Məhkəmə qərarları › İş №2(037)-1297/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1297/2025

10.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1297/2025 10.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən istifadə və sahiblik hüququnun tanınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 10 sentyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu Lahıc qəsəbəsi Nizami Hüseynov küçəsi ev 51 ünvanında yerləşən yaşayış evindən istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbəsi Nizami Hüseynov küçəsi ev 51 ünvanda yerləşən mülk 1939-cu ildə vəfat etmiş Baxış Əlimərdan oğlunun mülkiyyətində və istifadəsində olan əmlak olub. Baxış Əlimərdan oğlunun övladları X3, X8, X4, Ağaməmə Baxış qızı, Minaxanım Baxış qızı və X9 olub. Əlimərdanov Mahmud vəfat edib, onun yoldaşı Klara, Əli Əlimərdanovun nəvəsi (07 iyun 1999-cu ildə vəfat etmiş qızı Şəkərmənin oğlu) İddiaçıdur, Mədinə Şıxıyevanın oğlu isə X6 olmuşdur. (hazırda hər ikisi vəfat edib), Fizzə Əlimərdanova, Ağaməmə Baxış qızı və Minaxanım Baxış qızının vərəsəsi yoxdur. İsmayıllı rayonu Lahıc qəsəbəsi ünvan 1 ünvanda yerləşən mülk bu günə qədər iddiaçının sahibliyindədir, belə ki həmin mülki illərdir sənətkarlara icarəyə vermişdir. Həmin ev heç vaxt X5 babası X1 mülkiyyətində olmayıb. Əksinə həmin ev Xalid Şıxıyevin atası tərəfindən deyil, anası tərəfindən babasının həyəti olub. Buna baxmayaraq torpaq islahatı zamanı Xalid Şıxıyev dövlət orqanlarına yanlış məlumat verərək həmin mülkün atası tərəfindən alındığını iddia edərək öz adına yazdırmışdır. Lakin həmin Baxış Əlimərdan oğluna və Əlimərdanovlara aid olduğunu nəzərə alaraq torpaq sahəsini Xalid Əlimərdanovun adı ilə qeyd ediblər. Əslində isə belə adam möcvud deyildir. Qeyd olunan ev İİ Dünya Müharibəsində vəfat etmiş X2 tərəfindən 1937-ci ildə inşa edilib. Lakin 2011-ci ildə iddia qaldırmış X7 iddia edirdi ki, həmin evi atası Abutalıb Şıxıyev 1936-1937-ci illərdə Məşədi Ağaməmməd alıb. Abutalıb Şıxıyev isə sadəcə Baxış Əlimərdan oğlunun qızı Mədinəni alaraq onunla evlənib və həmişə İsmayıllı şəhərində yaşayıb. Xalid Şıxəliyev həmin evi atasının Məşədi Ağaməmədən aldığını iddia etsə də, onu qeyd etmir ki, Məşədi Ağaməmə onun doğma və iddiaçının babası Əlinin xalasıdır, yəni Abutalıb Şıxıyevin arvadı Mədinə Əlimərdanovun bacısı, Baxış Əlimərdan oğlunun isə qızıdır. Baxış Əlimərdan oğlu 1939-cu ildə ölüb, yəni 1937-ci ildə o sağ ola-ola onun evini Abutalib Şıxıyevin onun qızından alması inandırıcı deyil. İddiaçının anası Şəkərmə Əlimərdanova (evləndikdən sonra Cavadova) 1947-ci ildə bu evdən ərə gedib. İddiaçı istinad etdiyi qanunvericilik normalarına əsasən hesab edir ki, İsmayıllı rayonu Lahıc qəsəbəsi ünvan 1 ünvanda yerləşən mülkün həyətyanı torpaq sahəsinin bütünlüklə Əlimərdanov Xalid adlı mövcud olmayan şəxsin adına yazılması düzgün deyildir. Xalid Şıxıyev vaxtı ilə adların eyniliyindən istifadə edib bu torpaq sahəsinin ona aid olmasını məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə nail olsa da, daha sonra bu qətnamə yuxarı məhkəmə tərəfindən ləğv edilmişdir. Hazırda cavabdehlər bu torpaq sahəsinin yenidən Xalid Şixəliyevə aid olmasını müəyyən etmək istəyirlər. Həmin torpaq sahəsi bir vərəsə kimi iddiaçının qanuni sahibliyindədir. Belə olan halda həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının: 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.6-cı bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 1.7-ci bəndində göstərilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, iş üzrə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində əsas məqsədi mübahisəli əmlaka dair mülkiyyət hüququnu əldə etməkdir. Həmin əmlaklara dair mülkiyyət hüququna dair sənədi almaq məqsədilə iddiaçı ilk növbədə Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etməli, iddiaçının müraciəti təmin edilmədiyi halda həmin təşkilatın hərəkət və ya hərəkətsizliyindən aidiyyatı üzrə İnzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qanunvericiliyin tələbinə görə ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasına, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğuna dair sübutları ərizəyə əlavə etməlidir. Eyni zamanda mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Göründüyü kimi iddiaçı iddia icraatı qaydasında məhkəməyə müraciət etsə də, iddia ərizəsinin xahiş etdi hissəsində sözügedən əmlaka istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Lakin qanunvericilikdə həmin faktın müəyyən edilməsi isə mübahisəli əmlaka dair ərizəçidə mülkiyyət hüququnu təsdiq edən sənəd olmadıqda və həmin əmlaka dair sənədin məhkəmədən kənar qaydada bərpası mümkün olmadığı halda həmin faktın təsdiq olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddiaçı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. İddiaçı izah edilir ki, inzibati icraat qaydasında ərazi aidiyyatı üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-153, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən istifadə və sahiblik hüququnun tanınması tələbinə dair iddia ərizəsinin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 100 (bir yüz) manat (xx.xx.2025-ci il tarixli, qəbzin nömrəsi: **********) dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron kabinet vasitəsilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar