Məhkəmə qərarları › İş №2(037)-127/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-127/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-127/2021 26.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) ərizə ilə müraciət edərək Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Cavabdeh3 (bundan sonra ikinci cavabdeh), Cavabdeh4 (bundan sonra üçüncü cavabdeh) və Cavabdeh2 (bundan sonra dördüncü cavabdeh) müştərək qaydada 518,57 manat əsas və 106,12 manat faiz borcu olmaqla cəmi 624,69 manat kredit borcunun və 20 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətlərini birinci - üçüncü cavabdehlər xx xxxxxx 2020-ci il tarixdə, dördüncü cavabdeh isə xx xxxxxx 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin 28 May filialı ilə birinci cavabdeh arasında bağlanmış 03-MK/0541 nömrəli xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə gündəlik təlabat məqsədi ilə 30 ay müddətinə illik 27% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Birinci cavabdehə kredit verilərkən ikinci-dördüncü cavabdehlərlə bank arasında xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər. Dəfələrlə şifahi müraciət olunmasına, habelə xx xxxxxx 2020-ci il tarixdə bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Birinci cavabdehin xx xxxxxx 2020-ci il tarixə kredit müqaviləsi üzrə cəmi borcu 624,69 manat təşkil edir. Həmin məbləğdən 518,57 manat əsas, 106,12 manat isə kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Mhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu təşkil edir. İddiaçı cavabdehlərdən müştərək qaydada cəmi 624,69 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxx 2014-cü il tarixli 03-MK/0541 nömrəli bank hesabı və kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən birinci cavabdehə illik 27% dərəcəsi ilə 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. xx xxxx 2014-cü il tarixli 03-MK/0541 nömrəli zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə ikinci-dördüncü cavabdehlər arasında zaminlik müqavilələri bağlanmış, ikinci-dördüncü cavabdehlər xx xxxx 2014-cü il tarixli 03-MK/0541 nömrəli bank hesabı və kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. xx xxxx 2014-cü il tarixli 03-MK/0541 nömrəli bank hesabı və kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 30 ay müddətində 15000 manat əsas borc və 5797,14 manat faiz borcu olmaqla, ümumilikdə 20797,14 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxx 2020-ci il tarixli 2- 3(103)-130/2020 nömrəli qərarının surətindən göürünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixli **********3741 nömrəli maliyyə arayışından görünür ki, birinci cavabdehin xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə 518,57 manat əsas və 106,12 manat faiz – cəmi 624,69 manat borcu qalmışdır. xx xxxxxx 2020-ci il tarixli **********839 nömrəli bildirişin surətindən görünür ki, müqavilə üzrə borcun 3 iş günü müddətində ödənilməsi cavabdehlərdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, İddiaçı ASC-nin 28 May filialı ilə birinci cavabdeh arasında bağlanmış 03-MK/0541 nömrəli xx xxxx 2014cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə gündəlik təlabat məqsədi ilə 30 ay müddətinə illik 27% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə ikinci-dördüncü cavabdehlərlə İddiaçı ASC arasında xx xxxx 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Birinci cavabdeh kredit müqaviləsi üzrə borc məbləğinin tam şəkildə ödənilməsini təmin etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxx 2020-ci il tarixli 2-3(103)-130/2020 nömrəli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. Hazırda birinci cavabdehin iddiaçıya 518,57 manat əsas və 106,12 manat faiz olmaqla, cəmi 624,69 manat borcu qalmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada cəmi 624,69 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 518,57 manat əsas, 106,12 manat faiz və 30 manat dövlət rüsumu – cəmi 654 (altı yüz əlli dörd) manat 69 (altmış doqquz) qəpik borc məbləği alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar