Məhkəmə qərarları › İş №2(037)-1285/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1285/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1285/2022 15.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 15 noyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) vurulmuş ziyanın əvəzi kimi 1050 manat və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsuini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Kəlbənd kəndində yaşayır. 2017-ci ilin oktyabr ayının əvvəllərində azyaşlı nəvəsi Xanımzər Əzizovanı müalicə almaq üçün İsmayıllı rayon Mərkəzi poliklinikasının fizioterapiya şöbəsində tibb bacısı işləyən cavabdehin yanına gətirmişdir. Əvvəllər bir neçə dəfə cavabdehin yanına xəstə gətirdiyi üçün onu tanımışdır. Cavabdeh aralarında olan söhbət əsnasında ondan işləyib-işləmədiyini soruşmuş, o da cavabdehə müəllim işlədiyini və 2-ci qrup 170 manat əlillik pensiyası aldığını bildirmişdir. Cavabdeh ondan necə dolandığını soruşmuş, o da cavabdehə 2-ci qrup əlil olan oğlu Yavərin də 55 manat pensiya aldığını və birtəhər dolandıqlarını bildirmişdir. Cavabdeh övladı Yavərin pensiyasının 2-ci qrupdan 1-ci qrupa dəyişdirməklə əlavə pensiya almağı ona təklif etmişdir.O,cavabdehdən oğlunun pensiyasını necə dəyişdirəcəyini soruşmuş, sonuncu da ona xalası qızı Reyhanın Bakı şəhərində həkim ekspert komissiyalarının sədri olduğunu, əgər 2500 manat pul verilərsə oğlunun pensiya qrupunu dəyişdirə biləcəyini bildirmişdir. O, cavabdehlə razılaşaraq 2500 manat pulu sonuncuya vermişdir. Beləliklə cavabdeh onun inamından, etibarından sui-istifadə edərək pulunu mənimsəmiş və ona qarşı dələduzluq hərəkətləri edərək əldə etdiyi vəsaiti öz ehtiyaclarına sərf etmişdir. Bununla da cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İsmayıllı rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 1(037)-4/2020 saylı hökmünə əsasən cavabdeh Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il, 04 ay, 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Lakin məhkəmə istintaqı başa çatsa da, həmçinin cavabdeh ona vurduğu ziyanı ödəyəcəyinə söz versə də verdiyi sözə əməl etməmiş, müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Beləliklə cavabdeh 2500 manatdan 1450 manat məbləğini geri qaytarmış, qalan 1050 manat məbləğini isə geri qaytarmaqdan boyun qaçırmışdır.Cavabdeh aldığı pulu tam qaytarmadığı üçün məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 31 manat dövlət rüsumu ödəmişdir. O, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 1050 manat və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğinin tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Mərkəzi poliklinikasında tibb bacısı işləyir.İddiaçı ilə aralarında tanışlıq münasibətləri olmuşdur. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən iddiaçınin övladnin pensiyasının qrupunun dəyişdirilməsi məsələnin həlli üçün iddiaçıdan 2500 manat pul almışdır. O, iddiaçıdan aldığı pulu İradə adlı şəxsə vermişdir. O, sonradan aldadıldığını bildikdən sonra İradə ilə əlaqə saxlayıb şəxslərin pullarını qaytarmasını bildirsə də sonuncu pulları qaytarmamışdır. Həmin işlə əlaqədar barələrində cinayət işi başlanmış və o məhkəmənin hökmü ilə məhkum olunmuşdur.İddiaçıdan aldığı 2500 manat pulun 1450 manatı əvvəlcədən,qalan məbləği isə məhkəmə istintaqının gedişatında qaytarılmışdır. Hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı məhkəmə istinqanda verdiyi ifadəsində və yazdığı ərizədə onunla barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd etmişdir. O, iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 1(037)-4/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin tarixli qərarı ilə cinayət işi üzrə cinayət prosesində Firuzə Nuriyeva, Azər Məmmədov, Elxan Bağırov, Gülağa Mehdiyev, Gülxanım Şirinova, Rahid Pirvəliyev, İddiaçı, Neməddin Məmmədov, Əhliman Əzizov, Elşən Məhərrəmov, Ellada İsmayılova, Vaqif Ağayev, Fəxrəddin Mamedov, Elxan İbrahimov, Dilbər Hüseynova, Nərgiz Zeynalova, Pərviz Əliyev, Qorxmaz Əzimov, Mahirə Yusubova, Vüsal Rəhimov, Elşad Bağırov, Məlahət Fərzalıyeva, Novruz Bağırov, İradə Hüseynova, Qumru Abdullayeva və Sədulla Həsənovun zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(107)-1/2022 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, İradə Cəfərlinin və Cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmənin 11 avqust 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin və müdafiəçisinin,zərərçəkmiş şəxslərin tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməmiş, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməklə məhkəmənin 11 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, məhkəmənin 11 avqust 2020-ci il tarixli hökmünün həmin cinayət işi üzrə Firuzə Nuriyeva, Elxan Bağırov, Rahid Pirvəliyev, Neməddin Məmmədov, Elşən Məhərrəmov, Fəxrəddin Mamedov, Elşad Bağırov, Azər Məmmədov, Gülxanım Şirinova, Ellada İsmayılova, Gülağa Mehdiyev,İddiaçı,Əhliman Əzizov, Vaqif Ağayev, Dilbər Hüseynova, Nərgiz Zeynalova, Məlahət Fərzalıyeva, Elxan İbrahimov, Mahirə Yusubova, Pərviz Əliyev, Qorxmaz Əzimov, Novruz Bağırov, Vüsal Rəhimov, Sədulla Həsənov,İradə Hüseynova və Qumru Abdullayevanın zərərçəkmiş şəxs qismində tanınmaqla dəyişdirilməsi və məhkəmənin 11 avqust 2020-ci il tarixli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İradə Cəfərlinin və Cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarında olan İddiaçı tərəfindən yazılmış ərizənin və həmin cinayət işinin məhkəmə iclas protokolunun surətindən görünür ki, İddiaçı oğlu Yavər Əzizov, bacısı Mahirə Əzizova və qohumu Emin Mustafayevə görə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərin tam həcmdə ödənildiyini, Cavabdeh ilə barışdıqlarını və ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd etmişdir. 29 avqust 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmək üçün 31 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 1050 manat və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğinin tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçıdan 2500 manat pul aldığını, həmin pulun 1450 manatını əvvəlcədən, qalan məbləği isə məhkəmə istintaqının gedişatında qaytarıldığını, iddiaçı ilə barışıq əldə etdiyini, onun iddiaçıya heç bir borcunun qalmadığını, iddiaçının özünün də yazdığı ərizədə onunla barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd etdiyini bildirir və iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Araşdırma zamanı müəyyən edildi ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə oğlunun pensiya qrupunun dəyişdirilməsi məqsədi ilə 2500 manat pul verilmişdir. İradə Cəfərlinin və Cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarında olan İddiaçı tərəfindən yazılmış ərizənin və həmin cinayət işinin məhkəmə iclas protokolunun surətindən görünür ki, İddiaçı oğlu Yavər Əzizov, bacısı Mahirə Əzizova və qohumu Emin Mustafayevə görə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərərin tam həcmdə ödənildiyini, Cavabdeh ilə barışdıqlarını və ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd etmişdir. Buna baxmayaraq İddiaçı həmin pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Şərh olunan olunan əsaslara və qeyd olunan hüquq normalarına əsaslanaraq məhkəmə qərara gəlir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu olaraq ödənilmiş 31 manat məbləği iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar