Məhkəmə qərarları › İş №2(037)-1284/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1284/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1284/2023 25.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən hakim Hüseynov İlqar Vidayət oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21800 manat pulun və 155.40 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən,sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli,10 saylı Qərarında MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman,həm mübahisənin subyekt tərkibinin,həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə,habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Eyni zamanda sözügedən Qərarda göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil,ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən,yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bununla yanaşı Qərarda qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər.Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.Həmçinin, nəzərə alınmalıdır ki,Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemi vergi məlumatlarının çıxarışıdan görünür ki,İddiaçı xx.xx.2007-ci il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış,hüquqi ünvanı isə AZ6001, Tovuz rayonu, Bozalqanlı kəndidir.VÖEN statusu aktivdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemi vergi məlumatlarının çıxarışıdan görünür ki, X1 xx.xx.2012-ci il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış,hüquqi ünvanı isə AZ3124, İsmayıllı rayonu, Ruşan kəndidir. VÖEN statusu fəaliyyəti müvəqqəti dayandırılmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tikinti materiallarının satışı ilə məşğul olur. Satış məntəqəsi Bakı şəhərində yerləşir. Cavabdeh isə ixtisaslaşdırılmış mətbəx mebellərinin istehsalı ilə məşğul olur və istehsalat obyekti Bakı şəhərində yerləşir. Göründüyü kimi tərəflər sahibkarlıq subyekti olmaqla yanaşı, olduqları və ya olmaq istədikləri hüquq münasibətləri (tikinti materiallarının satışı və mətbəx mebellərinin istehsalı fəaliyyəti) məhz sahibkarlıq fəaliyyətinın həyata keçirilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə prosessual qanunvericiliyin tələbinə və yuxarıda qeyd edilən Plenum qərarına əsasən hesab edir ki, tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrini,onların hüquq münasibətlərinə başladığı zaman hüquqi şəxs kimi reyestrdə qeydiyyatda olmalarını,eyni zamanda iddia ərizəsindən tərəflər arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin kənd təsərrüfatı məhsulların satışı fəaliyyəti) həyata keçirilməsindən irəli gəlməli olması müəyyən edildiyindən iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya müvafiq tələblə məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət etməsi tövsiyə edilməlidir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı sözügedən iddia tələbi ilə məhkəmə məhkəmə aidiyyəti qaydalarına riayət etməklə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçının hazırkı iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına riayət etməklə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 155.40 (bir yüz əlli beş manat qırx qəpik) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Səmiyəddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 155.40 (bir yüz əlli beş manat qırx qəpik) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar