahəsinin aralarında olan şifahi razılaşmaya əsasən dəyərini ödəsə də, alğı-satqı edərək öz adına rəsmiləşdirməmişdir. Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi hazırda İddiaçı istifadəsindədir. İlkin iddianın qismən təmin edilməsi nəzərə alındıqda, Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə İddiaçı mane olması Cavabdeh və digər mülkiyyətçilərin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər,ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Şərh edilənlərə və mülki qanunvericiliyin qeyd edilən maddələrinin tələblərinə əsasən məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində **********45 reyestr nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışa əsasən Cavabdeh ümumi birgə mülkiyyət hüquqi ilə məxsus olan İsmayıllı rayonu, Qazmalar kəndində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılaraq, xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışla birlikdə cavabdeh/iddiaçı Cavabdeh qaytarılması hissəsində təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin 15000 manat maddi zərər məbləğinin ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia tələbində ona məxsus torpağın yerləşdiyi ərazidə taxılın orta məhsuldarlığı hər il üçün hektara 28-33 sentner olduğunu, dövlətin subsidiyası nəzərə alınmaqla 5 sentneri də əlavə xərclərə hesab etsək hər hektardan təmiz 25 sentner məhsul qaldığını,hər il 50 sentner taxıl məhsulundan məhrum olduğunu, bu isə 2500 manat pul demək olduğunu, altı ildə isə bu məbləğin 15000 manat təşkil etdiyini qeyd etsə də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə yuxarıda qeyd etdiyi kimi bir daha qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə iddiaçının sözügedən torpaq sahəsinə sahibliyi vicdanlı olmuşdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbinin 15000 manat maddi zərərin ödənilməsinə dair hissəsi təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin edilmiş hissəsinə mütənasib 100 manat iddiaçı/cavabdehdən tutularaq cavabdeh/iddiaçıya verilməli, qalan 35 manat hissəsi isə cavabdeh/iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh/iddiaçı Cavabdeh 6000 manat pul, 755 manat çəkilmiş xərc və 87.55 manat dövlət rüsumu olmaqla, cəmi 6842.55 (altı min səkkiz yüz qırx iki manat əlli beş qəpik) manat məbləği alınaraq iddiaçı/cavabdeh İddiaçı verilsin. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçı/cavabdeh İddiaçı özünə aid edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində **********45 reyestr nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışa əsasən Cavabdeh ümumi birgə mülkiyyət hüquqi ilə məxsus olan İsmayıllı rayonu, Qazmalar kəndində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi boşaldılaraq, xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışla birlikdə cavabdeh/iddiaçı Cavabdeh qaytarılsın. İddiaçı/cavabdeh İddiaçı 100 manat dövlət rüsumu alınaraq cavabdeh/iddiaçı Cavabdeh qaytarılsın. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi cavabdeh/iddiaçı Cavabdeh özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə eyni vaxtda icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar