Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1199/2022 22.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 22 noyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) vurulmuş ziyanın əvəzi kimi 14.100 manat və dövlət rüsumu kimi ödənilmiş 133 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Kəlbənd kəndində yaşayır. 2017-ci ilin oktyabr ayının əvvəllərində qardaşı Əfqan Əzizov yaşadığı Kəlbənd kəndində söhbət zamanı İsmayıllı rayon poliklinikasının fizioterapiya şöbəsində tibb bacısı işləyən Cavabdeh güya Bakı şəhərində həkim ekspert komissiyalarının sədri işləyən xalası qızı Reyhanı həkim kimi təqdim etdiyi şəxsin vasitəsilə İ qrup əlilliklə pensiyaya çıxmaq istəyən şəxsi 4000 manat müqabilində, əlillik qrupunu dəyişdirmək istəyən şəxsi isə 2500 manat müqabilində dəyişə biləcəyini deməsini ona xatırlatmışdır. Sonrakı günlərdə maraqlanmaq üçün qardaşı Əfqanla birlikdə Firəngizin poliklinikada işlədiyi iş otağına getmişdir. X5 həmin vaxtlar İİ qrup əlilliklə 55 manat pensiya alırdı. Cavabdeh X5nın pensiya qrupunu İ qrupa dəyişə biləcəyini ona görə 2500 manat, arvadı Əntiqə Əzizova və qızı Naibə Mamedovanı İİ qrup əlillik pensiyasından İ qrup əlillik pensiyasına dəyişdirmək üçün 6000 manat, bacısı Mahirə Yusifovanın və oğlu Amil Yusifovun pensiyaya çıxmaq üçün 4000 manat və bacısı oğlu Elxan İbrahimovun isə pensiyaya çıxmaq üçün 4000 manat olmaqla, ümumilikdə 20.500 manat pulu ondan və qohumlarından alaraq dələduzluq etmişdir. Beləliklə cavabdeh onun inamından, etibarından sui-istifadə edərək pulunu mənimsəmiş və ona qarşı dələduzluq hərəkətləri edərək əldə etdiyi vəsaiti öz ehtiyaclarına sərf etmişdir. Bununla da cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İsmayıllı rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 1(037)-4/2020 saylı hökmünə əsasən cavabdeh Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il, 04 ay, 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Lakin məhkəmə istintaqı başa çatsa da, həmçinin cavabdeh ona vurduğu ziyanı ödəyəcəyinə söz versə də verdiyi sözə əməl etməmiş, müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Beləliklə cavabdeh 20.500 manatdan 11.600 manat məbləğini qaytarmış, qalan 14.100 manat məbləğini isə qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh aldığı pulu tam qaytarmadığı üçün məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 133 manat dövlət rüsumu ödəmişdir. O, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 14.100 manat və dövlət rüsumu kimi ödənilmiş 133 manat məbləğinin tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Mərkəzi poliklinikasında tibb bacısı işləyir. İddiaçı ilə aralarında tanışlıq münasibətləri olmuşdur. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən iddiaçıdan gəlini Nabatın əlilik qrupunu dəyişdirmək üçün 2500 manat, bacısı oğlu Amili pensiyaya çıxarmaq üçün 4000 manat, qızı Naibənin əlillik qrupunu dəyişdirmək və tanışı Məlahətin kürəkəni Emin adlı şəxsi pensiyaya çıxarmaqdan ötrü 6500 manat pul almışdır. Bundan əlavə iddiaçı Zümrüd adlı şəxsə göndərmək üçün 4500 manat pulu ona vermiş, həmin pulu iddiaçı ilə birlikdə banka gedərək Naibə Bədirovanın adına göndərmişlər. Sonradan eşitmişdir ki, iddiaçı Bakı şəhərində olarkən İİ qrup əlil olan arvadı Əntiqənin əlillik qrupunu dəyişdirməsi üçün 3000 manat pulu Zümrüdə vermişdir. İddiaçıdan aldığı pulu İradə adlı şəxsə vermişdir. O, sonradan aldadıldığını bildikdən sonra İradə ilə əlaqə saxlayıb şəxslərin pullarını qaytarmasını bildirsə də sonuncu pulları qaytarmamışdır. Həmin işlə əlaqədar barələrində cinayət işi başlanmış və o məhkəmənin hökmü ilə məhkum olunmuşdur. İddiaçıdan aldığı pulun 11.600 manatı əvvəlcədən, qalan məbləğ isə məhkəmə istintaqının gedişatında qaytarılmışdır. Hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı məhkəmə istintaqında verdiyi ifadəsində və yazdığı ərizədə onunla barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd etmişdir. O, iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X1 ifadə verərək göstərdi ki, 2017-ci ilin oktyabr ayının əvvəllərində tanışı İddiaçı ona İsmayıllı rayon poliklinikasında tibb bacısı işləyən Cavabdeh Bakı şəhərində həkim ekspert komissiyalarının sədri işləyən xalası qızı Reyhan həkimin vasitəsi ilə İ qrup əlilliklə pensiyaya çıxan şəxsi 4000 manat müqabilində, əlillik qrupunu dəyişən şəxsi 2500 manat müqabilində dəyişdirə biləcəyini demişdir. O, kürəkəni Emin Mustafayevi pensiyaya çıxartmaq istədiyini Əhlimana bildirmiş və Əhlimanla birlikdə Firəngizin yanına gedib bu barədə onunla danışmışlar. Firəngiz onlara Eminin ikinci qrup əlilliklə pensiyaya çıxması üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. 28 dekabr 2017-ci il tarixdə o Eminin pensiyaya çıxması üçün 3500 manat pul düzəldərək Əhlimana vermişdir. Əhlimanla birlikdə Firəngizin yanına gəlmiş və pulu Firəngizə vermişlər. Bundan sonra isə onlar Firəngizlə birlikdə yaxın bir banka gedərək pulu bank vasitəsi ilə X2 adlı bir qadının adına göndərmişlər. Həmin vaxt Firəngiz onun pulunun qalan 500 manat pulu da qısa vaxt ərzində göndərməyini demişdir. 2018-ci ilin yanvar ayının əvvəllərində o, 500 manat pulu da düzəldib Əhlimana vermişdir.Əhliman həmin pulu 05 yanvar 2018-ci il tarixdə Firəngizlə birlikdə bank vasitəsi ilə Naibə Bədirovanın adına göndərmişdir. Sonradan onlara məlum olmuşdur ki, Firəngizin xalası qızı Reyhan həkim kimi təqdim etdiyi həmin qadın əslində İradə Cəfərli olmuş və həmin şəxslər onları aldadıb pullarını ələ keçirmişlər. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 1(037)-4/2020 saylı qərarından görünür ki, İradə Cəfərlinin və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslər Əfqan Əzizov, İddiaçı və Vaqif Ağayev tərəfindən təqsirləndirilən şəxs Cavabdeh qarşı verilmiş mülki iddia ərizələri vaxtında verilmədiyindən iddia ərizələrinin qəbul edilməsindən imtina edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 1(037)-4/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin tarixli qərarı ilə cinayət işi üzrə cinayət prosesində Firuzə Nuriyeva, Azər Məmmədov, Elxan Bağırov, Gülağa Mehdiyev, Gülxanım Şirinova, Rahid Pirvəliyev, Əfqan Əzizov, Neməddin Məmmədov, İddiaçı, Elşən Məhərrəmov, Ellada İsmayılova, Vaqif Ağayev, Fəxrəddin Mamedov, Elxan İbrahimov, Dilbər Hüseynova, Nərgiz Zeynalova, Pərviz Əliyev, Qorxmaz Əzimov, Mahirə Yusubova, Vüsal Rəhimov, Elşad Bağırov, Məlahət Fərzalıyeva, Novruz Bağırov, İradə Hüseynova, Qumru Abdullayeva və Sədulla Həsənovun zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(107)-1/2022 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, İradə Cəfərlinin və Cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmənin 11 avqust 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin və müdafiəçisinin,zərərçəkmiş şəxslərin tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməklə məhkəmənin 11 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, məhkəmənin 11 avqust 2020-ci il tarixli hökmünün həmin cinayət işi üzrə Firuzə Nuriyeva, Elxan Bağırov, Rahid Pirvəliyev, Neməddin Məmmədov, Elşən Məhərrəmov, Fəxrəddin Mamedov, Elşad Bağırov, Azər Məmmədov, Gülxanım Şirinova, Ellada İsmayılova, Gülağa Mehdiyev, Əfqan Əzizov, İddiaçı, Vaqif Ağayev, Dilbər Hüseynova, Nərgiz Zeynalova, Məlahət Fərzalıyeva, Elxan İbrahimov, Mahirə Yusubova, Pərviz Əliyev, Qorxmaz Əzimov, Novruz Bağırov, Vüsal Rəhimov, Sədulla Həsənov, İradə Hüseynova və Qumru Abdullayevanın zərərçəkmiş şəxs qismində tanınmaqla dəyişdirilməsi və məhkəmənin 11 avqust 2020-ci il tarixli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İradə Cəfərlinin və Cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarında olan İddiaçı tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli ərizənin və həmin cinayət işinin məhkəmə iclas protokolunun surətindən görünür ki, İddiaçı qızı Naibə Mamedova, qohumu Elxan İbrahimov, gəlini Nabat Əzizova və arvadı Əntiqə Əzizovaya görə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərin tam həcmdə ödənildiyini, Cavabdeh ilə barışdıqlarını və ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd etmişdir. 11 mart 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. 19 avqust 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmək üçün 103 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 14.100 manat və dövlət rüsumu kimi ödənilmiş 133 manat məbləğinin tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçıdan gəlini Nabatın əlilik qrupunu dəyişdirmək üçün 2500 manat, bacısı oğlu Amili pensiyaya çıxarmaq üçün 4000 manat, qızı Naibənin əlillik qrupunu dəyişdirmək və tanışı Məlahətin kürəkəni Emin adlı şəxsi pensiyaya çıxarmaqdan ötrü 6500 manat pul aldığını, həmin pulun 11600 manatını əvvəlcədən, qalan məbləği isə məhkəmə istintaqının gedişatında qaytarıldığını,bundan əlavə iddiaçıdan Zümrüd adlı şəxsə göndərmək üçün 4500 manat pul aldığını və həmin pulu iddiaçı ilə birlikdə banka gedərək Naibə Bədirova adlı şəxsin adına göndərdiklərini, iddiaçı ilə barışıq əldə etdiyini, onun iddiaçıya heç bir borcunun qalmadığını, iddiaçının özünün də yazdığı ərizədə onunla barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd etdiyini bildirir və iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Araşdırma zamanı müəyyən edildi ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə gəlini Nabatın əlilik qrupunu dəyişdirmək üçün 2500 manat, bacısı oğlu Amili pensiyaya çıxarmaq üçün 4000 manat, qızı Naibənin əlillik qrupunu dəyişdirmək və tanışı Məlahətin kürəkəni Emin adlı şəxsi pensiyaya çıxarmaqdan ötrü 6500 manat və Zümrüd adlı şəxsə göndərmək üçün 4500 manat pul verilmişdir. İradə Cəfərlinin və Cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarında olan İddiaçı tərəfindən yazılmış ərizənin və həmin cinayət işinin məhkəmə iclas protokolunun surətindən görünür ki, İddiaçı qızı Naibə Mamedova, qohumu Elxan İbrahimov, gəlini Nabat Əzizova və arvadı Əntiqə Əzizovaya görə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərin tam həcmdə ödənildiyini, Cavabdeh ilə barışdıqlarını və ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd etmişdir. Buna baxmayaraq İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 1(037)-4/2020 saylı qərarından da göründüyü kimi, İradə Cəfərlinin və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslər Əfqan Əzizov, İddiaçı və Vaqif Ağayev tərəfindən təqsirləndirilən şəxs Cavabdeh qarşı verilmiş mülki iddia ərizələri vaxtında verilmədiyindən iddia ərizələrinin qəbul edilməsindən imtina edilmiş, sözügedən qərar mübahisələndirilməmişdir. Bundan sonra isə xx.xx.2020-ci il tarixdə, yəni təxminən 3 ay sonra İddiaçı Cavabdeh heç bir şikayət və tələbinin olmaması, ona dəymiş zərərin tam həcmdə ödənilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər,habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə,məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Şərh olunan əsaslara və qeyd olunan hüquq normalarına əsaslanaraq məhkəmə qərara gəlir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu olaraq ödənilmiş 133 manat məbləği iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1199/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1199/2022
22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver