Məhkəmə qərarları › İş №2(037)-1300/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1300/2024

18.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1300/2024 18.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 18 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 375 manat vurulmuş maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 405 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İsmayıllı rayon Bizlan kəndində yaşayır. Evində olan "DAEWO” markalı paltaryuyan maşın xarab olduğundan İsmayıllı şəhərində paltaryuyan maşınların təmiri sexi olan Cavabdeh yanına gətirmişdir. Təmir xərci ümumilikdə 160 manat olub, həmin məbləği kart vasitəsi ilə cavabdehə ödəmişdir. Cavabdehə təmir xərcinin baha olmasını, ondansa təzəsini almağın daha sərfəli olmasını bildirmişdir. Cavabdeh cavabında artıq maşında heç bir problemin qalmadığını, maşının elə təzə kimi olduğunu, arxayın olmasını, bir neçə il problemsiz işlədəcəyini bildirərək onu inandırmışdır. Lakin paltaryuyan maşını aparıb quraşdırdıqdan sonra cəmi 15-20 gün işlədikdən sonra matoru yanmışdır. O, yenidən paltaryuyan maşını cavabdehin yanına gətirərək maşının xarab olduğunu bildirmişdir. Cavabdeh maşının sexdə qalmasını, ona baxıb söz deyəcəyini bildirmişdir. Bir neçə gün sonra cavabdeh ona zəng vurub dedi ki, maşının matoru yanıb, motora və plataya 145 manat xərc tələb olunur. O, başqa bir ustadan vəziyyəti danışıb məsləhət aldıqda bildirdi ki, işi görən usta paltaryuyan maşının barabanını çox sıxıb və nəticədə motor və plata gücə düşərək yanmışdır. Bu səbəbdən o cavabdehdən ödədiyi 160 manatın qaytarılmasını tələb etmişdir. Lakin bir neçə dəfə kənddən şəhərə gələrək ustadan pulunu tələb etsə də müsbət nəticəsi olmamışdır. O, paltaryuyan maşını xarab olduqdan sonra kənddə ustaya 10 manat verib sökdürmüş və qaytarandan sonra da 10 manat verib yerinə quraşdırtmışdır. Bundan əlavə paltaryuyan maşını ustaya gətirmək, aparmaq və sonradan yenidən ustaya gətirmək və pulunu almaq üçün gəlib-getməyə 50 manat benzinə pul vermişdir. Bütün bunların nəticəsində 160+145+10+10+50=375 manat, eyni zamanda iddianın verilməsi üçün 30 manat da nəzərə alınmaqla 405 manat zərər çəkmişdir. Hesab edir ki, cavabdehdən 375 manat vurulmuş maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 405 manat məbləği alınaraq ona verilməlidir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında əsasən iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İsmayıllı Rayon Dövlət X1 çalışır. Eyni zamanda işdən kənar İsmayıllı şəhərində yerləşən sexində məişət avadanlıqlarının təmiri ilə məşğul olur. O, məişət avadanlıqlarının təmiri ilə məşğul olmaq üçün kurs keçmişdir. İddiaçı ona zəng edərək paltaryuyan maşınının xarab olduğunu bildirmişdir. İddiaçı onunla telefonla danışdıqdan sonra paltaryuyan maşını işlədiyi sexə gətirmişdir. O, iddiaşıya məxsus paltaryuyan maşına baxış keçirdikdən sonra maşının təmiri üçün 170 manat xərc tələb olunduğunu bildirmişdir. İddiaçı ona təmir xərcinin baha olduğunu bildirdikdən sonra təmir xərcindən 10 manat çıxaraq 160 manata razılığa gəlmişlər.O, iddiaçının razılığı ilə paltaryuyan maşını təmir edərək sonuncuya təhvil vermişdir. Həmin vaxtdan 3 ay keçdikdən sonra iddiaçı ona zəng edərək maşının işləmədiyini bildirmişdir. O, iddiaçıya maşını sexə gətirdikdən sonra baxış keçirib işləməməsinin səbəbini deyə biləcəyini bildirmişdir. İddiaçı maşını işlədiyi sexə gətirmiş, sexdə maşına baxış keçirdikdən sonra nəticədə məlum olmuşdur ki, maşının işləməməsi onun düzəltdiyi hissədən deyil, yüksək enerji səbəbindən matorunun yandığı məlum olmuşdur. O, iddiaçıya maşında olan problemin həlli üçün 45 manat tələb olunduğunu bildirmişdir. Bundan sonra iddiaçı ilə aralarında narazılıq yaranmış və sonuncu polis əməkdaşı ilə işlədiyi sexə gəlmişdir. O, polis əməkdaşına paltaryuyan maşında olan problemin onun nöqsanı üzündən baş vermədiyini, yüksək gərginlik nəticəsində matorunun yandığını bildirmişdir. İddia tələbinə münasibət bildirirək qeyd edir ki, iddiaçıya məxsus paltaryuyan maşının matorunun sıradan çıxması onun təqsiri üzündən deyil, yüksək gərginliklə işləməsi nəticəsində baş vermişdir.O, iddiaçıya 375 manat maddi zərər vurulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir.Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda,məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi,yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi,əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur.Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur.Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin 375 manat ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı»iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı tərəfindən paltaryuyan maşının matorunun yanması, matorun yanmasının məhz hazırki tələb üzrə cavabdehin barabanın çox sıxılması nəticəsində baş verməsi barədə məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçının qeyd olunanlar barəsində göstərdikləri onun özünün izahatından başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya məxsus paltaryuyan maşının matorunun sıradan çıxması onun təqsiri üzündən deyil, yüksək gərginliklə işləməsi nəticəsində baş verməsi cavabdeh tərəfindən qeyd edilmiş, lakin bütün bunların əksini təsdiq edəcək sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan başqa cavabdeh məhkəmə iclasında paltaryuyan maşının ehtiyat hissəsini (baraban diyircəklərini) gətirərək, eksperimental olaraq bunun hansı şəkildə sıxılmasından asılı olmayaraq matora hər hansı zərər yetirə bilməyəcəyini nümayiş etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar