Məhkəmə qərarları › İş №2(037)-1195/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1195/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1195/2023 06.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) istifadə etdiyi təbii qaza görə yaranmış 642,1 manat borcun və 30,4 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin istifadə etdiyi təbii qaza görə 642,1 manat məbləğində borcu yaranmışdır. Cavabdehə 04 sentyabr 2023-cü il tarixdə xəbərdarlıq göndərilmiş, xəbərdarlıqda borcun beş gün müddətində ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin yaranmış borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 04 oktyabr 2023-cü il tarixdə göndərilmişdir. Cavabdeh ərizə ilə müraciət edərək istifadə etdiyi təbii qazın 642,1 manat dəyərinin ondan tutulmasını etiraz etmədiyini bildirmiş, İ qrup Qarabağ əlili olduğunu nəzərə alaraq iddiaçının ondan tələb etdiyi 30,4 manat dövlət rüsumunun ödənilməsindən azad olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Tərəflər arasında bağlanmış 13 iyul 2018-ci il tarixli 10149 nömrəli müqavilənin surətindən görünür ki, cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablıanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. -04 sentyabr 2023-cü il tarixli 55/11 nömrəli xəbərdarlıqdan görünür ki, cavabdehdən istifadə etdiyi təbii qaza görə 30 avqust 2023-cü il tarixə yaranmış 642,1 manat borc məbləğinin beş gün ərzində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. -07 sentyabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, cavabdehin istifadə etdiyi təbii qaza görə 2023-cü ilin iyul ayının sonuna 642,1 manat borcu yaranmışdır. -18 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı İB tərəfindən 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. - 05 dekabr 2014-cü il tarixli 067608 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh İ qrup Qarabağ əlilidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 13 iyul 2018-ci il tarixli 10149 nömrəli müqaviləyə əsasən cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 642,1 manat məbləğində borcu yaranmışdır. 04 sentyabr 2023-cü il tarixdə cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. İddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 642,1 manat borc və 30,4 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh ərizə ilə müraciət edərək istifadə etdiyi təbii qazın 642,1 manat dəyərinin ondan tutulmasını etiraz etmədiyini bildirmiş, İ qrup Qarabağ əlili olduğunu nəzərə alaraq iddiaçının ondan tələb etdiyi 30,4 manat dövlət rüsumunun ödənilməsindən azad olunmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcıcavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcıcavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X1” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 642,1 manat borc alınaraq İddiaçı hesabına ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30,4 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 642 (altı yüz qırx iki) manat 10 qəpik borc məbləği alınaraq İddiaçı hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30,4 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar