Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1259/2024 25.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 25 noyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 14000 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,Ağcabədi rayonun Sarıcalı kəndində yaşayır. Həmin kəndin ərazisində yerləşən Müdafiə Nazirliyinə aid "N" saylı Hərbi Hissədə mühafizəçi işləyir. Onunla eyni hərbi hissədə işləyən Xatirə adlı qadının əri kimi cavabdeh özünü ona təqdim etmiş, tez-tez hərbi hissəyə gələrək Xatirəni evlərinə aparmışdır. Orada onun cavabdehlə münasibətləri yaranmışdır.2023-cü ilin iyun ayında cavabdehlə söhbət edən zaman sonuncu, müharibə iştirakçısı olduğunu bilmişdir. Cavabdeh ona müharibə iştirakçısı olduğu üçün ev və avtomobil düşdüyünü bildirmişdir. Cavabdeh dayısının hansısa nazirlikdə işlədiyini, dayısı vasitəsi ilə ona ev və avtomobil düzəltdirə biləcəyini demişdir. Cavabdeh bunun üçün bəzi yerlərə pul ödəmək lazım olduğunu demiş və o da razılaşmışdır. Bundan bir müddət sonra cavabdehə şəxsiyyət vəsiqəsinin və veteranlıq vəsiqəsinin surətini vermişdir. 2023-cü ilin iyul ayının ortalarında cavabdehlə görüşmüş və sonuncu, pul ödəmək lazım olduğunu demişdir. Cavabdehlə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsinə getmişlər. Orada cavabdehə 4500 manat pul vermişdir. Cavabdeh Quzanlı qəsəbəsində yerləşən "Omər" marketdə olan "Milliön" ödəmə terminalı vasitəsi ilə bilmədiyi kart hesabına 4500 manat pul ödəmişdir. Cavabdeh həmin pulu işi həll edən şəxsə göndərdiyini bildirmişdir. Bundan bir neçə gün sonra cavabdeh 2500 manat pul lazım olduğunu demişdir. 2023-cü ilin iyul ayının sonlarında 2500 manat pul düzəltmiş və Ağcabədi rayonu Sarıcalı kəndində yaşadığı evin qarşısında cavabdehə 2500 manat pul vermişdir. Cavabdeh həmin pulu işi düzəldən adama verəcəyini bildirmişdir. Yenidən 2023-cü ilin avqust ayında cavabdehin istəyi ilə 2000 manat pul düzəltmış və yaşadığı evin qarşısında sonuncuya 2000 manat pul vermişdir. Daha sonra 2023-cü ilin avqust ayının sonlarında yaşadığı evin qarşısında cavabdehə 3000 manat pul vermişdir. Sonuncu dəfə isə 2023-cü il sentyabr ayının əvvəllərində cavabdehə yaşadığı evin qarşısında işini düzəltmək üçün 2000 manat pul vermişdir. Cavabdehə ümumilikdə 14000 manat pul vermişdir. Özünün və həyat yoldaşının adına müxtəlif banklardan kredit götürmüş və yaşadığı evin qarşısında cavabdehə pul verən zaman həyat yoldaşı evdə olmuş, oğlu Elçin isə yanlarında olmuşdur. Pulu verəndən bir neçə gün sonra həyat yoldaşı Dürdanə ilə birlikdə cavabdehə məxsus avtomobillə Bakı şəhərinə getmişlər. Onların Bakı şəhərinə getməkdə məqsədləri cavabdehin onlara orada ev və avtomobil veriləcəyini bildirməyi olmuşdur. Onlar da cavabdehlə birlikdə Bakı şəhərində Müdafiə Nazirliyinin qarşısına getmişlər. Cavabdeh onlara avtomobildə gözləməklərini bildirmişdir. Onlara məxsus sənədləri götürərək cavabdeh özü harasa getmişdir. Bir qədər sonra cavabdeh geri qayıtmış və sənədlərin səhv olduğunu demişdir. 2023-cü ilin sentyabr ayının sonlarında cavabdehlə əlaqə saxlamaq istəsə də sonuncu, telefonlarına cavab verməmişdir. Daha sonra öyrənmişdir ki, cavabdeh həmkəndlisi X2 da pensiya düzəltmək adı ilə 2000 manat pul alaraq dələduzluq etmişdir. Cavabdeh müharibə iştirakçısı olduğu üçün ona ev və avtomobil verdirəcəyini vəd edərək dələduzluq yolu ilə ondan 14000 manat pul alaraq ələ keçirmişdir. Ağcabədi Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 1(017)-93/2024 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə cinayət işi üzrə zərərçəkmiş şəxs kimi 14000 manat pulun cavabdehdən alınıb ona verilməsi üçün məhkəmədə mülki iddia qaldırmaq hüquqları izah edilmişdir. Cavabdehdən 14000 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ötən məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılması qərara almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin X1 cəza çəkən Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdeh göndərdiyi ərizədə İddiaçı ona qarşı 14000 manat borc iddiası ilə razıdır. Məhkəmə iclasının onsuz keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin iddiaya münasibətini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 aprel 2007-ci il tarixli, M/V №074308 və 30 dekabr 2015-ci il tarixli, AA №349748 nömrəli vəsiqələrin surətlərindən görünür ki, İddiaçı məcburi köçkün və müharibə veteranıdır. 03 iyul 2024-cü il tarixli, 1(017)-93/2024 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə müharibə iştirakçısı olduğu üçün ona ev və avtomobil verdirəcəyini vəd edərək ondan 14000 manat pul almışdır. İddiaçıya sonradan məlum olmuşdur ki, cavabdeh onu aldadaraq ümumilikdə 14000 manat pulunu ələ keçirmişdir. Cavabdeh iddiaçıya verdiyi pulu qaytarmamış və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Cavabdeh isə iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara və cavabdehin iddianı etiraf etməsinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh iddiaçıya 14000 manat borcunun olmasını etiraf etdiyindən və həmin fakt məhkəmə iclasında da sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 14000 (on dörd min) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Cavabdeh 132 (bir yüz otuz iki) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14000 (on dörd min) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 132 (bir yüz otuz iki) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1259/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1259/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver