Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-119/2023 06.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçı, Cavabdeh Azadov Fərı̇ d Muxtar oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azadov Fərı̇ d Muxtar oğluna qarşı pul və dəymiş ziyan tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 06 mart 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azadov Fərı̇ d Muxtar oğlundan (bundan sonra cavabdeh) 2400 (iki min dörd yüz) manat, həmin pula görə faiz olaraq Azərbaycan Beynəlxalq Bankına ödədiyi 1500 (bir min beş yüz) manat, dövlət rüsumu kimi ödədiyi 58 (əlli səkkiz) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2019-cu ilin yanvar ayında evi üçün plastik qapı-pəncərə düzəltdirmək istəmişdir. Bu barədə qardaşının tanışı olan Cavabdeh dedikdə Fərid ondan evinə plastik qapı-pəncərələrini düzəltmək üçün 2300 manat pul tələb etmişdir. Həmin məbləğdə pulu olmadığı üçün X1 İsmayıllı rayon fılialına müraciət etmiş və ******************** nömrəli kredit müqaviləsi əsasında 08 yanvar 2019-cu il tarixdə 2250 manat məbləğində pul götürmüş və üzərinə 50 manat pul qoyaraq öz həyətində, qonşusu X3 yanında Cavabdeh vermişdir. Həmin ərəfədə evində soyuducu olmadığını söhbət əsnasında Cavabdeh bildirmiş, cavabdeh isə ona 100 manata ikinci əl soyuducu tapacağına söz verərək ondan əlavə 100 manat da pul almışdır. Həmin vaxtdan bu günədək cavabdeh nə onun evinin plastik qapı-pəncərələrini düzəltmiş, soyuducu almış, nə də ki pulunu qaytarmışdır. Aldığı pensiyadan həmin kredit borcuna görə 17 noyabr 2021-ci il tarixədək tutulmalar aparılmış və həmin pula görə o, banka əlavə 1500 manat faiz ödəmişdir. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmış, son zamanlarda isə ümumiyyətlə pulu qaytarmayacağını deyərək onu narahat etməməsini bildirmişdir. Bu barədə ərizə ilə İsmayıllı rayon Polis şöbəsinə şikayət etmiş, cavab olaraq aralarındakı mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəsi İsmayıllı rayon Polis Şöbəsində araşdırılarkən Cavabdeh ondan plastik qapıpəncərə düzəltdirmək məqsədi ilə 2300 manat pul aldığını etiraf etmiş, həmin pulu 2020-ci ilin sentyabr ayınadək qaytarmasına dair yazılı öhdəlik götürmüş, lakin cavabdeh həmin vaxta kimi ona heç bir ödəniş etməmişdir. Bundan sonra cavabdehin ümumiyyətlə pulu ona qaytarmaq fikrinin olmamasına bir daha əmin olmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, cavabdehdən 2400 (iki min dörd yüz) manat, həmin pula görə faiz olaraq Azərbaycan Beynəlxalq Bankına ödədiyi 1500 (bir min beş yüz) manat, dövlət rüsumu kimi ödədiyi 58 (əlli səkkiz) manatın alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Əlavə olaraq bildirir ki, tələb etdiyi pul məbləğinə 2019-cu ildən bu günədək gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əlavə faizlər də hesablanmalıdır. Ona görə də həmin faiz məbləğinin də cavabdehdən alınmasını tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçını İsmayıllı şəhər sakini kimi tanımışdır. İddiaçı yaşadığı fərdi yaşayış evinə plastik qapı-pəncərə düzəltdirmək məqsədi ilə ona 1000 manat məbləğində pul vermişdir. O, daha sonra iddiaçıdan müxtəlif vaxtlarda 50 (əlli) manat və 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat borc almışdır. İddiaçı həmin pul məbləğlərini ona verərkən onların yanında heç kim olmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, İsmayıllı Rayon Polis Şöbəsinə sorğu edilərək əldə edilmiş İddiaçı müraciəti əsasında toplanmış materialın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin müraciəti yaşadığı ünvandan 50 manat pulun oğurlanması ilə bağlı olmuş, hadisə ilə əlaqədar X4 və X2 izahatları alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ərizəsindən və izahatından görünür ki, İddiaçı 2300 manat pul məbləini qapı-pəncərə düzəltdirmək üçün Cavabdeh verdiyini, Cavabdeh ona qapı-pəncərə düzəltmədiyini, nə də pulu qaytarmadığını bildirmiş, pulun alınması üçün köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan, İddiaçı İsmayıllı Rayon Polis Şöbəsinə müraciəti əsasında göndərilmiş cavab məktubundan görünür ki, İddiaçı müraciətində inzibati xəta pozuntusu və ya cinayət hadisəsinin əlamətlərinin olmadığı bildirilmiş, məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər arasında şərtləşdirilmiş muzd müqabilində şifahi podrat və borc müqavilələri bağlanmışdır. Belə ki, 2019-cu il tarixdə iddiaçı cavabdehə evi üçün plastik qapı-pəncərə hazırlamaq üçün 1000 manat məbləğində pul vermiş, cavabdeh isə plastik qapı-pəncərə hazırlayaraq verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müxtəlif vaxtlarda cavabdeh iddiaçıdan 50 və 250 manat olmaqla, ümumilikdə 300 manat borc almışdır. Cavabdeh sifarişi icra etməmiş, sifarişçi artıq sifarişdən imtina etmək barədə podratçıya bildirmiş, bundan sonra podratçı aldığı 1000 manat və borc aldığı 300 manat olmaqla, ümumilikdə 1300 manat pulu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1–ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1–ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1–ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2–ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1–ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2–ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 770–ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, cavabdeh görməli olduğu işlərin müqabilində iddiaçıdan muzd almış, lakin öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1–ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Yuxarıda qeyd olunan normalarda da göründüyü kimi, iddiaçı evi üçün plastik qapıpəncərə hazırlamaq üçün cavabdehə 1000 manat pul vermiş, cavabdeh sifarişçinin sifarişini yerinə yetirməmiş və 1000 manat isə geri qaytarılmayaraq əsassız olaraq varlanmışdır. Göründüyü kimi ilk başda tərələr arasında podrat müqaviləsi (hüquqi əsas) mövcud olmuş, sonradan isə həmin müqavilə ləğv edilərək, başqa sözlə, hüquqi əsas sonradan aradan qalxmış, nəticədə Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq cavabdeh əsassız olaraq varlandığı-1000 manat məbləğində vəsaiti iddiaçıya qaytarmalıdır. Məhkəmə iddiaçının cavabdehə evi üçün plastik qapı-pəncərə hazırlamaq üçün 2300 manat pul verdiyini, bunun sübutu olaraq polis şöbəsinə müraciəti zamanı iddiaçı tərəfindən bu halın etiraf edildiyi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçının müraciəti əsasında polis şöbəsində aparılmış araşdırmaların nəticəsi barədə materiallar məhkəmənin sorğusu ilə alınmış və sözügedən materialarda cavabdehin iddiaçıdan 2400 manat məbləğində pulun alınması barədə etirafı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən etiraf olunan 300 manat borc məbləği hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının cavabdehə verdiyi və cavabdeh tərəfindən etiraf olunan 300 manat məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları da tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli,əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə,belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdeh iddiaçıdan 50 və 250 manat olmaqla ümumilikdə 300 manat borc almış və hazırkı vaxtadək iddiaçıya qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər,tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Məhkəmə tələbin iddiaçının bankdan götürdüyü kreditə görə faiz olaraq "xxxx" ASC-yə ödədiyi 1500 (bir min beş yüz) manat məbləğin cavabdehdən alınmasına dair hissəsinə münasibət bildirirək qeyd edir ki, hesabdan çıxarış üzrə tərəflər konkret olaraq bankla kredit alan İddiaçıdur. İddiaçı cavabdehə verdiyi pulu bankdan götürməsi və ya şəxsi vəsaiti hesabına müəyyən işlərin görülməsi üçün cavabdehə verməsi hazırki mübahisənin predmeti olaraq qiymətləndirilmir. Belə ki, Azadov Fərı̇ d Muxtar oğlu kredit müqaviləsi üzrə tərəf (əsas borclu və ya zamin) olmadıqca həmin müqavilə üzrə məsuliyyət daşıya bilməz, həmçinin həmin kredit borcuna hesablanmış faizlərin də ondan tələb edilməsi əsassızdır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış məbləğin cavabdehdən alınması hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh 2019-cu ildə iddiaçıdan ümumilikdə 1300 manat məbləğində pul almasına baxmayaraq, hər hansı bir iş icra etməmiş, həmçinin borc aldığı pulu da qaytarmamışdır. Ona görə də gecikdirilmiş 4 il müddət üçün illik beş faiz dərəcəsi ilə (1300x5/100=65 65x4=260) 260 manat məbləğində faiz borcu hesablanaraq cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Belə ki, cavabdehin 2019-ci ildə iddiaçıdan işlərin görülməsi üçün 1000 manat, borc olaraq 50 və 250 manat olmaqla, ümumilikdə 300 manat pul alması, aldığı pulun qarşılığında işi icra etməməsi və borcu iddiaçıya ödəməməsi, həmin vaxtdan 4 ildən çox müddətin ötməsi cavabdehin etirafedici izahatı ilə təsdiq olunduğundan, Azadov Fərı̇ d Muxtar oğlundan 1300 manat əsas borc və gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 260 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 58 manat məbləğində dövlət rüsumu, iddia tələbinin təmin olunan 1560 manat borc məbləği hissəsinə mütənasib olaraq 35,60 manat dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 22.40 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azadov Fərı̇ d Muxtar oğlundan 1300 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 260 manat faiz borcu və 35,60 manat dövlət rüsumu – cəmi 1595 (bir min beş yüz doxsan beş) manat 60 (altmış) qəpik məbləğ alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 22.40 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-119/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-119/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver