Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1296/2025 15.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 15 dekabr 2025-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçının tələbi İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən yol hərəkəti qaydalarını pozulması ilə əlaqədar baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “VAZ-21074” markalı ** ET *** markalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin əvəzi olaraq 1420 manat maddi zərərin, sənədlərin hazırlanması üçün 50 manat və 35 manat dövlət rüsumu olmaqla, cəmi 1505 manat pulun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinin əsası İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 avqust 2025-ci il tarixdə saat 20:30 radələrində İsmayıllı rayonu, Quşencə kəndi yolunda Cavabdeh bir baş inək heyvanını yolda nəzarətsiz qoymuş və o idarə etdiyi “VAZ-21074” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin heyvanı vurmuş və nəticədə avtomobilinə maddi ziyan dəymişdir. Hadisə yerinə İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları gələrək yol nəqliyyat hadisəsinin müayinəsini apararaq xx.xx.2025-ci il tarixli “yol-nəqliyyat hadisəsinin sxemini” tərtib etmişlər və onun və cavabdehin izahatlarını almışlar. İnzibati xəta haqqında iş üzrə icraatın araşdırması zamanı Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 25 avqust 2025-ci il tarixli qərarı ilə Cavabdeh təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Hadisə nəticəsində avtomobilinə ziyan dəymişdir. Hadisə baş verdikdən, sxem tərtib edildikdən və DYP əməkdaşları tərəfindən qanuni şəkildə sənədləşdirildikdən sonra tərəfindən nəqliyyat vasitəsi öncə duracağa, daha sonra isə avtomobil təmiri emalatxanasına aparılmışdır. Təmir sexində nəqliyyat vasitəsi müayinə edilmiş və böyük bir siyahı (qüsur aktı) tərtib edilərək ona təqdim edilmişdir. Qüsur aktına əsasən ona məxsus olan nəqliyyat vasitəsinin təmiri üçün tələb edilən ehtiyyat hissələrinin ümumi dəyəri 1420 manat təşkil etmişdir. Həmin dəymiş ziyan məbləğini cavabdeh ona ödəməkdən imtina etmiş, tələb etməsinə baxmayaraq ziyanı ödəməkdən boyun qaçırmışdır. Cavabdeh avtomobilinə dəymiş ziyanı ödəmədiyindən sənədlərin hazırlanması üçün 50 manat xərc çəkmiş və məhkəməyə müraciət etmək üçün 35 manat dövlət rüsumu ödəmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi oğlu X3 təmsil etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi oğlu X3 məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh “VAZ- 21074” markalı ** ET *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat və ödənilmiş 35 manat dövlət rüsumu məbləğinin alınıb İddiaçı verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək İddiaçı “VAZ-21074” minik markalı ** ET *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin məbləğini azaldılaraq ondan dəymiş zərərə görə 1000 manat məbləğini tələb etməsinə etiraz etmədiyini, ancaq onun həmin maddi ziyan məbləğini ödəməyə maddi imkanı olmadığını bildirmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi oğlu X3 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı atası, Cavabdeh isə kəndçisidir. “VAZ Avtoservis” Mərkəzi tərəfindən verilmiş qüsur aktına əsasən avtomaşına dəymiş maddi ziyanın 1420 manat məbləğində olması müəyyən edilmişdir. Qüsur aktında avtomaşına dəymiş ziyan məbləğinin 1420 manat məbləğində hesablanması həqiqətdir və şişirdilmiş məbləğ deyildir. Avtomaşına dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh ilə aralarında razılaşma əldə edilmədiyindən məcbur qalaraq avtomaşını öz vəsaitləri hesabına təmir etdirmişlər. Cavabdeh maddi imkanının aşağı olmasını nəzərə alaraq avtomaşına dəymiş 1420 manat maddi ziyan məbləğini azaldaraq 1000 manat məbləğində müəyyən edilməsini və həmin məbləğin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Quşencə kəndində yaşayır. İddiaçı ilə həmkəndlidirlər. Avtomaşına dəymiş ziyanın 1420 manat məbləğində müəyyən edilməsi ilə razı deyildir. Hesab edir ki, avtomaşına dəymiş ziyan 1420 manat deyildir, daha az məbləğdədir və hesablanmış məbləğ şişirdilmiş məbləğdir. Maddi ziyanın ən böyük hissəsi ona dəymişdir. Belə ki, hazırda heç bir yerdə işləmir və maddi imkanı yoxdur. Mal-qara saxlamaqla ailəsini dolandırmış, təsərrüfatında olan yeganə mal heyvanı da iddiaçı tərəfindən məhv edilmişdir. İddiaçının avtomaşına dəymiş maddi ziyan məbləğini 1420 manatdan 1000 manata azaltmasına və həmin məbləği ondan tələb etməsinə etiraz etməsə də, ancaq onun hazırda həmin ziyanın məbləğini ödəməyə maddi imkanı yoxdur. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlər Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2010 olan, “VAZ 21074” minik markalı ** ET *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Saatlı şəhər sakini X1 adına qeydə alınmışdır. “VAZ 21074” minik markalı ** ET *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid olan foto şəkillərdən görünür ki, hadisə zamanı “VAZ 21074” minik markalı ** ET *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq ön hissəsi əzilmiş və nəticədə həmin avtomaşına maddi ziyan dəymişdir. Saatlı rayon Notariat Ofisi tərəfindən verilmiş, 05 noyabr 2024-cü il tarixli, reyestrdə 7E-12121 nömrə ilə qeydə alınmış etibarnamədən görünür ki, 05 noyabr 2024-cü il tarixdə mülkiyyətçi Saatlı şəhər sakini X2 tərəfindən İsmayıllı rayon Quşencə kənd sakini İddiaçı “VAZ 21074” minik markalı ** ET *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə verməyə dair 1 il müddətinə xx.xx.2025-ci il tarixədək 05 noyabr 2024-cü il tarixli, reyestrdə 7E-12121 nömrə ilə qeydə alınmış etibarnamə verilmişdir. İsmayıllı-Qəbələ yolu Servis sahibkar X5 tərəfindən verilmiş qüsur aktından görünür ki, ban nömrəsi XTA210740A3015065 olan, “VAZ Minik” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ehtiyyat hissələri və işçilik xərci ilə birlikdə ümumilikdə 1420 manat məbləğində müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 3(037)-265/2025 nömrəli qərarının surətindən görünür ki,Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirili bilinib 100 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 14221103 büdcə təsnifat kodu vasitəsilə 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövgeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Bu baxımdan iddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096 və 1097-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən müəyyən edildi ki, iddiaçı etibarnamə əsasında istifadəsinə verilmiş idarə etdiyi “VAZ-21074” minik markalı ** ET *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İsmayıllı rayonu, Quşencə kəndi yolunda hərəkətdə olarkən cavabdehə məxsus inəyin magistral yolda nəzarətsiz qalması nəticəsində qəza törətmiş, baş vermiş qəza nəticəsində sonuncunun istifadəsində olan avtomobilə maddi ziyan dəymişdir. İsmayıllı-Qəbələ yolu Servis sahibkar X5 tərəfindən verilmiş qüsur aktında ban nömrəsi XTA210740A3015065 olan, “VAZ Minik” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ehtiyyat hissələri və işçilik xərci ilə birlikdə ümumilikdə 1420 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi nəqliyyat vasitəsinə dəymiş 1420 manat ziyan məbləğinə münasibətdə iddia tələbinin həcmini azaldaraq 1000 manat müəyyən edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyan məbləğinə dair hissədə 1000 manat həddində təmin edilməlidir. Məhkəmə iddia tələbinin sənədlərin hazırlanması üçün ödənilmiş 50 manat xərcin cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən sənədlərin hazırlanması üçün ödənilmiş 50 manat xərci tələb etsə də, həmin xərcin çəkilməsini təsdiq edən qəbzi iddia ərizəsinə əlavə etməmiş və həmin xərcin çəkilməsi məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə təmin edilmiş tələbin məbləği 1000 manatdır. Ona görə də cavabdehdən 1000 manat və həmin məbləğə uyğun olaraq 30 manat ödənilmiş dövlət rüsumu da alınaraq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun qalan 5 manatı isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1000 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1030 (bir min otuz) manat pul alınıb İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan 5 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №2(037)-1296/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1296/2025
15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver